ABŞ Ağdam-Xankəndi marşrutunu dəstəkləyir
Diaspora

ABŞ Ağdam-Xankəndi marşrutunu dəstəkləyir

İyulun 29-da Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub.

Telefon danışığında İlham Əliyevin konkret ritorikası ilk diqqətçəkən məqam olub. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.

Dövlət başçısı Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə təklifin təqdim edildiyini xatırladıb. Prezident İlham Əliyev Ermənistan tərəfinin Laçın sərhəd-keçid məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd etməsi, icazəsiz yük avtomobillərini Azərbaycana göndərməsi məsələsinə də diqqət çəkib. Həmçinin bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa Birliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Yekunda o da vurğulanıb ki, erməni tərəfinin "humanitar vəziyyət" və "blokada" ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Həqiqətən də Ermənistanın Azərbaycanın razılığı alınmadan Qarabağdakı erməni icması üçün "humanitar yardım" adı ilə 19 yük maşınını sərhədimizə göndərməsi İrəvanın "humanitar şou"sundan başqa bir şey deyil. Çünki guya humanitar böhran yaşayan Qarabağ ermənilərinə yardım aparmaq niyyətində olan və hazırda Laçın sərhəd-buraxılış məntəqəsində növbə gözləyən tırlar haqqında yeni detallar üzə çıxıb. Məlum olub ki, sözügedən tırların məxsus olduğu Spayka şirkəti əvvəlki Ermənistan rəhbərləri Serj Sarkisyan və Robert Köçəryanla bağlıdır.

Görünən odur ki, şirkət Ermənistanın indiki rəhbərliyi timsalında özünə yeni havadarlar qazanıb, onların sifarişlərini yerinə yetirir. Yəni qeyri-qanuni əməllərindən əl çəkməyən Ermənistan yenidən "humanitar şou" yaratmaqla öz çirkin siyasətini davam etdirir. Amma Azərbaycan istər 138 gün davam edən eko-aksiyalar zamanı, istərsə də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra sərgilədiyi davranışları ilə göstərdi ki, yol humanitar məqsədlər üçün hər zaman açıqdır.

Bu həqiqətlərdən Birləşmiş Ştatların da agah olması Entoni Blinkenin danışığında da özünü göstərib. Belə ki, dövlət katibi öz növbəsində Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib. Vaşinqton rəsmisi Laçın sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Birləşmiş Ştatların dövlət katibi qeyd edib ki, Bakı erməni əhalisinin keçidi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xəstələri daşıması üçün Laçın postunu açıq saxlayır və Vaşinqtonun istədiyi tranziti təmin edir. Burada bir məqama xüsusilə diqqət çəkmək lazımdır. Belə ki, Azərbaycan yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Blinkenin açıqlamasını da Birləşmiş Ştatların Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik. Bu isə rəsmi Bakının diplomatik masalarda yeni rıçaqlar qazanması baxımından əhəmiyyətlidir.

Jalə QASIMZADƏ,

"Respublika".