Altruizm illüziyası - eqoizm reallığı
Siyasət

Altruizm illüziyası - eqoizm reallığı

Rusiya-Ukrayna münaqişəsi artıq iki ildən çoxdur ki, davam edir. Bu müharibə fonunda bir çox ölkənin xarici siyasətdə tutduğu mövqe özünü daha qabarıq büruzə verməyə başlayıb. Daha dəqiq desək, Rusiya əleyhinə olan bəzi qüvvələrin məkrli maraqlarını reallaşdırması üçün uyğun vəziyyət yaranıb. Bu güclər, bir tərəfdən anti-Rusiya kampaniyasına davam edərkən, digər tərəfdən də Ukrayna üzərindən silah satışını intensivləşdiriblər. Son günlərdə Rusiya-Ukrayna müharibəsi Avropada həm də parçalanma yaradıb. Bu, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya NATO əsgərlərinin göndərilməsi təklifindən sonra başlayıb. İndi Paris və Berlin arasında gərginlik yaşanır. Almaniya Fransanı alman dövlətindən ayrılan maliyyə yardımını öz maraqları naminə istifadə etməkdə günahlandırır. Sözünün üstündə dura bilməyən Makron sonradan dediklərini yumşaltmağa çalışıb.

Lakin Emmanuel Makron "France 2" telekanalına müsahibəsində yenidən bu məsələyə toxunub: "Fransa qoşunları Ukraynada olacaq. Qırmızı xətlər olmayacaq. Mən Fransa prezidentiyəm və mən qərar verirəm". Makronun absurd sözlərinə görə, Fransa Rusiya ilə müharibə aparmır, lakin Qərb onun qalib gəlməsinə də imkan verməməlidir. Həmçinin bildirib ki, son bir neçə ayda Ukraynanın əks-hücum əməliyyatı gözlənilən nəticəni verməyib və cəbhədə vəziyyət çox kövrəkdir. Onu da deyib ki, bu münaqişədə Rusiya qalib gəlsə, o zaman Avropaya inam sıfra enəcək.

Fransa Senatının üzvləri hökumətin Ukraynaya yardımı davam etdirməsi təklifi ilə bağlı dinləmələr keçiriblər. İclasda 293 senator bu sənədin lehinə, 22 senator əleyhinə səs verib, 11 senator isə bitərəf qalıb. Nəticədə qanun layihəsi qəbul edilib. İclasda Yelisey sarayının Ukrayna münaqişəsi ilə bağlı mövqeyindən narahatlığını ifadə edən və bu siyasətin vəziyyəti daha da pisləşdirəcəyini deyənlər də olub. Lakin bu, ümumi səsvermənin nəticələrinə təsir etməyib. Fransa Milli Assambleyasının nümayəndələri də Kiyevlə ikitərəfli təhlükəsizlik sazişini dəstəkləyiblər. Bu sazişdə Ukraynaya 10 il müddətinə hərbi yardım göstərilməsi nəzərdə tutulur.

Əlbəttə ki, beynəlxalq hüquqa hörmət etməyən, müstəmləkəçilik siyasətini davam etdirən bir ölkə kimi Fransanın Ukrayna münaqişəsindəki mövqeyi sadəcə Avropada siyasi məqsədlərini həyata keçirməyə hesablanıb. İnsanlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsipə altruizm deyilir. Bu termin eqoizmin əksidir. Yelisey sarayının Ukraynaya yardım adı altında öz məkrli planlarını reallaşdırması məhz altruizm görünüşlü eqoizmdir.

Artıq Elzas regionu da Fransa daxilində muxtariyyət məsələsini müzakirəyə çıxarmaq istəyir. Elzas Avropa Topluluğunun (yerli idarəetmə orqanı) prezidenti Frederik Byeri bildirib ki, elzaslılar Korsikada baş verənləri diqqətlə izləyirlər. O, elzaslıların yenidən muxtariyyət əldə etmək istədiyini deyib və Daxili İşlər Nazirliyinə müraciətində bildirib ki, yerli əhalinin tələbi demoqrafik və tarixi baxımdan məntiqlidir. Qeyd edək ki, Elzas 2015-ci ildə bir neçə ərazi vahidi ilə birgə yeni yaradılmış Qrand Est (Böyük Şərq) regionunun tərkibinə verilib. Göründüyü kimi, Fransanın daxili problemlərləri gündən-günə artır. Lakin Yelisey sarayının əsas marağı Şərqi Avropa, Cənubi Qafqaz kimi müxtəlif bölgələrdədir.

"Avropa perspektivi ölkələrin reallıqlarına daha obyektiv yanaşmağa imkan verir. Regional muxtariyyət Avropa demokratiyasının standartıdır. Fransa isə mərkəzləşmiş dövlət institutları ilə prezident monarxiyası olaraq qalır. Korsika ilə əldə olunmuş kiçik razılaşma hələ ki, qorxaq təşəbbüsdür, daş dövründən çıxışın başlanğıcıdır", - deyə F.Byeri vurğulayıb. Korsikanın ardınca Bretan regionu və Basklarda da muxtariyyətlə bağlı fikirlər sıx-sıx eşidilir. Martın 12-də Korsikanın yerli hökuməti adanın gələcəyinə dair qanun layihəsini müzakirə edib. Qanun layihəsində adanın Fransa daxilində muxtariyyəti tanınır. Lakin heç bir halda adanın Fransadan ayrılmasından söhbət getmir. Qeyd edək ki, sənəddə "Korsika xalqı" deyil, "mədəni icma" termini yer alıb.

Həm ABŞ, həm də Fransa müharibə yolu ilə öz maraqlarını həyata keçirir. Təbii ki, Ukrayna xalqının taleyi, yaxud ölkənin ərazisini qorumaq Qərbin siyasətinin əsas məğzi deyil. Hazırda maraqlı dövlətlər Rusiyada keçirilən prezident seçkilərinin nəticəsini gözləyir. Bütün diqqət, xüsusən də Ukrayna və Ermənistan kimi qonşu ölkələrlə bağlı məsələlərə yönəlib. Putinin növbəti müddətə prezident seçilməsi Şərqi Avropa və Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsini formalaşdıracağı gözlənilir. Rusiya hökumətinin seçkilərdən sonra verdiyi qərarlar, şübhəsiz ki, bütün regiona öz təsirini göstərəcək.

Bu hadisələr fonunda həm region daxilində, həm də kənarda tərəflər vəziyyəti diqqətlə izləyir. Qərb geosiyasi dinamikada potensial dəyişikliklərə hazırlaşır və öz məkrli strategiyasını formalaşdırır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".