Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı beynəlxalq mətbuatın diqqətindədir
Digər xəbərlər

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı beynəlxalq mətbuatın diqqətindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, burada keçirilən plenar iclasda çıxışı beynəlxalq mətbuatın diqqətində olub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin "Daily Sabah" qəzetində dərc olunmuş "Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləyir" sərlövhəli məqalədə konfrans çərçivəsində təşkil olunmuş "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda səsləndirilən fikirlərə geniş yer verilib. Yazıda ABŞ Dövlət katibi Antoni Blinken ilə birgə görüşə də toxunulub. Qeyd edilib ki, bu görüş ötən ilin oktyabrından bəri Azərbaycan və Ermənistan liderlərinin ilk birbaşa təmasıdır.

Məqalədə Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlanması ilə bağlı mövqeyi, Prezident İlham Əliyevin plenar iclasda Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali barədə fikirləri də əks olunub. Son dövrlərdə beynəlxalq ictimaiyyətə təlqin olunmağa çalışılan və regionda real mənzərəyə kölgə salan məqamlara Azərbaycan Prezidentinin çıxışından istinadlarla aydınlıq gətirilib. Yazıda Prezident İlham Əliyevin çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali ilə təmasların qurulması və bu təmasların ölkənin daxili məsələsi olması, Dağlıq Qarabağ anlayışının artıq qüvvədən düşməsi və Laçın yolunda heç bir blokadanın olmaması barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb. Həmçinin dövlətimizin başçısının 2022-ci il dekabrın 12-dən Rusiya sülhməramlılarının və Qırmızı Xaç nümayəndələrinin nəqliyyat vasitələri də daxil olmaqla ümumilikdə 2500-dən çox nəqliyyat vasitəsinin həmin yoldan keçməsi barədə "Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq" ifadəsi də xüsusi vurğulanıb.

Yazıda dövlətimizin başçısının Qarabağdakı erməni əhaliyə Azərbaycanın rəsmi yanaşmasına dair sitatı da təqdim olunub "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar". Diqqətə çatdırılıb ki, Azərbaycan erməni əhalisi ilə təmas və müzakirələrə hazırdır və bu müzakirələr Qarabağda doğulmuş və bütün həyatı boyu orada yaşamış erməni icmasının nümayəndələri ilə aparılacaq, Qarabağda aparıcı mövqe tutmaq üçün kənardan ixrac edilmiş şəxslə deyil.

Slovakiyanın "teraz.sk" portalında yerləşdirilmiş "Azərbaycan və Ermənistan liderləri oktyabrdan bəri ilk dəfə sülh barədə müzakirələr aparıblar" sərlövhəli məqalədə Münxendə üçtərəfli görüşdən ətraflı bəhs edilib. Məqalədə Azərbaycanın sülhpərvər niyyəti və sülh danışıqlarına sadiqliyi dövlətimizin başçısı İlham Əliyevin fikirləri ilə aydın şəkildə ifadə edilib: "Düşünürəm ki, bu, (sülh sazişi - red.) ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər".

"Time.news" portalında yayımlanan "Azərbaycan Prezidenti: İsrail ilə strateji tərəfdaşlıq bizim həyat tərzimizdir" sərlövhəli məqalədə isə Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit arasında görüş, Azərbaycandakı yəhudi icmasına münasibət və eləcə də Azərbaycan-İsrail əlaqələri diqqət mərkəzində olub. Qeyd edilib ki, Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə mövcud olan strateji tərəfdaşlıq və uğurlu dostluq min illərdir bizim həyat tərzimizə çevrilib. Azərbaycan ölkədəki sinaqoqların normal fəaliyyəti üçün hər cür şəraiti yaradır. Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələri daha da inkişaf etdirəcək.

Məqalədə Prezident İlham Əliyevin Münxenə səfəri çərçivəsində ATƏT-in baş katibi Helqa Maria Şmid ilə də görüşündən bəhs olunub. Baş katibin bu görüş barədə tviter hesabında etdiyi paylaşımda bir sıra məsələlər ətrafında Azərbaycan Prezidenti ilə yaxşı söhbət apardığını, habelə etimadın yaradılması, bağlantıların gücləndirilməsi və iqtisadi sahədə təhlükəsizliyə töhfə vermək üçün Qara dəniz regionunda əməkdaşlıq istiqamətində fəaliyyətin vacibliyini vurğulaması qeyd edilib.