Fransa silahları Ermənistana heç nə qazandırmayacaq
Siyasət

Fransa silahları Ermənistana heç nə qazandırmayacaq

Son dövrlərdə Makron hakimiyyəti durmadan beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur. Belə ki, Ermənistanı kütləvi şəkildə silahlandırmağa maraqlı olan Fransa Cənubi Qafqazda sülh və sabitliyə mane olmaq istəyir. Artıq rəsmi Paris bu istiqamətdə addımlar da atmağa başlayıb. Bu gün Fransa tərəfinin İrəvan üçün göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə aparılıb. Bundan başqa, “Acmat” şirkətinin istehsalı olan Fransız “Bastion” çoxməqsədli zirehli maşınları da Poti limanına göndərilib. Rəsmi Parisin bu addımı ölkənin iç üzünü bir daha ifşa edir. Özünü “demokratik ölkə” kimi qələmə verən Fransanın işğalçı dövlətə bu dəstəyi yerlə-yeksan olmuş Makron hakimiyyətinin imicini daha da bərbad hala gətirir.

İstər İkinci Qarabağ mühahibəsində, istərsə də postmüharibə dövründə Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi özünü daha çox büruzə verirdi. Hazırda Fransanın İrəvanı silahlandırması da Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətindən irəli gəlir. Bir məqamı da qeyd edək ki, Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqları Fransa qəbul edə bilmir. Buna görə də rəsmi Makron hakimiyyəti bütün mümkün təxribatçı addımlara əl atır. Bu düşmənçiliyi yalnız Ermənistanı silahlandırmaqla deyil, həmçinin bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı əsassız qərarların qəbul edilməsi üçün xain addımlar atmaqla da həyata keçirir. Fransanın Ermənistanı silahlandırması, əslində birbaşa ermənilərdə revanşist hisslərin gücləndirilməsinə xidmət edir. Rəsmi Paris tərəfindən atılan bu cür məkrli addımlar iki ölkə arasında sülhün əldə edilməsinə əngəl törədir.

Xatırladaq ki, bu Fransanın ilk belə cəhdi deyil. Rəsmi Paris əvvəllər də bu siyasətini qapalı şəkildə - “humanitar yardım” adı altında davam etdrirdi. Hətta proses üçüncü dövlətin - Hindistanın köməkliyi ilə həyata keçirilirdi. Onu da qeyd edək ki, Afrikada və dünyanın müxtəlif yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Fransa Cənubi Qafqazda münaqişə yaratmaqla fikirləri üzərindən yayındırmağa cəhd edir. Makron hakimiyyətinin hər vəchlə Hayastanı silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi Parisin planlarını bir daha üzə çıxarır. Fransa bu davranışları ilə Cənubi Qafqazda yeni eskalasiya riskini artırmaqla yanaşı, beynəlxalq səviyyədə təhlükəsizliyə, o cümlədən Brüssel formatına da xələl gətirir. Ermənistanı silahlandırmaqla işğalçı dövlətə hərbi, siyasi dəstək verməsi təsdiq edir ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi heç bir əhəmiyyət kəsb etmir. Bundan əlavə, oktyabrın 26-da Fransanın müdafiə naziri Sebastyan Lekorn erməni həmkarı Suren Papikyanla Parisdə İrəvana silah satışı barədə sazişə imza atmışdı. Daha sonra Lekorn “X” sosial şəbəkəsində yazdığı statusda Fransanın Ermənistanı və erməniləri dəstəklədiyini qeyd etmişdi.nRəsmi Paris qarşısında cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edən Azərbaycanın olduğunu unudur. Fransa düşünmür ki, Ermənistanı silahlandırmaqla və Azərbaycana qarşı “ermənipərəst” münasibət göstərməklə ölkəmizi qabaqlayıcı addımlar atmağa vadar edə bilər.

Paşinyan hakimiyyəti də artıq dərk etməlidir ki, silahlanma sadəcə Ermənistana yeni və daha böyük problemlər gətirməkdən başqa bir işə yaramayacaq. Çünki, bu gün İrəvanı silahlandıran ölkə tarixdəki qanlı qətliamlarda əli olan Fransadır. Bütün bunlara əsaslanaraq, Fransanın silahlarının Ermənistana heç nə qazandırmayacağını söyləmək mümkündür. Əksinə, sülh müqaviləsinin imzalanmasına məqam yetişdiyi bir anda Paşinyan hakimiyyəti də Fransaya bel bağlamaqla öz şansını itirə bilər.

Nəzrin ELDARQIZI,

“Respublika”.