Sərhədlərin delimitasiyası vacib şərtdir
Digər xəbərlər

Sərhədlərin delimitasiyası vacib şərtdir

Müharibə sadəcə olduğu dövrə yox, özündən sonrakı dövrə də böyük təsir göstərir. Normallaşma prosesi, qələbə və ya məğlubiyyət hissi, yenidənqurma işləri, maliyyə məsələləri, digər dövlətlərin ərazi bütövlüyünü tanıması və sair mövzular xüsusi diqqət tələb edir. Buna əlavə olaraq deyə bilərik ki, müharibədən sonra ən mühüm məsələ sərhədlərin qarşılıqlı olaraq tanınması, delimitasiyasıdır. Bu mənada çoxtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, dövlətlərin ortaq qərara gəlməsi mütləqdir.

44 günlük Vətən müharibəsi qısa zamanda yekunlaşsa da, mənfur düşmənin hiyləgərliyi nəticəsində hələ də sülh sazişi imzalanmayıb. Ölkə başçımızın qarşı tərəfi mütəmadi şəkildə sülhə çağırması, ədalətli təkliflər irəli sürməsinə baxmayaraq, Paşinyan hakimiyyəti razılığa gəlmir.

Bunun tək səbəbi öz xalqının, ölkəsinin rifahını düşünməyən baş nazirin və "bacı-qardaşlar"ının bitmək-tükənmək bilməyən iştahıdır. Tək arzusu "böyük Ermənistan" olan Paşinyanın bu istəyi elə xülya olaraq da qalacaq. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sülh və delimitasiya məsələsi bu ilin sonuna qədər öz töhfələrini verəcək. Haylar nə qədər qəbul etməsə də bu, mütləq belə olacaq. Ermənistan hakimiyyəti artıq həqiqəti yavaş-yavaş da olsa qəbul etməyə başlayıb. Hazırda davam edən konstruktiv danışıqlar nəticəsində vacib bir çox addımlar atılıb. Görüşlərin ümumiləşdirilmiş nəticəsi olaraq onu deyə bilərik ki, Ermənistan artıq Prezident İlham Əliyevin həftələr öncə dediyi sözlərə gəlib çıxır: "Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə "B" də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".

Belə ki, mayda baş tutan üçtərəfli görüşün sonunda Hayastan tərəfi Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyiblər. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə qəbul edib.

2022-ci il mayın 23-də keçirilən üçtərəfli görüşdən sonra öz şəxsi sosial media hesabında paylaşım edən Şarl Mişel bildirib: "Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir".

Mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub. Görüşdə komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Sərhədlə bağlı atılan bu addımları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel müsbət qiymətləndirib.

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Həmçinin burada komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. Həmçinin qeyd edək ki, komissiyanın 2022-ci il mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə görüşləri keçirilib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".