VIII GÜN. RETROSPEKTİV
Sosial həyat

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

14 yanvar

 

  • Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar FHN əhaliyə təkrar müraciət edib.

 

15 yanvar

 

  • Növbədənkənar prezident seçkilərinin təşviqat kampaniyası başlayıb.

 

Qalib ölkənin Zəfər seçkisi

 

Yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına start verilib. Fevralın 6-sı saat 8:00-da isə təşviqatın aparılması dayandırılacaq.

 Yanvarın 8-i saat 18:00-da qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb. Bununla da "Zəfər" seçkilərində yeni mərhələyə start verilib. MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə verdiyi açıqlamada  işğaldan azad edilmiş ərazilərdə də mərkəzi seçki komissiyalarının yaradıldığını bildirib.

2024-cü il 7 fevral tarixində xalqımız yenidən öz siyasi iradəsini ortaya qoyacaq. Bu dəfə qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində keçiriləcək seçkilərin şahidi olacağıq. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilərin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bir sözlə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini “Zəfər” seçkisi adlandırsaq daha düzgün olar. Növbədənkənar adlandırılsa da, bu seçki elə zamanında təyin olunub.  Belə ki, ölkəmiz ərazi bütövlüyünü təmin edib. Ölkə daxilində separatizm ocaqları söndürülüb.  Bu seçki ilə ölkəmizin tarixində yeni mərhələ başlayacaq.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi xarici qüvvələr hələ də qəbul etmir.  Cənubi Qafqaz regionunda bərqərar olacaq sülhü həzm edə bilməyən qara qüvvələr  öz "demokratik" təxribatlarından əl çəkmirlər. Azərbaycanda seçki keçirilməsini tez-tez tələb edənlərin qərəzli mövqe nümayiş etdirmələri siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Növbədənkənar seçkilərin təyin edilməsi və  bununla bağlı Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara dəvət  notalarının göndərilməsi həm də onu göstərir ki, Azərbaycan islahatlar həyata keçirməkdən, ədalətli seçki mühitini təmin etməkdən  çəkinmir.

 

  • “Respublika” qəzeti redaksiyasında prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığı müəyyənləşib.

 

17 yanvar

 

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.
  • Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
  • Fransa Senatı yanvarın 17-də “Azərbaycanın Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” barədə Azərbaycanın əleyhinə qətnamə qəbul edib.

 

Azərbaycana qarşı ədalətsiz mövqe

 

Ötən gün Fransa Senatının qətnaməsi ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Bəyanat qəbul edib. Sənəddə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qətnamənin qərəzli, birtərəfli və əsassız olması, eləcə də Fransa siyasi dairələrinin, o cümlədən Senatın və Milli Assambleyasının birbaşa Yelisey sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyət göstərməsi bildirilib.

Qeyd olunur ki, Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər. Həmçinin, Bəyanatda Fransanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoyması, BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunması, rəsmi Parisin qəbul edilmiş bir çox beynəlxalq konvensiyaları kobud şəkildə pozması, Fransanın müstəmləkə siyasəti və bu ölkədə tüğyan edən irqçi, antisemit, türkofob və islamofob kimi məsələlər şərh olunub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda şərh olunanları, xüsusən Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Bəyanatın sonunda Azərbaycan Respublikası Hökumətinə bəzi tədbirlərin görülməsi ilə bağlı çağırışlar edib. Burada Fransaya qarşı sanksiyalar tətbiq edilməsi, Fransa rəsmilərinin ölkəmizdəki aktivlərinin dondurulması, Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması, "Total" da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması və həmin şirkətlərin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, habelə xarici işlər nazirliyinin Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində tapşırıqların verilməsi istənilib.

Fransa Senatının yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi qətnamə, mahiyyətcə əvvəlkilərdən fərqlənməyən bu kağız parçası bir daha fransız senatorların çirkin niyyətlərini üzə çıxarıb. Qətnamə Ermənistan Respublikasının ərazi bütövlüyünün qorunmasına, həmçinin Ermənistana müdafiə qabiliyyətini artırması, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verilməsinə çağırır. Elə buradan da aydın olur ki, Fransa dövləti öz xislətinə uyğun olaraq digər tərəfdaşlarının da işğal siyasətinə dəstək verir. Çünki Azərbaycandan fərqli olaraq Ermənistan 30 ilə yaxın Cənubi Qafqazda torpaq zəbt etməklə məşğul olub. Və bu işğal indi də davam etməkdədir. Hələ də Qazaxın yeddi və Naxçıvanın bir kəndi erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Belə olan halda bəs necə olur ki, Azərbaycan dövlətini min kilometrlərlə uzaqda yerləşən bir ölkə işğalda günahlandırır? Təbii ki, bu siyasi amillərlə bağlı məsələdir. Ermənistan İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə uğradıqdan sonra, ilk növbədə, Rusiya və KTMT-dən uzaqlaşmağa başladı. Buna səbəb qeyd olunanların müharibəyə qoşulmaması idi. Bundan yararlanan Fransa regionda gedən proseslərdə aktiv rol almaq üçün məhz Ermənistanın zəif nöqtəsindən istifadə edərək hər cür çirkinliyə əl atır.

 

19 yanvar

  • Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib.
  • COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi yenilənib.

 

20 yanvar

  • Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanı ziyarət edilib.

 

TALEYİMİZİN QANLI YANVARI

 

Azərbaycan xalqının tarixində kədərli və eyni zamanda şanlı səhifə olan 20 Yanvar faciəsinin 34-cü ili tamam olur. Azərbaycanın dövlətçilik tarixində  qanlı 20 Yanvar  günü xalqımızın milli azadlıq, milli müstəqillik uğrunda apardığı çoxillik mübarizəsinin heç zaman unudulmayacaq tarixi səhifələrindəndir. Sovet cəza dəstələrinin qanlı cinayətinə baxmayaraq, bu müstəqillik hərəkatı xalqın yetkin siyasi şüuru və azadlığa olan möhkəm inamı sayəsində özünün şərəfli adını dünya azadlıq mübarizəsinin tarixinə yazdı. Xalqımız BMT tərəfindən ilin xalqı elan edildi. Onu da qeyd etməliyik ki, bu qanlı hadisə azərbaycanlılara qarşı törədilmiş son 100 ilin ən ağır beynəlxalq cinayətlərindən biridir.

 

20 Yanvar hadisələrinə ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz aktı kimi yanaşmaq lazımdır. Buna qədər isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə "birləşdirilməsi" haqqında antikonstitusion akt qəbul etdikdə Moskva buna göz yumdu. Qorbaçovun köməkçisi Aqanbekyanın, "Daşnaksutyun" partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji uydurmalar yeridilir, ermənilərin separatçılığı sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən "sıxışdırmalara", "təhqirlərə" və "ayrı-seçkiliyə" qarşı məcburi etiraz hərəkəti kimi qələmə verilirdi. XX əsrin axırlarında sovet rəhbərliyi bir tərəfdən ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdı. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı idi. Həmin illər xalqımız həm Dağlıq Qarabağda erməni separatizminin meydan sulamasının qarşısının alınmasını, həm də azərbaycanlıların qədim oğuz yurdu Qərbi Azərbaycandan kütləvi surətdə divan tutularaq zorakılıqla qovulmasını dayandırmağı Moskvadan tələb edirdi. Bu, Azərbaycan xalqının haqlı konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.