Su ehtiyatı yaratmaq əsas şərtlərdəndir
İqtisadiyyat

Su ehtiyatı yaratmaq əsas şərtlərdəndir

Hər il mart ayının ilk günlərindən ölkədə su çatışmazlığı, qarşıdan gələn isti havalarda susuzluğun problem yaradacağı barədə bir-birinin ardınca eşidilən xəbərlər haqlı narahatlıq yaradır. Kür çayının Salyan və Neftçala ərazisindən keçən hissəsində suyun tamamilə azaldığı, Mingəçevir dənizində suyun səviyyəsinin bir neçə metr aşağı düşməsi, digər məsələlər barədə həyəcan təbili səslənir.

Bu xəbərlərin hamısında müəyyən qədər həqiqətlər var və biz mətbuat səhifələrində Cənubi Qafqazda Azərbaycana daxil olan su ehtiyatlarının 70 faizinin qonşu ölkələrdən gəldiyi, yalnız 30 faizinin daxili imkanlar hesabına əldə edildiyi barədə yazılar yazıb, fikir mübadiləsi aparmış, mütəxəssislərin rəylərinə əsaslanıb problemi çözməyə çalışmışıq. Əvvəlcə onu qeyd edək ki, keçən ilin təxminən bu vaxtlarında narahatlıq doğuran daha vacib məsələ - Kürün deltasında dəniz suyunun Neftçala və Salyan istiqamətində çay yatağı ilə təxminən 25 kilometr irəliləyib suyun şorlaşması, bununla da şirin sudan istifadənin mümkünsüzlüyü barədə səslənən fikirlər idi.

Artıq bu problem həllini tapıb, Kürün Xəzərə tökülən hissəsində - deltada bəndlər qurulub ki, bununla da çay yatağına dəniz suyu axınının qarşısı alınıb. Digər problemlərin əksəriyyəti necə deyərlər, "dondurulmuş" halda qalmaqdadır. Vəziyyət həqiqətən ürəkaçan deyil. Normal suvarma suyu ala bilməyən Saatlı fermerləri pambıq əkini sahələrinin həcmini ildən-ilə azaldırlar. Taxıl, bostan-tərəvəz, digər bitkilərdə də məhsuldarlıq aşağı düşür.

Hər il olduğu kimi yenə də sudan qənaətlə istifadə olunması vəziyyətdən əsas çıxış yolu hesab olunur. Suya qənaət vacib şərt olsa da problemin yalnız bir hissəsidir. Beynəlxalq aləmdə təsdiqini tapmış ölçülər var; gün ərzində hər bir insan təxminən 2 litr su içməli, 310 litr suyu isə məişətdə işlətməlidir. Hər nə qədər qənaət olsa da bunlar insanın yaşam tərzidir. Suya qənaətdən də daha vacib su itkisinin qarşısının alınmasıdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri tamamilə haqlı olaraq torpaq məcralı kanallarda suvarma suyunun itkisinə yol verildiyini göstərirlər. Son illərdə bir sıra ərazilərdə torpaq məcralı suvarma kanallarına beton üzlüklər çəkilsə də, bu, hələ tam deyil. Başqa bir mümkün variant istismar müddətini çoxdan başa vurmuş mövcud su anbarlarının əsaslı təmir olunub normal işlək vəziyyətə gətirilməsidir. Nümunə kimi belə anbarlardan biri Pirsaat Su Anbarıdır.

Suvarma suyunun növbəlilik əsasında, fermerlərlə razılaşdırılıb tərtib olunmuş cədvəllə əkin sahələrinə ötürülməsi vacib şərtlərdəndir və bu sahədə artıq yaxşı təcrübə əldə edilmişdir. Biz qəzetimizin ötən saylarında dərc edilmiş yazılarda Hacıqabul, Cəbrayıl, Sabirabad suvarma idarələrinin təcrübəsindən söz açmışıq.

Coğrafi baxımdan su qıtlığı respublikanın bütün ərazilərinə şamil edilmir. Məsələn, cənub zonasının əkin sahələri dəmyə torpaqlar olduğundan burada suvarma suyuna az ehtiyac duyulur. Qış aylarında və martın ilk günlərində bu ərazilərə düşən qar və yağış suyu əkin sahələri üçün suya olan tələbatı ödəyib.

Mərkəzi Aran rayonlarında isə su çatışmazlığı qabarıq şəkildə özünü büruzə verir. Bu ərazilərdə qış aylarından başlayaraq ehtiyat su tədarükü görmək lazım gəlir. Mütəxəssislər bundan ötrü müxtəlif yerlərdə su dəryaçalarının yaradılmasını məsləhət görürlər. Yeri gəlmişkən deyək ki, 70-80-ci illərdə respublikanın ən iri üzümçülük rayonlarından olan Şamaxıda belə dəryaçalar yaradılmışdı, dağlardan axan çaylar yayda qurusa da, bu bölgədə suvarma suyuna ehtiyac duyulmurdu.

Yuxarıda dediyimiz kimi, ilin bu vaxtında, su qıtlığından gözlənilən narahatlıq məqamında xeyli təkliflər səslənir. İri şəhərlərdə yağış və kanalizasiya suyunun təmizlənib məişətdə, əkinçilikdə işlədilməsi, dəniz suyunun duzsuzlaşdırılıb istifadəyə yararlı hala gətirilməsi kimi təkliflər xeyli cəlbedici təsir bağışlasa da, hələlik gözlənilən susuzluq fəsadı problem olaraq qalır.

Nəhayət, dünyanı bürüyən qlobal istiləşmənin yaratdığı çətinlikdən əziyyət çəkən təkcə biz deyilik. Sosial şəbəkədən oxuyuruq: "Qərbdə su problemi daha da pisdir və insanlar, məsələn, Belçikada yağış suyundan evdəki məqsədlər üçün istifadə edirlər".

Bütün bu deyilənləri nəzərə alaraq qarşıdan gələn payız-qış aylarında torpağa düşən bol yağış-qar suyundan səmərəli istifadə edib su ehtiyatı yaratmaq (Hacıqabul rayonundakı Udulu kəndinin təcrübəsi buna ən yaxşı nümunədir) vacib şərtlərdəndir.

Tofiq HÜSEYN,

"Respublika".