AQTA-dan məktəblilərin dönərdən zəhərlənməsi ilə bağlı növbəti açıqlama
Sosial həyat

AQTA-dan məktəblilərin dönərdən zəhərlənməsi ilə bağlı növbəti açıqlama

Paytaxtın Xəzər rayonunda məktəblilərin həmin rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisəsində hazırlanan dönərdən zəhərləndiyi məlum olub.

Bu barədə "Respublika"ya Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 24-də agentliyin “1003-Çağrı Mərkəzi”nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb. Toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub. Faktla bağlı agentliyin müfəttişləri tərəfindən “Şah dönər” ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.