Avropa İttifaqı soydaşlarımızın qayıdışını dəstəkləyir
Diaspora

Avropa İttifaqı soydaşlarımızın qayıdışını dəstəkləyir

Qərbi Azərbaycan indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkandır. XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda orada bir nəfər də azərbaycanlı qalmayıb.

Son iki əsr ərzində Qərbi Azərbaycanda ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti aparıblar. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimilyasiya və izolyasiyaya məruz qalması tarixi reallıqdır.

Təsadüfi deyil ki, Ermənistanda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş verib. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Zəngəzur daxil olmaqla, azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələr Ermənistana verilib və yüz minlərlə azərbaycanlının doğma torpaqlardan  deportasiyası barədə irqçi qərara imza atılıb.

Azərbaycan tərəfi 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq hüquq və normalar çərçivəsində bu kimi məsələlərin həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təqdim etmişdir. Qarabağda ermənilərin digər dini və milli icmalar kimi birgəyaşayış dəyərlərinə mənsub olaraq mövcudluğu  Azərbaycanın multikultural dövlət siyasətinin tərkib hissəsidir. Təqdim olunan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu kontekstdə əhəmiyyətlidir. Qayıdış Konsepsiyasının məzmun və mahiyyətinə diqqət etdikdə görmək mümkündür ki, orada ermənilərin azərbaycanlılara qarşı deportasiya, assimilyasiya və izolyasiya siyasətləri tarixi arqumentlərə əsaslanaraq açıq şəkildə verilib.

Xatırladaq ki, bu il 28 mart tarixində Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin bütün rəsmi dillərində yayılıb. Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan öncə, yanvar ayında Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Onu da bildirmək yerinə düşür ki, iyunun 12-də Avropa İttifaqı (Aİ) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək azərbaycanlıların zorla didərgin salındığı Ermənistandakı evlərinə geri qayıtmaq hüququnun təmin edilməsinə Avropa İttifaqının müdaxiləsini xahiş edib. Avropa İttifaqı bu müraciətlərə rəsmi cavab verib. Cavabında Avropa İttifaqı bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiqləyir  və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.  Onu da qeyd edək ki, Aİ Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında və regionda sülh və sabitliyin təşkilində mühüm rol oynayır.

Hesab edilir ki, Avropa İttifaqının azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində önəmli addımdır. Bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların qaçqın  vəziyyətinin beynəlxalq səviyyədə həll edilməsi deməkdir. Bu, həm də Qərbi Azərbaycan İcmasının ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Qərbi Azərbaycan İcması bu istiqamətdə Avropa İttifaqı ilə gələcək dialoq və praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək və regionda birgəyaşayışı təşkil etmək üçün bu qurumla  sıx əməkdaşlıq etməyə sadiq qalır.

Röya RÜSTƏMLİ,

"Respublika".