Sosial həyat

"ATA, SIZIN YARIMÇIQ QOYDUĞUNUZ IŞLƏRI TAMAMLAYACAĞIQ"

Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biri də Elşən Ağasıyevdir. 1999-cu il sentyabrın 22-də Xaçmaz rayonunda dünyaya göz açıb. 2006-cı ildə Xaçmaz rayon B.Rəsulov adına tam orta məktəbin 1-ci sinfinə gedib. 2016-cı ildə həmin məktəbin məzunu olub. Elşən həmçinin, məktəb illərindən sərbəst güləşlə də məşğul olurmuş.

Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə döyüşə atılan ilk döyüşçülərimizin sırasında yer alıb. Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Döyüş yoldaşlarının bildirdiyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək, döyüşməyə davam edib. "Elşən mehriban və vətənpərvər övlad idi. Biz onu elə tərbiyə etmişdik. Döyüşlər başlayanda hamı məni qınayırdı. Deyirdilər, çox narahatsan. Mənim narahatlığım elə-belə deyildi. Çünki mən oğlumu tanıyırdım. Bilirdim ki, Elşən sakit duran deyil, irəli atılacaq. Onu saxlamaq mümkün deyil. Axırıncı dəfə sentyabrın 30-da danışdıq. Bizimlə sağollaşıb, halallaşdı. Özümü xoşbəxt hesab edirəm ki, mənə bu cür oğul bəxş edib. Qısa ömrü ilə mənə çox böyük qürur yaşatdı. Cəmi 21 il yaşadı. Amma tarix yazıb getdi. Oğlumla fəxr edirəm", - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyir.

Elşən Ağasıyevin atası Birinci Qarabağ savaşında dörd il könüllü döyüşüb. Oğlu hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.

"Vətən müharibəsində digər istiqamətlərlə yanaşı, Talış və Suqovuşan uğrunda gedən döyüşlərin də iştirakçısı olub. Suqovuşanda şəhidlik zirvəsinə ucalıb. Mən özüm də 1992-ci ildə Qarabağ döyüşlərində könüllü iştirak etmişəm. Dörd il Füzuli, Ağdam cəbhələrində savaşda olmuşam. Döyüşdü və söz verdiyi kimi, bizim bacarmadığımızı həyata keçirdilər. Torpaqlarımız düşməndən azad olundu. Əsgər yoldaşlarının dediyinə görə, Elşən ayağından yaralansa da, döyüşü tərk etməyib və axıradək qəhrəmanlıqla vuruşub. Elə bilirdim ki, oğluma heç nə olmayacaq. Şəhid olacağı ağlıma gəlmirdi. Amma o, Vətən yolunda şəhid oldu", - deyə şəhidin atası Ağabala Ağasıyev bildirir.

Qardaşı Sənanın xatirələrindən: "Bir yerdə idmana getmişik. Sərbəst güləşlə məşğul olurdu. Medallar da qazanıb. Döyüş vaxtı əlaqə saxladı. Danışanda irəli getdiklərini deyirdi. Dostlarına bildirmişdi ki, şəhid olacaq. Elə də oldu. Oktyabrın 3-də şəhidlik zirvəsinə ucalması ilə bağlı xəbər aldıq".

Şəhid Elşən Ağasıyev ölümündən sonra "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

M.MİRZƏ,

"Respublika".