Azərbaycanda orta aylıq nominal əməkhaqqı artıb
İQTİSADİYYAT

Azərbaycanda orta aylıq nominal əməkhaqqı artıb

1 fevral 2021-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,3 min nəfər və ya 2,6 faiz artaraq 1684,4 min nəfər olub.

Onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 796,1 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatının muzdla çalışan işçilərin orta nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 690,9 manat təşkil edib.

Bu ilin ilk rübündə orta əməkhaqqı miqdarı fevral ayı üçün 692 manat, mart ayı üçün isə 713 manat olmuşdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2,0 faiz artaraq 1679,7 min nəfər olmuş, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi səhiyyə və sosial xidmətlərinin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta sahəsi, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən artaraq 722,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elm və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Kamil İSMAYILOV,

“Respublika”.