Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər

YAP Veteranlar Şurası

"Heydər Əliyev İli" çərçivəsində aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbirdə YAP-ın Səbail rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə ADPU-nun binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kinorejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin "Əsl məhəbbət haqqında" filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyev uzaqgörən və müdrik şəxsiyyətdir. Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına həsr etdiyini deyən təşkilat sədri qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimizdir.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələni təşkil edib: "Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. Hələ sovetlər dövründə Heydər Əliyev müstəqilliyimizin təməllərini atmışdı. 1970-ci illərdə Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit olunması, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilməsi, onların peşəkar milli kadrlar kimi yetişdirilməsi o dövr üçün Ulu Öndərin xalqımızın qarşısında böyük xidmətləridir".

Daha sonra gənclərin sualları cavablandırılıb.

 

Füzuli

Aprelin 5-də Füzuli rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində "Heydər Əliyev müasir, müstəqil Azərbaycanın memarıdır!" mövzusunda konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb.

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.

Tədbirdə Vətən müharibəsi şəhidi Elnur Quliyevin anası Marusa Həsənova, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Vüqar Bayramov və Milli Məclisin deputatı Aqil Abbas çıxış ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

 

Oğuz

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü il aprelin 5-də YAP Oğuz rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Şəki Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Sonda partiya həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim edilib.

Xaqani KOSAYEV,

“Respublika”.