XARİCİ QHT-lər AĞDAM-XANKƏNDİ YOLUNUN AÇILMASINA DAİR ÇAĞIRIŞ EDİR
Diaspora

XARİCİ QHT-lər AĞDAM-XANKƏNDİ YOLUNUN AÇILMASINA DAİR ÇAĞIRIŞ EDİR

Bir qrup xarici QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin "Jotform" beynəlxalq platformasında başlatdığı "Qafqazda sülh naminə dünya" (World for Peace in Caucasus) beynəlxalq kampaniyası davam edir.

Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinə müraciətdə Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymamaq və sülhün təmin edilməsi məqsədilə Ağdam-Xankəndi yolunu açmaq tövsiyə olunur. "Trend"in verdiyi məlumata görə, müraciətə qoşulanlar hesab edirlər ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlər Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə verdiyi müsbət mesajları düzgün dəyərləndirməyi bacarmalıdırlar. Dünyanın müxtəlif ölkələrindən müraciəti imzalayan vətəndaş cəmiyyəti nümayəndələrinin sayı 1000 nəfərə çatıb. Onlar 42 ölkəni təmsil edirlər. Bir neçə gün əvvəl bu ölkələrin sayı 27 idi.

UAid Fondunun (Qambiya) sədri Alhagi Manne sülhə nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayaraq bu təşəbbüsü dəstəklədiyini bildirib:

"Mən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini dəstəkləyirəm və əlbəttə ki, davamlı inkişaf problemlərinin həlli istiqamətində hökumətin səylərinin həyata keçirilməsinə öz töhfəmi verirəm. Bu gün mən sülhdən danışmaq üçün buradayam. Məyusedicidir ki, bu gün dünyanın bir çox yerində zorakılığı və müharibələri görə bilirik. Odur ki, biz əməkdaşlıq edib nəticə əldə etməli və daha faydalı olmalıyıq".

Rumıniyalı Ekaterina Bordeianu bildirib ki, gərginliyi süni şəkildə qızışdırmağa, "blokada" və "humanitar böhranı" səhnələşdirməyə ehtiyac yoxdur.

"Azərbaycanda çoxlu dostlarım var, ona görə də uzun illərdir ki, regionda baş verənləri diqqətlə izləyirəm. "Blokada" haqqında deyilənlər həqiqətdən uzaqdır. Laçın yolu qeyri-qanuni hərbi fəaliyyət, yaxud bu ərazidən təbii sərvətlərin, resursların daşınması üçün deyil, sırf humanitar məqsədlər üçün nəzərdə tutulmuşdu". Bordeianu xatırladıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsinin guya "qanunsuz olması" və "bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması" tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib. O, əlavə edib ki, "Ermənistanın dəfələrlə Qarabağı Azərbaycan ərazisi kimi tanıması faktını qeyd etməmək mümkün deyil".

İqtisadi Sülh Mərkəzinin (İsrail) təsisçisi və prezidenti Ayub Kara Qarabağın erməni əhalisinin ehtiyacları üçün ərzaq məhsulları göndərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dəstəyini ifadə edib.

"İsrailin keçmiş rabitə naziri kimi mən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağa ərzaq çatdırmaq səylərini dəstəkləyirəm və buna maneçilik törətməyə çalışanları pisləyirəm. Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün hər şeyi edirəm", - deyə o, bildirib.

"Afrikada biznesin və innovasiya dayanıqlı inkişafı" təşkilatının prezidenti zambiyalı Edvard Mvaba Ndalama qeyd edib ki, Cənubi Qafqaz regionunda yaşayan insanlar sülhə layiqdirlər. "Mən Qafqazda sülhü dəstəkləyirəm. Bizə sülh lazımdır ki, harada olmağımızdan asılı olmayaraq azadlığımızı itirməyək. Sülh olmadan iqtisadi azadlığı təmin etmək mümkün deyil", - o, əlavə edib.