Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilmiş tədbir
Diaspora

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilmiş tədbir

Türkiyə

Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən, İstanbulda "Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası" mövzusunda tədbir keçirilib.

İstanbul Universitetində təşkil olunan tədbirdə ilk öncə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, sonra M.Ə.Rəsulzadənin və Cümhuriyyətin digər qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyənin Yeditepe Universitetinin professoru İbrahim Yıldırım, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və digər qurumların nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən danışıblar. Çıxışlarda M.Ə.Rəsulzadənin dəyərli mütəfəkkir olduğu vurğulanmaqla fikirlərinin, millətçilik, demokratiya və azadlıq məsələləri ilə bağlı əsərlərinin Azərbaycan tarixində yer aldığı bildirilib. Natiqlər XIX əsrin sonu XX yüzilliyin əvvəllərində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və bu insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolunun hər zaman yaddaşlarda əbədi yaşayacağını vurğulayıblar.

Sonra M.Ə.Rəsulzadənin ev-muzeyini özündə əks etdirən saytı ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib. Bu günlərdə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı çərçivəsində aparılıb. Kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümündə Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyasi xadimin məzarını ziyarət edərək onun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.