Azərbaycan tarının Sadıqcanı
Mədəniyyət

Azərbaycan tarının Sadıqcanı

Əbəs yerə Şuşanı Qafqazın Konservatoriyası, Azərbaycanın musiqi mərkəzi adlandırmayıblar. Bu şəhər Azərbaycan mədəniyyətinə onlarla musiqi xadimi, musiqi bilicisi bəxş edib. Həmin insanlar mədəniyyətimizin inkişafı və təkmilləşməsi yolunda böyük xidmətlər göstərmişlər. Belə sənətkarlardan biri də 1846-cı ildə Şuşada gözətçi işləyən Mirzə Əsədin ailəsində dünyaya gələn Sadıqdır. Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəsi olub. Oğlundakı gözəl səsi hiss edən ata, onu Xarrat Qulunun məktəbinə aparır. Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq, məlahətli avazından xoşu gəlib və məktəbinə qəbul edir. Sadıqdan başqa, bu məktəbin məzunları Şuşanın ən məşhur muğam ifaçıları, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keştazlı Həşim və Keçəçi oğlu Məhəmməd idi.  Sadığın musiqiçi kimi formalaşmasında bu məktəbin böyük təsiri olmuşdu.

Xalq mahnılarını özünəməxsus şəkildə oxuyan Sadığın 18 yaşında səsi qəflətən batır. Amma bu, onu ruhdan salmır. Musiqiyə, sənətə bağlı olan gənc bir müddət tütək, ney, daha  sonra kamança çalır. Sadıq bu alətlərdə gözəl ifa etsə də, yalnız özünü tarda tapır. Bülbül öz xatirələrində yazır ki, Mirzə Sadığın tar müəllimi XIX əsrdə yaşamış məşhur tarzən Mirzə Muxtar Məmmədov idi. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddət ərzində istedad və qabiliyyətinin sayəsində bu sənətin sirlərinə yiyələnərək hətta müəllimindən da yaxşı tar çalmağa başlayır.  Ustadı Mirzə Muxtar Sadığın bu istedadına sevinərək qibtə ilə deyərmiş: "Kaş mənim var-dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı". Bəzən bir təsadüfi hadisə insan həyatını tamamilə dəyişir, başqa istiqamətə yönəldir. Sadığın da taleyinə belə bir qismət yazılmışdı. O,  bir müddət sonra tarın mahir ifaçısı və ustadı Sadıqcan kimi məşhurlaşdı. Belə ki, Sadıq müəllimi Mirzə Muxtarın ansamblında  kamança ifa edirdi. Lakin bir gün Mirzə Muxtar xəstələnir və onu tarda Sadıq əvəzləyir. Tarda öz qabiliyyətini ustalıqla nümayiş etdirdikdən sonra  qazandığı uğurdan ilhamlanan Sadıq, özünü tara həsr edir və hər dəfə tarda bacarıqlarını təkmilləşdirirdi.

XIX əsrin əvvəllərində Şuşa inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə Qafqazdan gələn şairlər, dramaturqlar, məşhur musiqiçilər və rəssamlar fəaliyyət göstərərək, teatr nümayişləri və görüşlər keçirirdilər. Sadığın tarzən kimi tanınmasında, Şuşada keçirilən musiqi məclisləri böyük rol oynamışdır. Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" və "Məclisi-xanəndə" və Xurşidbanu Natəvanın təşkil etdiyi məclislərdə müğənnilər və musiqiçilər öz sənətlərini nümayiş etdirir, musiqi nəzəriyyəsinin problemləri ilə əlaqədar müzakirələr aparırdılar. Bu məclislərdə iştirak edən şairlər əsərlərini səsləndirir və müsabiqələr təşkil olunurdu. Sadıq həmin məclislərdə iştirak etdiyindən, onun adı artıq qonşu ölkələrdə tanınırdı.

Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. O, tarı təkmilləşdirərək, bu alətdə virtuoz ifaların imkanlarını genişləndirdi,  tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırdı. Həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı, "Mahur" muğamını təkmilləşdirdi. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı"nın yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. XIX əsrin ikinci yarısında Azərbaycan muğam sənəti inkişaf etdiyi üçün beş simli tar bu tələbləri yerinə yetirə bilmirdi. Ona görə də tarda böyük dəyişikliklər etmək lazım idi. Bu baxımdan Sadıqcanın Azərbaycan mədəniyyətindəki xidmətləri əvəzsizdir. Bəli, o mədəniyyət tarixində bir novator idi. Sadıqcan təkcə tarın quruluşunda dəyişiklik etməmişdir. Həm də tarın təqdim formasını da dəyişmişdir. Ustad tarzən tarı diz üstündən sinəyə qaldırmışdı. Sadıqcana kimi tarı diz üstə, əyilərək ifa edərmişlər. Lakin o, ilk dəfə  tarı sinədə ifa etməyi tətbiq etmişdir. Onun bu dəyişikliyindən sonra, solo instrumental ifaçılıq daha çox müvəffəqiyyət qazanır.

1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yaradılır. Ansamblın tərkibinə, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən - Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və başqalarını qeyd etmək olar. Artıq öz ifası ilə bütün bölgədə və ətraf ərazilərdə şöhrətlənən Sadığın gözəl çalğısı haqqında eşidən şamaxılı Mahmud ağa onu Şirvana dəvət edir. Bir müddət Şamaxı məclislərində məharətli ifası ilə özünə çoxlu pərəstişkar qazanan Sadıqcanın paxıllığını çəkənlər də az olmur. Təbiətən xeyirxah və nəcib olan Sadıqcan həcvlərə dözməyərək yenidən Qarabağa qayıdır. Mahmud ağa Sadıqcanın getməsindən çox kədərlənir. Bu səbəbdən də Şirvanda böyük nüfuza, hörmətə sahib olan Seyid Əzim Şirvanidən xahiş edib ki, Sadıqcanı geri qaytarmaqda ona kömək etsin. Seyid Əzim dəfələrlə məktub yazsa da, ismarıc göndərsə də, Sadıqcan geri qayıtmır. Hətta Mahmud ağa tarzəni qonaq çağırsa da, Sadıqcan sözündən dönmür. Xan qızı Natəvan da Sadıqcanın xətrini həddən artıq istəyirmiş. Həmin vaxtlarda demək olar ki, Sadıqcan Xan qızının məclislərinin yaraşığı olub. "Məclisi-üns" Sadıqsız keçməzmiş. Deyilənlərə görə, Sadığın üstündə Mahmud ağa ilə Natəvan arasında uzun illər yazışma olub. Mahmud ağa Sadıqcanı öz yanına çağırmaqdan vaz keçmir, Xan qızı da tarzəni öz məclislərindən getməyə icazə vermirdi. İş o yerə çatmışdı ki, Seyid Əzim Şirvani Sadıqcanın arxasınca Şuşaya kimi gəlmişdi.

Sadıqcan Şuşada musiqi məclislərində iştirak etməklə yanaşı, həm də Tiflisdə konsertlər də verərmiş. 1886-cı il dekabrın 29-da Tiflisdəki "Artsruni" teatrının binasında Mirzə Fətəli Axundovun "Həkimi-Nəbatat Müsyö Jordan və dərviş Məstəli Şah" tamaşası səhnəyə qoyulur. Tamaşanın fasiləsində Mirzə Sadıq və məşhur muğam ifaçısı Mirzalı ifa edirlər. Onların bu uğurlu çıxışı o vaxtı Tiflisdə nəşr olunan "Qafqaz rəyləri" qəzetində də işıqlandırılır. Artıq onu Qarabağdan kənarda, Cənubi Qafqazda, Şərq dünyasında yaxşı tanıyırdılar. Onu tez-tez öz məclislərinə, toylarına, xeyir işlərinə dəvət edərdilər. Sadıqcanın adı Cabbar Qaryağdıoğlu kimi xanəndə ilə yanaşı çəkilirdi. 1872-ci ilin martında Novruz bayramı münasibətilə onu İranın Rusiyadakı səfiri Sankt-Peterburqa dəvət etmişdi. Həmin səfərdə o, məşhur xanəndə Səttarla çıxış edirdi.

Xalq rəssamı Lətif Kərimovun "Musiqi lüğətinin izahı" adlı əsərindən məlum olur ki, XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən yüksək dərəcədə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə "can" kimi yüksək ad və yaxud təxəllüs verilərdi. Belə bir əzizləmə Mirzə Sadıqdan başqa bir məşhur müğənniyə də müyəssər olmuşdur. Bu da məşhur xanəndə Əbdülbağı Zülalov (Bülbülcan) idi.

Sadıqcan həm də pedaqoq kimi tanınırdı. Onun uşaqlığı firavan keçməmişdi. İkiotaqlı kiçik evdə böyüyən Sadıqcan, illər sonra, Şuşanın ən gözəl küçələrinin birində üçmərtəbəli ev tikdirir. Lakin ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində 1992-ci ildə Şuşa da işğala məruz qaldı. Nəticədə, şəhərlə yanaşı, Sadıqcanın evi də vəhşi toplum tərəfindən dağıdılıb talan edilmişdi. Lakin  Şuşa işğaldan azad edildikdən sonra, dövlətimizin xüsusi diqqəti nəticəsində Sadıqcanın da evi bərpa edilərək yenidən qurulur.

Sadıqcan 1902-ci ildə Şuşada 56 yaşında vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".