Ağ günlərinə qovuşan Ağdam
İqtisadiyyat

Ağ günlərinə qovuşan Ağdam

1930-cu ildə yaradılan Ağdam rayonu Qarabağın inkişaf etmiş, gözəl ərazilərindən biri idi.  Adından da göründüyü kimi, ağ damların bəzək verdiyi şəhərin adı qədim türk dilində "kiçik qala" deməkdir. Qədim zamanlarda türk qəbilələri düşməndən qorunmaq üçün bu kiçik qalanı tikmişlər. Ərazinin əlverişli olması Qarabağ xanı Pənahəli xanın diqqətindən qaçmamış, XVIII əsrin əvvəllərində burada özünə ağ daşdan imarət tikdirmiş, elə o vaxtdan da  imarət Ağdam adlandırılmışdır.  Zaman keçdikcə bu kiçik qala sürətlə inkişaf edərək Qafqazda ilk şəhər tipli yaşayış məskəni və ən zəngin abidələri olan yerlərdən birinə çevrilmişdir. Əsasən düzənlik, qismən də dağlıq ərazidə yerləşən Ağdam keçmiş sovetlər dövründə şöhrətli şəhər olmuşdur. El deyimində deyildiyi kimi, "Qarabağda uşaq ağlayanda muğam üstə ağlayır" məsəli, əsasən bu rayona şamil edilmişdir. Çünki Azərbaycan mədəniyyətində, incəsənətində tanınmış  xanəndə və müğənnilərin əksəriyyəti məhz bu ərazinin yetirmələri olmuşdur.  Qarabağın mərkəzində, aranla dağı birləşdirən əlverişli coğrafi məkanda yerləşən Ağdamda kənd təsərrüfatı da inkişaf etmişdir.

Ermənistanın işğalından ən çox zərər görən ərazilərimizdən biri də Ağdam rayonu olmuşdur. Ermənistanın xain planlarının və xəbis niyyətinin qurbanı olan Qarabağ Qərbi Azərbaycan əraziləri boşaldıqdan sonra mərhələli şəkildə işğala məruz qalmışdır. 1993-cü il iyul ayının 23-də Ağdam uğrunda 42 gün davam edən qeyri-bərabər döyüşdə rayonun ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı düşmən arxalandığı "dayaqları" sayəsində güclü idi, ağdamlılar onların qarşısında böyük qəhrəmanlıq və şücaət göstərmişlər. Həmin döyüşlər zamanı Ağdam 6 mindən artıq şəhid vermişdir. İşğal nəticəsində rayonunun 128 min sakini məcburi köçkün kimi respublikanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Vəhşi düşmən digər işğal etdiyi rayonlarda olduğu kimi, Ağdamda da böyük dağıntılar törətmiş, rayon ərazisində yüzlərlə məktəb, idarə, klub, muzey, sənaye obyektləri, eyni zamanda  tarixi, mədəni və dini abidələrimiz dağıdılmış və təhqir edilmişdir. Dünyada ikinci olan Çörək Muzeyi də  dağıdılaraq yerlə-yeksan edilmişdir.

İkinci Qarabağ müharibəsində  ağdamlıların da yurd həsrətinə son qoyuldu. 2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti cəbhəboyu hücumuna Azərbaycan ordusu layiqli cavab verərək cəmi 44 günə işğal altında olan torpaqlarını azad etdi. Ağdam rayonu da Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü yüksək siyasi gediş nəticəsində bir güllə atılmadan işğaldan azad edildi. 20 noyabr 2020-ci il Ağdamın ağ günlərinə qovuşduğu gün kimi tarixə yazıldı. 10 noyabrda imzalanan üçtərəfli Bəyanatdan sonra dinc yolla azad edilən Ağdamın qələbə sevincini dövlət başçısı xalqına belə çatdırdı: "Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq".

Azadlığına qovuşmasından cəmi üç gün sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər etdi. Daşı daş üstə qalmayan şəhərin görkəmi hamını təəssüf hissində boğdu. Ölkə başçısı gördüyü mənzərədən məyus olaraq Ağdamı  "ruhlar şəhəri" adlandırdı. Lakin ilk müjdəni də xalqa çatdırdı. Ağdam yenidən qurulub, öz şöhrətinə qovuşacaq.

Bəli, Azərbaycan dövləti əzmlə işğaldan azad etdiyi  əraziləri yenidən daha gözəl formada tikib qurur. Qarabağ və Şərqi Zəngəzur bölgəsi yaxın gələcəkdə Cənubi Qafqazın inkişaf etmiş məkanlarından birinə çevriləcək. 2021-ci il 28 may tarixində Respublika Gününü Ağdamda qeyd edən ölkə başçısı şəhərin Baş Planını təsdiq etdi. Həmin gündən də yeni, daha müasir və modern formada Ağdam inşa edilməyə başladı,  tikinti-quruculuq işləri sürətlə davam edir. Dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxış edən Prezident İlham Əliyev yaxın zamanlarda Ağdamda "İmarət" stadionunun da yenidən tikilib bərpa ediləcəyini qeyd etdi. Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər edərək dördüncü və beşinci yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Sonra isə ölkə başçısı "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak edib. Onu da qeyd edək ki,  Xocalı rayonu ilə sərhəddə yerləşən Şelli kəndi ərazisində "AzərEnerji" tərəfindən 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyası inşa edilib. "Ağdam" qovşaq yarımstansiyasına "Ağdam-1" yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib. Bu stansiya vasitəsilə Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Xankəndi və bəzi kəndlər elektrik enerjisi ilə təmin olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində "İmarət" Kompleksində aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Tikinti-quruculuq işləri ilə yanaşı, şəhərdə gələn ildən etibarən Böyük Qayıdış planına uyğun olaraq sakinlərin köçürülməsi prosesi də həyata keçiriləcək. Ağdam yenidən dirçələrək öz əzəli və əbədi şöhrətinə qovuşur. Müharibədən sonra Ağdam rayonunda olan xarici və yerli jurnalistlər rayonun bu halından heyrətə gələrək  Ağdamı Qafqazın Xirosiması adlandırmışlar. Belə ki, qədim abidələrlə zəngin olan Ağdam rayonu erməni vandalları tərəfindən demək olar ki, yerlə-yeksan edilmişdi. Bu gün isə qarşımızda daha möhtəşəm və yeni ağ damlarla zəngin Ağdam var. Şəhərdə aparılan tikinti-quruculuq işləri yalnız bunlarla məhdudlaşmır. Dövlət başçısının səfəri çərçivəsində Ağdam şəhər Mərkəzi parkının da təməli qoyulub. Məlumdur ki, düşmən işğal dövründə bölgənin təbiətinə, yaşıllıq zolaqlarına,  zəngin meşə təsərrüfatına da ciddi ziyan vurub. Bu baxımdan, şəhərdə salınacaq yaşıllıq parkı da olduqca böyük əhəmiyyət kəsb edir. Ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması ərazilərin yenidən daha sağlam və təmiz ekoloji məkana çevrilməsinə təkan verəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".