Qürurla anırıq: Adil İbrahimli
Sosial həyat

Qürurla anırıq: Adil İbrahimli

Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan xalqının birliyini, mübarizliyini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandan kimi ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2015-ci ildə Hərbi məktəbini bitirərək Leytenant rütbəsini alıb. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-yə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə "Komando" kursunu fərqlənmə ilə bitirib.

Adil ailəsinin ortancıl övladı olub. Uşaqlıqdan bəri vətənpərvərliyi və dinə imanı ilə yaşıdlarından seçilib. Adil İbrahimlinin atası Asəm bəy də Birinci Qarabağ müharibəsinin qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Deyir ki, Adilin uşaqlıqdan hərbiyə marağı var idi. Atasının yolunu davam etdirmək istəyirdi: "Mən fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. 1988-ci ildən bu günə qədər şəhid olan Adil kimi igidlərin ruhları şad olsun! Adil barədə hər zaman gözəl sözlər deyilirdi. Hikmət müəllimlə görüşəndə mənə dedi ki, "Sağ ol ki, belə igid böyütmüsən". Müharibə zamanı Adillə iki dəfə danışdıq. Birincisi oktyabrın 20-də idi. Onda həyat yoldaşının qardaşı Elton Qənbərli şəhid olmuşdu. Xəbərin düzgünlüyünü bizdən soruşurdu. "Vətən sağ olsun" dedi. İkinci dəfə isə oktyabrın 30-da danışdıq. Dedi ki, "ata, işlərmiz yaxşıdır. Təlimlərimiz yaxşı gedir". Heç vaxt "döyüş" deməzdi. Tezliklə gələcəyini deyirdi. O, xidməti dövründə Orduda, elə bir tərbiyə almışdı ki, heç nəyi bizimlə bölüşməzdi. Neçə müddət təlimlərdə oldu, bir dəfə demədi ki, döyüşə gedirik.

Oğlunun şəklinin Ali Baş Komandanın əlində olmasından qürur duyan Asəm İbrahimli sözünə davam edir: "Vətən sağ olsun! Sağ olsunlar, şəhidlərimizi yüksəkdə tuturlar. 2021-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Prezident, Ali Baş Komandan İlham Əliyev oğlumun şəklini əlində tutduğu üçün minnətdaram, qürur duyuram. Biz Adilin şəklinin ön sıralarda olacağını bilirdik, amma Prezidentimizin onu tutacağını bilmirdik. Bu, çox qürurlu bir an idi".

Adilin həyat yoldaşı Nargül xanım onu 12 yaşından bəri tanıyır. Evlilikləri cəmi üç il olsa da, onların sevgisi uzun bir yol qət edib. Nargül söyləyir ki, toyumuzdan bir həftə sonra təlimə getdilər. Heç bir ad günlərini, heç bir evlilik ildönümlərimizi birlikdə keçirə bilmədik. Daim kurslarda, təlimlərdə oldu. Həsrət çəkdik. İndi də məni ömürlük həsrətdə buraxıb getdi".  Adil, həqiqətən, cavan olmasına baxmayaraq, peşəkar hərbçi olub. Son vəzifəsi isə Qrup komandiri və Baş kəşfiyyatçı idi. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, necə son damla qanınadək vuruşmasından danışır. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da qəhrəmancasına vuruşub.

2020-ci ilin noyabrın 7-də Adil Böyük Qələbəyə saatlar qalmış şəhidlik zirvəsinə yüksəlir. Noyabrın 20-də Bakıda II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Adil İbrahimli ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr tarixli Sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür. Həmçinin, "Vətən Uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bu ailənin hərb sevgisi 39 illik hərbçi əmisi olan HHQ-nin şöbə rəisi, polkovnik Elman İbrahimovdan gəlir. Adil də, Elton da ona oxşamaq istədikləri üçün hərbçi olublar. Əmisi Elman İbrahimov deyir ki, Adil, Elton, İbrahim və onların bütün yoldaşları, bütün şəhidlərlə fəxr edirəm. Onların qanı yerdə qalmayıb. Biz bütün dünyada başıaşağı idik, lakin indi onların sayəsində alnıaçığıq". İndi Adildən geriyə iki körpə balası və xatirələri qalıb. Məhz o xatirələrlə yaşayıb, yaşadacaqlar...   

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" Adil Asəm oğlu İbrahimlinin adı verilmişdir.

Adil yaşasaydı bu gün 30 illiyini qeyd edəcəkdi. Lakin... Qisməti şəhidlik imiş.

Müşfiq MİRZƏ,

"Respublika".