Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olunub
Digər xəbərlər

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olunub

Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Mustafa Şentop plenar sessiya çərçivəsində müzakirə olunan mövzuların əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, TBMM-nin APA-ya sədrliyi dövründə gördüyü işlər haqqında məlumat verib, bu platformanın parlamentlərarası əməkdaşlığa töhfələri haqqında fikirlərini ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova qardaş ölkənin Asiya Parlament Assambleyasına son 5 ildəki rəhbərliyinin təşkilatın fəaliyyətinə mühüm töhfələr verdiyini qeyd edib. O, həmçinin tədbirdə müzakirə olunan məsələlərin müasir çağırışlara həsr olunduğunu, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinə fayda verdiyini söyləyib. Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bu cür əməkdaşlıq platformalarının imkanlarından uğurla istifadə etdiyini deyən Milli Məclisin sədri qeyd edib ki, Asiya böyük regiondur və onun siyasi-iqtisadi potensialı böyükdür.

Görüşdə qeyd olunub ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Vurğulanıb ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr mövcuddur. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Bu mənada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin genişlənməsinə qardaş Türkiyənin dəstəyi ifadə olunub.

Sahibə Qafarova Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərini xatırladıb, tarixi xəritələrin və sənədlərin müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu ərazilərdə əsrlər boyu yaşadığını sübuta yetirdiyini bildirib.

Milli Məclisin sədri ekofəalların Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün istifadə etməsi, minalar basdırması və digər məsələlər barədə də geniş məlumat verib.

TBMM sədri Mustafa Şentop deyib ki, Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verir, Ermənistanın təxribatçı davranışları regionda sülh və təhlükəsizliyi təhdid edir. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq ədaləti bərpa etdi və öz haqqını aldı. Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.