Apreldə dünyaya gələn aprel şəhidi
Sosial həyat

Apreldə dünyaya gələn aprel şəhidi

Onun qismətinə tanrının verdiyi ömür payına, alın yazısına yazın gözəlliyi, təravəti xüsusi sığal çəkib. 1994- il aprel ayının 28- Gədəbəy rayonunun Qaravəlilər kəndində Qabil Həsənovun ailəsində bir oğul övladı dünyaya gəldi. Oğul düşmən çəpəridir deyən valideynlər övladlarını Vətənə, xalqa məhəbbət ruhunda böyütdülər. Elşad kiçik yaşlarında olanda ailə Ağstafa rayonunun Xətai kəndinə köçür. Beləcə, Həsənovlar ailəsinin taleyi Ağstafa rayonuna bağlanır.

Elşad Həsənov Gədəbəy rayonunun Qaçaq Kərəm kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra, 2012-ci ildə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissələrdən birində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət mülki işlə məşğul olsa da, Vətənə, torpağa olan sevgi hissi onu rahat buraxmamış, hərbi xidmətə geri dönmüşdür. Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır.

O, hələ 2020-ci ilin 12 iyul tarixində başlayan Tovuz döyüşləri zamanı öz qəhrəmanlığı şücaəti ilə fərqlənmiş, döyüş tapşırıqlarını mərdliklə yerinə yetirmişdir. 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində torpaqlarımızın müdafiəsinə qalxmış, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşmüşdür. Ermənistanın işğalı altında olan Füzulinin, Cəbrayılın, Murovdağın Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşaraq, qəhrəmanlıq göstərmişdir. O, bu şücaətinə görə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Müharibə bitdikdən sonra isə qəhrəman döyüşçü Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən bir çox medal, Fəxri fərman təşəkkürnamələrə layiq görülmüşdür.

Elşad Həsənovun Vətənə, torpağa olan sevgisi hər gün bir az da alovlanırdı. Artıq qəhrəman öz taleyini hərbdən kənarda təsəvvür etmirdi. Bütün varlığı, qanı, canı ilə hərbi xidmətini davam etdirirdi. Müharibənin bitməsinə baxmayaraq, o, yenə Vətən sərhədlərinin keşiyində dayanırdı. Laçın rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi. Onun üçün Vətənin bütövlüyü, azadlığı sərhəddən başlayırdı. Ona görə Vətən sərhədini yağılardan, xain düşmən hücumundan şərəflə müdafiə edirdi.

Bu il aprel ayının 11- xain, məkrli Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Görünür, 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan aldığı dərsdən yaxşı nəticə çıxara bilməmişdir. Yenidən sərhədlərimizə hücum etməklə nəyəsə nail olacaqlarına özlərini inandırmışlar. Onlar bir şeyi hələ anlamamışlar ki, Azərbaycan əsgəri öz sərhədini şərəfi namusu ilə qoruyur. Həmin gün Azərbaycan hərbçiləri qarşı tərəfin törətdiyi təxribata layiqli cavab vermiş, gərgin keçən döyüşlərdə Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olmuşdur. Baş verən qarşıdurma nəticəsində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan hərbçilərdən biri Elşad Həsənovdur.

Vətəni, onun ərazi bütövlüyünü həyatda hər şeydən üstün tutan qeyrətli Vətən oğlu mənsub olduğu nəslin yeganə şəhidi deyil. Elşad da daxil olmaqla indiyə kimi bir nəsildən altı oğul torpaqlarımız uğrunda döyüşlərdə şəhid olmuşdur.

Elşad cəmi altı ay əvvəl ailə həyatı qurmuşdu. Öz xoşbəxtliyinə, ailə səadətinə qovuşan igid Vətəni hər şeydən üstün bildi. Onun sevgisi , məhəbbəti, xoşbəxtliyi bütöv Azərbaycan idi. Elə onun uğrunda da qurban getdi. Apreldə dünyaya gələn Elşad doğum gününə 17 gün qalmış, elə apreldə şəhidlik zirvəsinə yüksəldi. Vətən sərhədlərini qoruyaraq öz qanını torpaqda qırmızı lalələrə çevirən şəhidin indi məzarında lalələr açır. Elşad Həsənov Ağstafa rayonu Şəhidlər Xiyabanında uyuyur.

Ramidə YAQUBQIZI,

"Respublika".