Masallıda şəhid ailəsi təzə ili yeni mənzildə qarşılayır
Sosial həyat

Masallıda şəhid ailəsi təzə ili yeni mənzildə qarşılayır

Qarabağa erməni dığaları ədalətsiz təcavüz edəndə Vətənin harayına səs verən qeyrətli, mətin oğlanların sırasına Yavər Ağayev də könülü olaraq qoşulub. Özü də doğma Azərbaycanın hər qarışını canı, qanı bahasına qorumağa and içib. Yavər çox oddan-alovdan keçib, həmişə düşmən önündə əsl qəhrəmanlıq nümunəsi göstərib. Qəlbində Vətən sevgisi olan, ölümə meydan oxuyan igid döyüşlərdə erməni faşistlərin kabusuna çevrilib. Neçə-neçə ağır döyüşlərdə zəfərlə çıxan Yavər 1992-ci il noyabrın 6-da Zəngilanın Qazançı kəndi uğrunda gedən savaşda qəhrəmancasına şəhid olub.

İndi həmin gündən düz 31 il keçir. Vətən yolunda can qoyub, ömrünün 20-ci ilində ölümsüzlüyə qovuşan Yavər Balaxan oğlu Ağayev 1972-ci ildə Masallı rayonunun Bala-Təklə kəndində anadan olub. Orta məktəbdən sonra, yəni 1990-cı ildə Bakı şəhərindəki 14 saylı texniki peşə məktəbində təhsil alıb. Sovet ordusu sıralarında hərbi xidmət keçib. Hərbi xidmətdən başıuca evə qayıtdıqdan sonra Bakı şəhər, Xətai rayonunda tikinti idarəsində işə düzəlsə də, erməni dığaları tərəfindən cənnət-məkan Qarabağın işğalına heç cür barışa bilməyib, qisas məqsədlə cəbhə bölgəsinə gedib. Vətəni hər şeydən üstün bilən Yavər onun müdafiəsinə qalxıb. Nəsibi müqəddəs şəhidlik zirvəsi olub. Ölümündən sonra Bala-Təklə kənd məktəbinə şəhid Yavər Ağayevin adı verilib.

Şəhidin doğma kəndi Bala Təklədə ailəsi üçün yeni ev inşa edilib. Yaraşıqlı görkəmi ilə uzaqdan belə adamın diqqətini çəkən, müasir üslubda tikilən birmərtəbəli evin açılışı oldu. Şəhid ailəsinin rahat yaşaması üçün yeni evdə hər cür şərait yaradılıb.

Vətən üçün 5 qız, 7oğlan böyüdüb tərbiyə verən şəhidin anası Xədicə Süleymanova, eləcə digərləri bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olan hamıya səmimi razılığını söylədi.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.