AHİK gənclərin iştirakı ilə konfrans keçirib
Sosial həyat

AHİK gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.

Xaçmaz rayonunun Nabran kəndində yerləşən "Təhsil" istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.

Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: "Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız".

Həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi".

Səttar Möhbalıyev əlavə edib ki, ölkəmizin hər bir uğurunun təməlində Heydər Əliyevin siyasi kursu dayanır: "Ulu Öndərin zəngin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndər siyasətini uğurla gerçəkləşdirir, bu irsi ləyaqətlə yaşadır. Bu işdə gənclərimiz daha fəal olmalıdır. Əminik ki, Heydər Əliyevin irsi bundan sonra da doğma Azərbaycanımızın yeni zirvələr fəth etməsinə parlaq işıq tutacaq".

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə, o cümlədən Xaçmazda təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından və gənclər siyasətindən söz açıb".

Elnur Rzayev vurğulayıb ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər gənclərə diqqət göstərilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov isə çıxışında Ulu Öndərin təhsil siyasətindən, bu sahə üzrə keçirdiyi islahatlardan, əsasən peşə təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Daha sonra Vətən müharibəsi qazisi, İqtisad Universitetinin tələbəsi Xəyyam Qədiməliyev və Nigar Hüseynzadə, Dillər Universitetinin tələbəsi Zeynəb Salmanova, Memarlıq və İnşaat Universitetinin tələbəsi Leyla Məmmədli, Bakı Mühəndislik Universitetinin tələbəsi Səbuhi Rüstəmov, Neft və Sənaye Universitetinin tələbəsi Rəşid Əliyev və digərləri çıxış edərək Ümummilli Liderin milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlardan, ordu quruculuğundan, onun müdrik rəhbərliyi sayəsində ölkəmizin qazandığı fundamental nailiyyətlərdən, həmçinin hazırda Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən və 44 günlük Vətən müharibəsində gənclərin rəşadətindən danışıblar.

"Respublika".