AZƏRBAYCAN BRENDİ – ASAN XİDMƏT
Digər xəbərlər

AZƏRBAYCAN BRENDİ – ASAN XİDMƏT

Bu, təkcə əhali məmnunluğu deyil, həm də ölkəmizin artıq intellektual məhsul ixrac etməsi deməkdir

Azərbaycanda "ASAN xidmət" adı ilə dünyada tanınan sistem ölkəmizin inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Söhbət artıq bir çox ölkələr tərəfindən mənimsənilmiş və beynəlxalq miqyasda rəğbət qazanmış Azərbaycanın mütərəqqi intellektual məhsulundan, qabaqcıl təcrübəsindən gedir.

Dövlət başçısı cənab İlham Əliyev bildirmişdir ki, "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır: "...Və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik".

Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin yaradılması ölkənin sosial-iqtisadi sferasında əldə olunan uğurların məntiqi nəticəsidir. Dövlət vətəndaşların həyat şəraitinin və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş sosialyönümlü siyasət həyata keçirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

"ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsi sahəsində dövlətin vətəndaşlara doğru atdığı innovativ addımdır ki, bu da vətəndaşların rifahının yaxşılaşdırılmasına və insan hüquqlarının təmin edilməsinə yönəlmiş davamlı sistemli sosial islahatların bariz nümunəsidir. Xidmətin fəaliyyəti əsasən əhalinin tələbatının ödənilməsi üçün şəraitin təmin edilməsinə, korrupsiyaya qarşı mübarizəyə və müasir texnologiyaların tətbiqinə yönəlib.

"ASAN xidmət" öz milli xüsusiyyətlərini qorumaqla, dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparan müstəqil və mütərəqqi Azərbaycanın uğurlarının güzgüsü və göstəricisidir.

Mərkəzlərdə xidmətlər "vahid məkan" prinsipi ilə həyata keçirilir. Bir inzibati binaya daxil olan vətəndaşlar eyni vaxtda ona yaxın dövlət orqanının, eləcə də özəl müəssisə və şirkətin 250 xidmət növündən istifadə edə bilərlər. Bütün bunlar xərclərin və vaxt itkisinin azaldılmasına kömək edir, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, eləcə də göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasına imkan yaradır. "ASAN xidmət"in unikallığı xidmətlərin göstərilməsi prosesində maraqların toqquşmasının tam aradan qaldırılmasındadır.

Vətəndaşların dövlət xidmətlərinə olan tələbatının ödənilməsi sahəsində uğurlu təcrübənin davam etdirilməsi məqsədilə xidmətlərin göstərilməsinin daha bir innovativ üsulu - Səyyar "ASAN xidmət" istifadəyə verilib. Bütün zəruri müasir avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar "ASAN xidmət" mərkəzlərinin olmadığı bölgələrə gedib yerlərdə vətəndaşlara xidmət göstərir. Səyyar avtobuslar vasitəsilə 1 milyon 300 mindən çox müraciət daxil olub və müvafiq xidmətlər göstərilib.

"ASAN xidmət" mərkəzlərində aparılan sorğulara əsasən, vətəndaşların xidmətlərdən məmnunluğu 100 faizə yaxındır.

"ASAN xidmət" yarandığı gündən könüllülük fəaliyyətindən ən çox istifadə edən dövlət qurumuna çevrilib. "ASAN xidmət" mərkəzlərində gənclərin həyata keçirdikləri könüllü fəaliyyətlər də onların özünüinkişafına öz töhfəsini verir. "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində 14 mindən çox gənc könüllü kimi iştirak edib.

Azərbaycanda dövlət xidmətlərinin göstərilməsinin inkişafının növbəti mərhələsi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN 2.0 konsepsiyasının tətbiqini planlaşdırır. Yeni konsepsiya dövlət qulluqçuları ilə vətəndaşlar arasında təmasları minimuma endirəcək, bununla da daha yüksək dərəcədə şəffaflıq və operativliyi təmin edəcək, həmçinin dövlət xidmətlərinin səviyyəsini daha da artıracaq.

Yüksək peşəkar və məhsuldar fəaliyyəti nəticəsində "ASAN xidmət" çoxsaylı beynəlxalq mükafatlara və sertifikatlara layiq görülüb. Beləliklə, "ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsinin inkişafına verdiyi töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının (UNPSA 2015) mükafatının sahibidir. "ASAN xidmət" "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" nominasiyası üzrə birinci yerə layiq görülüb. BMT-nin bu mükafatı dövlət idarəçiliyi sahəsində mükəmməlliyin və peşəkarlığın ən nüfuzlu beynəlxalq dəyərləndirilməsidir. Xüsusilə qeyd etmək lazımdır ki, "ASAN xidmət" bütün postsovet məkanında BMT-nin bu kateqoriya üzrə mükafatını alan ilk dövlət qurumudur.

Bundan əlavə, Dövlət Agentliyi ISO 9001:2008 beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatına, sağlamlıq və təhlükəsizlik idarəetmə sistemi OHSAS 18001:2007 sertifikatına, həmçinin Britaniya Təhlükəsizlik Şurasının mükafatına layiq görülüb.

"Price Waterhouse Coopers" beynəlxalq audit şirkəti tərəfindən 2015-ci ilin avqust ayında aparılan araşdırmaya əsasən, dünyanın iri şəhərlərindəki dövlət xidmətləri mərkəzlərinin işinin müqayisəli təhlilinə əsasən, "ASAN xidmət" mərkəzləri ən yüksək səviyyəli mərkəzlər üçlüyünə daxil olub. Burada müştərilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir, onların rahatlığı tam təmin olunur.

Nüfuzlu dünya mediası, eləcə də beynəlxalq təşkilatlar dövlət xidmətlərinin göstərilməsində "Azərbaycan modeli" kimi "ASAN xidmət"in qabaqcıl təcrübəsini xüsusilə qeyd edirlər. Dövlət və özəl xidmətlərin göstərilməsinin unikal üsulu olan "ASAN xidmət" Azərbaycanın "milli brendinə" çevrilmiş və aparıcı beynəlxalq təşkilatlarda, ilk növbədə BMT-də, eləcə də qeyri-hökumət strukturlarında tanınır. Beynəlxalq hüquqi müqavilələr əsasında Azərbaycanın bu qabaqcıl təcrübəsi digər ölkələrdə də uğurla tətbiq olunur. Artıq Əfqanıstanda bu ölkənin vətəndaşlarına xidmət göstərəcək eyniadlı "ASAN Khedmat" təşkilatı yaradılıb. İndoneziya, İtaliya, Monteneqro və "ASAN xidmət" təcrübəsi ilə maraqlanan digər dövlətlərlə də əməkdaşlıq müqavilələri imzalanıb.

"ASAN xidmət" Azərbaycanda yaradılmış, dövlətin prioritetlərini - dövlət xidmətlərinin göstərilməsində əlçatanlıq və şəffaflığı, vətəndaş yönümlü idarəetməni, sosial məsuliyyəti, innovasiyaları ön plana çıxaran, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ərsəyə gətirdiyi XXI yüzilliyin dövlət idarəetmə sisteminin mühüm və qabaqcıl tərkib hissəsidir.

Emin QASIMOV,

"Respublika".