Azərbaycan azad, demokratik və şəffaf seçki keçirməyə qadir olduğunu bir daha nümayiş etdirdi
Gündəm

Azərbaycan azad, demokratik və şəffaf seçki keçirməyə qadir olduğunu bir daha nümayiş etdirdi

Ölkə vətəndaşları növbəti sınaqdan da uğurla çıxdı

Tarix boyu bir çox çətinliklərdən, sınaqlardan çıxan Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Azadlıq asan başa gəlmədi, torpaqlarımızın 20 faizini itirdik, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Münaqişənin həlli üçün məsul olan qurumların ikili standartları üzündən Qarabağın işğalı 30 il çəkdi. 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün çəkən Vətən müharibəsində qazanılan zəfərlə işğala son qoyuldu, 2023-cü il 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində suverenliyimiz təmin edildi. Yeni reallıqlar yarandı, prezident seçkilərinin keçirilməsi zərurətə çevrildi. Dövlət başçısının sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirildi. Paytaxt Bakıda seçki prosesindən müxbirlərimizin hazırladıqları materialları oxuculara təqdim edirik:

Səbail rayonu

Səbail rayonu 7 saylı Seçki Dairəsinin 6 saylı məntəqəsində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsindən seçkilərdə müşahidəçi kimi iştirak edən Mşama Cuius Cessika bunları bildirdi: "İlk dəfədir ki, xarici müşahidəçi qismində seçkilərdə iştirak edirəm. Öncə onu vurğulamaq istəyirəm ki, Azərbaycan sülhsevər və qonaqpərvər bir ölkədir. Müşahidələrim əsasında onu söyləyə bilərəm ki, seçki prosesi çox şəffaf şəkildə keçirilir. Bütün qayda-qanunlara yüksək səviyyədə əməl olunur. Düşünürəm ki, bu seçkilər bir sıra dövlətlərə nümunə ola bilər".

Suraxanı rayonu

Suraxanı rayonu üzrə seçki məntəqələrində prezident seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığı müşahidə olunub. Seçicilər səs vermək üçün məntəqələrə axışıblar. 36 saylı Xətai-Suraxanı dairə seçki komissiyasının 35 saylı seçki məntəqəsinin sədri Zakir Əbilov bildirib ki, saat 10-a qədər məntəqəyə üç yüzə yaxın seçici gəlib. Onlar arasında gənclər, yaşlılar da olub. Müşahidəçi Minə Nəsullayeva bildirib ki, məntəqəyə axın var. İnsanlarımız yaşlı, cavan demədən səs verməyə gəlir. Neqativ hallar qeydə alınmayıb.

36 saylı Xətai-Suraxanı dairə seçki komissiyasının 36 saylı seçki məntəqəsinin sədri Çiçək Ələkbərova qeyd edib ki, səhər məntəqə açılmadan seçicilər toplaşmağa başlayıb. Aktivlik çox yüksək olub. Yaşlı vətəndaşlar da səsvermədə fəallıq göstəriblər. Müşahidəçi Kamilə Göyüşova deyib: "Mən Milli Cəbhə Partiyasını təmsil edirəm. Seçkilər şəffaf keçir. Vəziyyət yaxşıdır".

Seçici Ruslan Ağayev qeyd edib ki, bu il Azərbaycan seçiciləri qürurludur. Torpaqlarımızı işğaldan azad etməklə böyük zəfər qazanmışıq və suveren ölkəmizdə səs veririk. Seçkilərin dövlətimiz üçün uğurlu olmasını diləyirəm".

Binəqədi rayonu

Səhər saatlarından start götürən prezident seçkiləri ölkənin bütün ərazilərində davam edir. Yaşından, kimliyindən asılı olmayaraq vətəndaşlar bu tarixi Zəfər seçkilərində böyük fəxarət hissi ilə iştirak edir.

Növbədənkənar prezident seçkiləri Binəqədi rayonu Biləcəri qəsəbəsində də yüksək səviyyədə təşkil olunmuşdu.

10 saylı Binəqədi Üçüncü Dairə Seçki Komissiyasının sədri İsgəndər Əliyev ilk saatlardan insanların sərbəst və rahat şəkildə səsvermədə iştirak etdiklərini bildirdi: "51.975 seçicisi olan dairənin bütün seçki məntəqələri yüksək əhvali-ruhiyyə ilə vətəndaşların xidmətindədir. İnsanlar heç bir çətinlik çəkmədən rahat şəkildə səsvermə hüququndan istifadə edir. Dairədə olan 310 nəfər 80-100 yaş arası ahılların əksəriyyəti özləri gələrək səsvermədə iştirak edirlər. Fiziki məhdudiyyətli və səhhətində problem olan insanlar üçün isə dairə tərəfindən ünvana daşınan qutu göndərilib və yerindəcə səsvermə təşkil edilib. 144 nəfər ilk dəfə səs verən sakinlər isə fəallıq göstəriblər.

Seçki prosesini izləmək üçün məntəqələrdə olduq və prosesin gedişilə maraqlandıq. İlk üz tutduğumuz ünvan Binəqədi Üçüncü Seçki Dairəsinin 16 saylı seçki məntəqəsi oldu. Məntəqənin sədri Xatirə Hacıyeva insanların səsvermədə fəal iştirak etdiklərini bildirdi: "Böyük səbirsizliklə gözlənilən 7 fevral prezident seçkilərinə əhali sevinc və qürur hissi ilə gəlir. İnsanlar növbəli şəkildə bülletenlərini götürüb layiqli namizədlərinə səs verdilər. Seçki prosesində heç bir çətinlik yaşanmadı". Hətta fevralın 7-də 18 yaşı tamam olan gənci məntəqə sədri doğum günü ilə əlaqədar təbrik etdi. Seçicilər arasında Xalq artisti, bəstəkar Sərdar Fərəcovu da gördük və seçki ilə bağlı təəssüratlarını bölüşməyi xahiş etdik.

- Bilirsiniz, mən qəsəbə sakini olmaqla yanaşı, həm də bu məntəqənin yerləşdiyi 298 nömrəli məktəbin məzunuyam. Ona görə də məkan mənə doğmadır. Bu gün xüsusi gündür, başqa bir sevgi və həvəslə gəlmişəm seçkiyə. Ərazi bütövlüyünü bərpa etmiş, müstəqil, suveren Azərbaycanın Zəfər seçkisidir. Qələbəni bizə yaşadan Prezident İlham Əliyevin də namizədlər içərisində adı var. Bugünkü müstəqilliyimizə və suverenliyimizə görə ona borcluyuq. Öz vətəndaş borcumuzu yerinə yetirərək layiqli namizədimizə səs verməyə gəlmişik. Azərbaycanın inkişafı və bütövlüyü naminə biz bu seçkidə nümunəvi iştirak edib, fəallıq göstərməliyik. Çünki bu gün Azərbaycanı sevməyən dövlətlər də var. Biz də vətəndaş olaraq siyasi müstəvidə aparılan mübarizəyə qoşulub, öz səsimizi belə bildiririk. Seçkilər çox şəffaf və rahat şəkildə keçirilir. Seçki məntəqəsinin üzvləri də bizə çox mehriban və diqqətlə yanaşırlar. İnsanın ürəyi açılır bu şəffaflığı görəndə. Aktivlik göz qabağındadır. Çoxdandır ölkədə növbə gözləyən insanları görmürdük. Bugünkü növbə çox gözəl, xoşməramlı növbədir və insanların vətəndaşlıq əzmidir. Bu seçkinin gələcək nəsillərə və ölkənin gələcəyi naminə çox böyük əhəmiyyəti olacaq".

Digər iştirak etdiyimiz məntəqə isə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsinin 17 saylı seçki məntəqəsi idi. Məntəqənin sədri Almaz Həsənova seçki başlanan müddətdən seçici fəallığını xüsusi olaraq qeyd etdi. 1315 seçicisi olan məntəqədə səhər saatlarda 382 nəfərin səsvermə hüququndan istifadə etdiyini bildirdi. Məntəqədə olduğumuz zaman insanların heç bir problem yaşamadan rahat şəkildə səs verdiklərinin şahidi olduq. Xüsusilə yaşlı insanların gəlib səs vermələri yüksək əhvali-ruhiyyənin göstəricisi idi. Diqqətimizi cəlb edən Həcər nənə ayaq saxlayıb dedi: "Baxmayın yaşlıyam, səs vermək vətəndaşlıq borcumdur".

18 yaşı yenicə tamam olmuş və ilk dəfə seçkidə iştirak edən gənclərə də rast gəldik. Onlara məntəqə üzvləri tərəfindən kiçik hədiyyələr təqdim olundu. Yaşlı, ahıl insanların bəzilərinin seçki məntəqələrinə gəlib səs verə bilməmələri də diqqətdə saxlanılırdı. 17 saylı məntəqənin seçicisi olan Rüxsarə Əliyeva Tibb Universitetinin müəllimi, professordur. 90 yaşlı seçicinin səhhətində yaranmış problem səbəbindən daşınan seçki qutusu ünvana aparıldı. Prosesdə biz də iştirak etdik. Tam operativ və obyektiv şəkildə, öz şəffaflığını qoruyan seçki həm də bu baxımdan yaddaşımızda xoş xatirələrlə qaldı. Rüxsarə xanım seçki məntəqəsinə gələ bilmədiyi üçün üzülsə də, böyük qürur hissi keçirirdi. Seçkilərin çox yaxşı təşkil olunduğunu xüsusi olaraq vurğuladı: "Mən də bu seçkilərə böyük sevinc və qürur hissi ilə qatılıram. Seçki prosesinə hazırlıq zamanı dəfələrlə məntəqədən gəlib mənimlə maraqlanıblar. Bu seçki digərlərindən tamamilə fərqlənir. Xalqımız bu vaxta kimi hər çətinliyə dözüb. Torpaqlarımızın işğalı zamanı başımıza gətirilən müsibətlər hamısı gözümüzün qabağında baş verib. 200 il ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Nəhayət, son illər xalqımız yumruq kimi öz dövlətinin ətrafında birləşərək torpaqlarını azad etdi, suverenliyinə qovuşdu. Bu mənada, Zəfər seçkiləri Azərbaycanın tarixində çox mühüm və önəmli bir tarixdir".

Sevindirici hallardan biri də ondan ibarət idi ki, seçkiyə insanlar ailəlikcə gəlir, hətta körpə uşaqları ilə qatılırdılar. Bu da xalqımızın öz gələcəyinə, gələcək nəsillərə olan diqqətinin təzahürü idi.

"Bu, həqiqətən unudulmaz bir an oldu. İlk dəfə prezident seçkilərində səs vermək, öz iradəmi ifadə etmək imkanı tapmaq mənim üçün çox mühüm idi".

Bu fikirləri 8 saylı Binəqədi birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində səs verən Ayxan Hüseynli bildirib. O deyib: "Seçki məntəqəsinə addım atarkən hiss etdiyim məsuliyyət duyğusu və demokratiyanın bir parçası olmaq hissi məni təsirləndirdi. Bu mənə vətəndaş olaraq öz səsimin dəyərini və gücünü daha yaxşı anlamağa kömək etdi".

Yasamal rayonu

Yasamal rayonunda da vətəndaşların şəffaf və demokratik şəraitdə səs verməsi üçün bütün şərait yaradılmışdı. Həmsöhbət olduğumuz 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasının katibi Aygün Yusifova dairə üzrə 38 seçki məntəqəsinin olduğunu bildirdi. O, ölkə hüdudlarından kənarda da səs verən seçicilər üçün yaradılan 9 məntəqədən 2-nin konsulluqlarda, 7-nin isə səfirliklərdə fəaliyyət göstərdiyini vurğuladı: "Ümumilikdə, dairə üzrə 51407 seçici qeydiyyatdadır. 2932 nəfər isə ölkə hüdudlarından kənardakı seçicilərimizdir. Məntəqələrimiz üzrə alınan məlumatlara əsasən prosesin şəffaf keçdiyini, demokratik mühit üçün bütün şəraitin yaradıldığını deyə bilərəm".

16 saylı Yasamal II Seçki Dairəsinin 24 saylı seçki məntəqəsində də seçki fəallığının yüksək səviyyədə olduğunu müşahidə etdik. Məntəqənin sədri Ramilə Nəzərova dedi: "Məntəqəmiz üzrə 971 seçici qeydiyyatdadır. Axşama doğru seçkidəki fəallıq təxminən 90 faiz oldu. Səsvermə üçün bütün əlverişli imkanlar məntəqə və dairə tərəfindən təmin edilmişdir. Qutulara gəldikdə isə 2 daşınmaz, 1 daşınan qutumuz mövcuddur. Fevral ayının 5-də gözdənəlil vətəndaşımız daşınan qutudan istifadə üçün müraciət etmiş və seçki günü bu proses uğurla reallaşdırılmışdır. Xarici və yerli müşahidəçilərimizin iştirakı da yüksək səviyyədə idi.

16 saylı Yasamal II Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu. Məntəqə sədri Sadiq İbrahimov bildirdi ki, siyahı üzrə qeydiyyatda 1272 nəfər seçicimiz var: "Fəallıq ümumən rayon üzrə götürsək olduqca yüksək səviyyədədir. Qeyd edim ki, əvvəlki seçkilərlə müqayisədə vətəndaşların maarifləndirilməsi daha yüksək səviyyədədir. Məntəqəmiz üzrə 2 daşınmaz, 1 daşınan qutumuz var. Daşınmaz qutudan istifadə halı isə qeydə alınmayıb".

16 saylı Yasamal II Seçki Dairəsinin 34 saylı seçki məntəqəsinin sədri Gülnaz Əsgərova məntəqədəki vəziyyətlə bağlı məlumat verərək bildirib ki, seçkidə bir sıra xarici müşahidəçilər də iştirak edib: "Bu gün baş tutan seçkilərdə fəallıq çox yüksək idi. Rusiyadan, Türkiyədən bir sıra nümayəndələr də məntəqəmizə gələrək prosesdə öz aktivliklərini göstərdilər. Düşünürəm ki, builki seçkilər bir daha dünyaya demokratiya nümunəsi olacaq".

Gülnaz Əsgərova, həmçinin bu günədək keçirilən seçkilərdə də aktiv iştirak etdiyini vurğulayıb: "1995-ci ildə keçirilən referendumda da müşahidəçi idim. Ölkəmizdə bu günədək baş tutan bütün prezident seçkilərinin hər birində fəal iştirak etmişəm. Seçkilərin aliliyi və demokratik prinsiplərin qorunması üçün əlimdən gələni əsirgəməmişəm".

Qaradağ rayonu

Qaradağ rayonunda yerləşən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 24 saylı məntəqəsində seçici aktivliyi müşahidə olunurdu. Məntəqənin sədri Jalə Qədirova ilə görüşüb fikirlərini öyrəndik. Sədr bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda xüsusi əhəmiyyət kəsb edən bu seçki olduqca əlamətdar hadisədir. Məhz bunun nəticəsidir ki, səhər saatlarından insanlar artıq səs vermək üçün məntəqənin qarşısında növbəyə dayanmışlar. Məntəqə üzrə 937 seçicimiz var, hazırda hələ günorta saatları olmasına baxmayaraq, artıq 510 nəfər səsvermə hüququndan istifadə etmişdir.

Məntəqədə səs verən rus əsilli yaşlı bir qadın da diqqətimizi cəlb etdi. Yaxınlaşıb həmsöhbət olduq, fikirlərini öyrəndik. Özünü təqdim edən Svetlana Xəlilova sevinclə dedi: "Mənim 79 yaşım olacaq, bu gün bura qızım və nəvəmlə İlham Əliyevə səs verməyə gəlmişəm".

11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 23 saylı məntəqəsində də seçici fəallığı müşahidə olunurdu. Məntəqənin sədri İlqar Yusifovun sözlərinə görə, məntəqə üzrə 1340 seçicidən günorta saatlarına kimi 470 nəfər seçici qeydiyyatdan keçmişdi.

25 saylı məntəqədə olarkən orada da seçicilərin fəallığının şahidi olduq. Məntəqənin sədri Xatirə Namazova bildirdi ki, insanlar böyük həvəslə məntəqəmizə üz tuturlar. Bunun da məlum səbəbi seçkilərin ölkəmizdə ilk dəfə suverenliyimizin tam bərpa olunduğu bir şəraitdə keçirilməsidir. Saat 17:00-a kimi artıq məntəqə üzrə 1240 seçicidən 800-ə yaxını səs verib.

Məntəqədə müşahidəçi qismində iştirak edən Böyük Azərbaycan Partiyasından Afət Mürsəlova, Milli Cəbhə Partiyasından Nəzakət Əliyeva, şəxsi təşəbbüsü ilə müşahidəçi qismində Könül Bağırzadə səhər saat 07:45-dən məntəqədə olduqlarını qeyd edərək seçici aktivliyini və heç bir neqativ hal baş vermədiyini bildirdilər.

37 saylı dairə seçki komissiyasının sədri Azər Ələsgərov dedi: "Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan növbədənkənar prezident seçkisinin şəffaf, demokratik şəkildə keçirilməsi, seçicilərin istədikləri namizədə səs vermələri üçün bütün dairə və məntəqələrdə hər cür şərait yaradılıb. O cümlədən Qaradağ rayonunda da bu prosesə ciddi hazırlıq işləri görülüb".

Komissiya sədri saat 17:00-a olan məlumatı bildirərək qeyd etdi ki, bu gün dairə üzrə 50 məntəqə fəaliyyət göstərir. Ümumilikdə seçkilərdə iştirak edəcək 59973 seçicidən 40965 nəfəri artıq səs vermişdir. Seçkilər tam şəffaf və demokratik şəkildə, kütləvi seçici axını ilə müşahidə olunur.

Onu da qeyd edək ki, Qaradağ rayonunda olarkən seçki keçirilən bütün məntəqələrdə yüksək işgüzarlıq, qaynar mühit, sağlam əhvali-ruhiyyə hiss olunurdu.

Xəzər rayonu

12 saylı Xəzər Birinci Dairə Seçki Komissiyasının 2 saylı seçki məntəqəsinin sədri Reyhan Abasova bildirdi ki, prezident seçkilərinə səsverməyə gələnlərin əhvali-ruhiyyəsi olduqca yüksəkdir. Növbədənkənar seçki prosesi zəfər qazanan xalqımız üçün olduqca mühüm və dəyərlidir. Məntəqəmizdə hər bir şərait yaradılıb, seçicilər sərbəst şəkildə istədiyi namizədə səs verir. Səsvermə müddətində heç bir qanun pozuntusuna rast gəlinməyib. 1287 seçicimiz var. 14 nəfər isə ilk dəfədir ki, səs verdi. Saat 17:00-a kimi seçicilərimizin 961 nəfəri məntəqəyə gələrək öz seçki hüququndan istifadə edib.

3 saylı seçki məntəqəsində əsl qələbəlik idi. Seçicilər növbəli şəkildə məntəqəyə daxil olurdular. Məntəqənin sədri Pərvanə Məmmədova qeyd etdi ki, əvvəlcədən hazırlıq işlərinin görülməsinin nəticəsidir ki, bu gün məntəqədə heç bir problem yaşanmır. Özünüz də seçicilərin fəallığını müşahidə edirsiniz. Qalib xalq olmağımız hər bir vətəndaşımıza qürur hissi yaşadır. Saat 17:00-a kimi 987 nəfər məntəqəyə gələrək səs verib. 1409 seçicimizdən iki nəfər ilk dəfədir ki, seçkidə iştirak edir. Bu iki gənclə həmsöhbət olduq. Rafil Əlizadə dedi: "İlk dəfədir ki, səsvermədə iştirak edirəm. Bir gənc olaraq sevinirəm ki, Azərbaycanın bütün suveren ərazilərində seçkilər təşkil olunur. Olduqca qürurluyam. Qalib xalqın gənc vətəndaşı kimi fəxarət hissi keçirirəm. Öz konstitusion hüququmdan istifadə edərək ən layiqli namizədə səs verdim. Biz gənclər seçkilərdə iştirak etməklə öz gələcəyimizi müəyyənləşdirmiş olduq.

İlkin Quluzadə də həyəcanlı olduğunu bildirdi: "Sevincimin həddi-hüdudu yoxdur. Məntəqəyə ilk gələnlərdən biri də mənəm. Əvvəlcədən nəzərdə tutduğum namizədə səs verdim. Bu, bizim vətəndaşlıq borcumuzdur.

87 yaşlı Zərifə Muxtarova dedi ki, indiyə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Həyatın çox xoş və çətin günlərinin şahidi olmuşam. İndi əmin-amanlıqdır. Həmişə yaxınlarıma da məsləhət bilmişəm ki, seçki prosesində fəal iştirak etsinlər. Ölkəmiz çətin günləri geridə qoyub. Azərbaycanımızın işıqlı sabahları isə hələ qabaqdadır. Xalqımızı xoş günlərə apara biləcək namizədə səs verdim.

Qeyd edək ki, 12 saylı Xəzər Birinci Dairə Seçki Komissiyasının 37 seçki məntəqəsində 48 min 300 seçici vardır. Dairə Seçki Komissiyasının sədri Mütəllim Balaqardaşov bildirdi ki, saat 17:00-a olan məlumata görə, dairə üzrə 35 min 671 nəfər səsvermə hüququndan istifadə edib ki, bu da 73,85 faiz deməkdir.

Sabunçu rayonu

Növbədənkənar prezident seçkiləri paytaxtın Sabunçu rayonunda da fəallıqla keçirildi. Rayonun 26 saylı Sabunçu Birinci Dairə Seçki Komissiyasının sədri Hüseynqulu Əliəsgərov bildirdi ki, dairəmizdə 37 məntəqə fəaliyyət göstərir. Dairə üzrə məntəqələrdə 52 min 977 seçici var. Saat 17:00-a olan məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən 23 saylı seçki məntəqəsinin 1469 seçicisindən 1079 nəfəri səsvermə hüququndan istifadə edib. Məntəqənin sədri Sevinc Cəfərova qeyd etdi ki, seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb və seçici fəallığı müşahidə olunur. 17 saylı seçki məntəqəsinin sədri Mehriban Hacıyeva bildirdi ki, məntəqəmizin 1452 seçicisinə seçki bildirişləri verilib. Saat 17:00-a olan məlumata görə, 1055 seçici seçki hüququndan istifadə edərək ən layiqli namizədə səs verib. Onlar Zəfər seçkilərində iştirak etdiklərinə görə qürurlu olduqlarını bildirirlər. Seçki bülletenini qutuya salan hər bir seçici böyük ruh yüksəkliyi ilə xalqımız üçün mühüm tarixi hadisənin iştirakçısı olmaqlarından fərəh duyduqlarını vurğulayırlar. Seçki prosesi müşahidəçilərin nəzarəti ilə tam qanunauyğun şəkildə keçirilir.

Nərimanov rayonu

Nərimanov rayonunda seçicilərin növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərində səsverməsi üçün məntəqələr tam tərkibdə fəaliyyət göstərir. Seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədə səsi verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil və sərbəst qaydada keçir. Rayon ərazisində 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci seçki dairələri və 73 məntəqə fəaliyyət göstərir. Nərimanov rayonunda məntəqələr üzrə beş minə yaxın səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb. Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilərin və jurnalistlərin seçki prosesini rahat izləməsi üçün bütün imkanlar təmin olunub.

19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi rayon üzrə xüsusi fəallığı ilə fərqlənir. Bunu məntəqəyə səs verməyə gələn seçicilər də bildirir. Namizəd Səfərəliyev qeyd edir ki, seçicilər üçün bütün imkanlar yaradılıb. Bu gün biz əmin-amanlıq içərisində yaşayırıq. Xalqımız gözəl şəraitdə, şəffaf şəkildə prezident seçkilərində səs verir. Cənab Prezident İlham Əliyevə səs vermişəm və prezidentimizə təşəkkür edirəm ki, bizim üçün gözəl şərait yaradıb.

19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin müşahidəçisi Ruslan Mansurov qeyd etdi ki, İkinci Qarabağ müharibəsində zəfər çalmış Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev işğal olunmuş torpaqlarımızı geri qaytardı: "O bir daha bütün dünyaya Azərbaycanın gücünü göstərdi. Bu gün növbədənkənar keçirilən prezident seçkilərində səsimi müzəffər Ali Baş Komandan İlham Əliyevə verirəm".

Həmin məntəqənin müşahidəçisi Şəhrəbanu Süzəliyeva da bugünkü günün hər birimiz üçün qürurverici olduğunu bildirdi: "Bu gün çox sevincli bir gündür. Çünki bütöv Azərbaycanda seçkilər keçirilir. Ali Baş Komandanımızın və müzəffər ordumuzun sayəsində çox böyük qələbələr əldə etdik. Cənab İlham Əliyev ulu öndərimizin vəsiyyətini yerinə yetirdi və bütöv Azərbaycanı bizə bəxş etdi. Mən də bir Azərbaycan vətəndaşı olaraq demək istəyirəm ki, çox şəffaf şəkildə seçkilərimiz keçir. Seçicilərimiz yüksək əhavali-ruhiyyə ilə səs verirlər".

Nərimanov rayon 19 saylı seçki dairəsinin sədri Azad Nəbiyev seçki fəallığının müşahidə olunduğunu söylədi. O qeyd etdi ki, birinci seçki dairəsi üzrə 37 seçki məntəqəsi var: "Ümumi seçicimizin sayı 49142 nəfərdir. Seçicilərin aktiv şəkildə səs verməsi sevindiricidir.

Nərimanov rayon 19 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsinin sədri Səmayə Eynullayeva deyib: "Səhər saatlarından məntəqənin qarşısında xüsusi izdiham yaranıb ki, bu da seçkinin fəallığından xəbər verir. İnanın bu yaşıma qədər belə izdihamlı seçki prosesinə şahid olmamışam. Seçicilərdən heç bir şikayət daxil olmayıb".

Həmin məntəqənin seçicisi Məhəmməd Nəsirli 30 ildən sonra seçkilərin bütöv Azərbaycanda keçirilməsinin qürurverici olduğunu və Ali Baş Komandan İlham Əliyevə səs verdiyini bildirdi.

Pirallahı rayonu

Bakının Pirallahı rayonunda seçicilər böyük izdihamla seçkilərə qatılmışlar. Seçkilərin gedişini izləmək üçün Pirallahı rayonunda olduq. Xəzər-Pirallahı 14 saylı Dairə Seçki Komissiyasının sədri İmran Qəmbərov bildirdi ki, dairənin 41 məntəqəsində saat 17:00-a qədər səs verən seçicilər 35311 nəfər və ya 62,12 faiz təşkil edib. Seçki fəallığı çox yüksəkdir. Bu vaxta kimi məntəqələrdə heç bir pozuntu halına rast gəlinməyib, seçkilərdə kənar müdaxiləyə yol verilməyib.

Xəzər-Pirallahı 14 saylı Dairə Seçki Komissiyasının 3 saylı məntəqəsində də yüksək seçici fəallığını müşahidə etdik. Məntəqənin sədri Nazim Əliyev bildirdi ki, məntəqə üzrə seçici sayı 1447 nəfərdir. Səhər saatlarından başlayaraq seçicilər dəstə-dəstə, böyük ruh yüksəkliyi ilə məntəqəyə gələrək istədikləri namizədə azad və şəffaf şəkildə səs verirlər. Saat 17:00-a olan məlumata görə, artıq 1100 nəfər səs vermişdir. Səs verən seçicilərimizin arasında yaşlı nəslin nümayəndələri ilə yanaşı gənclər çoxdur. 80-100 yaş arasında olan seçici sayı 30 nəfərdir. İlk dəfə səs verən isə 2005-ci il təvəllüdlü İsmət Nəcəfovdur. Seçkinin gedişini izləyən müşahidəçilər ATƏT-dən 2 nəfər, YAP-dan 3 nəfər, öz təşəbbüsü ilə iştirak edənlər 3 nəfərdir.

4 saylı məntəqənin sədri Bahar Əkbərova dedi ki, məntəqə ərazisində olan 1484 nəfər seçici mütəşəkkil olaraq məntəqələrə gəlib istədikləri namizədə səs verirlər. Onların sərbəst, şəffaf şəkildə səs vermələri üçün heç bir maneə yoxdur. Saat 17:00-a olan məlumata əsasən səs verən seçicilərin sayı 1180 nəfərdir. Qeyd edim ki, ilk dəfə səs verən seçici 28, 80-100 arası yaşı olan seçici sayı 12 nəfərdir.

Müşahidəçilər 19 nəfər olmaqla YAP, Böyük Azərbaycan Partiyası, MSK nümayəndələri, siyasi partiyalar blokunu təmsil edirlər. YAP-dan məşvərətçi qismində iştirak edən müşahidəçi Leyla Rəhimova bildirdi ki, seçkilər azad, demokratik, heç bir kənar müdaxilə olmadan keçirilir və qanun pozuntusuna rast gəlinməyib.

Yaşlı nəslin nümayəndəsi olan Sədi Məmmədov da seçkilərin gedişi və təşkilindən razılığını bildirərək vurğuladı ki, mən əmin-amanlığa, inkişafa və Azərbaycanımızın xoşbəxt gələcəyini təmin edəcək namizədə səs verdim.

"Respublika".