Azərbaycanda pravoslav xristianların Milad bayramı qeyd olunub
Digər xəbərlər

Azərbaycanda pravoslav xristianların Milad bayramı qeyd olunub

Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.

Bayram yanvarın 6-dan - Müqəddəs axşamdan başlayıb. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrü hesab olunur. Adət-ənənəyə görə, Günəş batandan sonra ailənin bütün üzvləri masa arxasında toplaşırlar. İsa Peyğəmbərin həvarilərinin sayına uyğun olaraq süfrəyə 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs axşamın ən əsas yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Azərbaycanda pravoslav xristian icması hər il Milad bayramını qeyd edir. Xristianlığın Azərbaycanda çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizdə yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlər boyu torpağımızda dinc yanaşı yaşayıb və insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında çox əhəmiyyətli rol oynayıb. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvləridir, onun həyatında fəal iştirak edirlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.

Prezident İlham Əliyev hər il Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edir. Təbrikdə deyilir: "Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir. Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər".

Bununla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər yerinə yetirilib.

Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) Milad ibadətindən əvvəl jurnalistlərə müsahibəsində deyib: "Bu gecə bütün pravoslav xristianlar, Şərq xristianları İsa Peyğəmbərin mövludunu bayram edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri ən sevimli və uğurlu bayramlarından biridir. Bu günün nə demək olduğunu biz İncildə oxuyuruq. Lakin bu bayramın mahiyyətini anlamaqdan ötrü mələklərdən eşitdiyimiz sözlərə müraciət etmək lazımdır. Onların Milad gecəsi çobanlara tərənnüm etdikləri mahnıda bu sözlər yer alır: Göylərin Rəbbi olan Allaha həmd olsun, Yer üzündə sülh və insanlara mərhəmət olsun.

Milad bayramı həmişə sülhlə assosiasiya edilib. Lakin tarixə, İsa Peyğəmbərin doğulduğu dövrə, bu günə baxsaq görürük ki, Yer üzündə sülh həmişə az olub və az olaraq qalmaqdadır. Sülhə müharibələr, əhval-ruhiyyə şərik çıxır. Biz istər-istəməz sual veririk: Bəs bu bayram nə gətirib, mahnı nə idi, mələklər sülhün əvəzində nə veriblər? Bu suala cavabı bizim ənənəmiz verir. Deyilir ki, sülhü insan hər şeydən əvvəl özündə, öz qəlbində axtarmalıdır. Bu sülhü insan öz yaxınlarına, əhatəsində olan hər kəsə arzulamalıdır. Əgər sülh eqoistlik üzərində qurulubsa, Yer üzündə sülh mümkün deyil. Buna görə də bugünkü bayramda mən hər kəsə təkcə özü üçün deyil, başqa insanlar üçün də sülh, ədalət axtarmağı arzu edirəm. Əziz həmvətənlər, bayramınız mübarək".

Emin QASIMOV,

“Respublika”.