Sosial həyat

"Arzularımız çin olub"

76 yaşlı Laçın sakini yurda qayıdışın sevincini yaşayır

Azərbaycan dövləti işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Laçında sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Reallaşdırılan layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur. Laçın şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Laçına qayıdış siyasi-diplomatik qələbəmizi möhkəmləndirir. Azərbaycan işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən canlanması, oraya qayıdan vətəndaşların rifahının yüksəldilməsi və işlə təmin olunması istiqamətində mühüm tədbirlər görür. İşğaldan azad olunan ərazilərimizə köçən insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Yenidən qurulan, bərpa edilən yurdlarına qayıdan ailələr Laçında dövlət başçısının göstərişi əsasında yeni tikilən evlərdə məskunlaşırlar. Bu evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir.

İndiyədək Laçına minə yaxın şəxs köçürülüb. Onlardan biri də 76 yaşlı Qəzənfər Hüseynovdur. Laçınlı sakin öz yurduna qayıdışı ilə bağlı hiss və təəssüratlarını "Respublika" qəzetinə danışıb: "Ermənilər yurd-yuvamızı işğal edəndə mənim 45 yaşım var idi. Müharibə başladı və mən may ayının 16-da gecə saatlarında Laçından çıxmaq məcburiyyətində qaldım. Ailəmi isə əvvəlcədən şəhərdən çıxarmışdım. Biz bu illər ərzində Vətən həsrəti çəkdik, lakin ümidimizi heç vaxt itirmədik. Öz sosial şəbəkə hesabımda həmişə yazırdım ki, Laçına qayıdacağıma ümidimi itirməmişəm. Mən dövlətimizə, Prezidentimizə inandım. Azərbaycan dövlətinin apardığı siyasət öz bəhrəsini verdi və biz torpağımıza qayıda bildik. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə cansağlığı versin! Cənab Prezident İlham Əliyev çox böyük qətiyyət göstərdi, Allah ondan razı olsun! İndi biz evimizdəyik və xoşbəxtik. Köç edə bilməyən şəxslər də bu günü səbirsizliklə gözləyir. Burada çox böyük bərpa-quruculuq işləri görülür. Laçında yollar, infrastrukturlar, evlər yenidən qurulur. Bu işlər o qədər də asan deyil. Həqiqətən işin içində olan şəxslər bilir ki, bərpa-quruculuq işləri necə böyük qətiyyət və maliyyə tələb edir. Biz - həyat yoldaşım, qızım, nəvəm və mən avqust ayının 31-də Laçına köçdük. Arzularımız çin olub. Nəvəm sentyabrın 15-də burada məktəbə gedəcək. Məktəb elə bizim evimizin düz yanındadır. Evin həyətindən məktəbi görə bilirik, məsafə 50 metrdir. Açılışında Prezidentin də iştirak etdiyi bu məktəb olduqca böyükdür və hər şəraiti var. Nəvəm də təhsilinə yeni məktəbdə davam edəcəyi üçün çox həyəcanlıdır. O, əvvəl Sumqayıt məktəbində oxuyurdu və əlaçı idi. İnandırım sizi ki, yuxusunda belə Laçını görməyən nəvəm bura gəldiyimiz üçün bizdən də artıq sevinir. "Torpaq çəkir" ifadəsi boşuna deyilməyib. Hamının üzündən sevinc tökülür".

Nuranə DAXİLQIZI,

"Respublika".