Azərbaycanın ər oğulları
Sosial həyat

Azərbaycanın ər oğulları

Zəfərlə yekunlaşan Vətən müharibəsi nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha sübut etdi. Onların arasında ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu. Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək Vətən uğrunda şərəflə vuruşub zəfər çaldı, adlarını tarixə yazdırdılar.

Hər birimiz yaxşı xatırlayırıq 2020-ci il sentyabrın 27-si tarixini. Böyük Zəfərin, Qələbənin başlanğıcı qoyulan gün. Həmin o günlər, müharibənin qızğın çağlarında bir şəhid anasının döyüşən ordunun əsgərlərinə ünvanladığı məktubun bir neçə gün təsiri altından çıxmamışdım: "Döyüşün, oğullarım, yağı düşməni müqəddəs torpaqlarımızdan qovun, qalib gəlin. Qələbəmizdən sonra qarşıma çıxan ilk qalib əsgəri şəhid oğluma əvəz bağrıma basacam...".

Azərbaycan əsgəri, müqəddəs Vətənimizin igid, ər, qəhrəman oğulları! Qoynunda dünyaya göz açdığınız Vətənin oğlu adını şərəflə daşıyırsınız. Vətənin məcnunu kimi bütün maneələri, çətinlikləri qorxmadan dəf edirsiniz. Sinənizi güllə və mərmilərə gözünüzü qırpmadan sipər etməyə hazırsınız. Ayaq səsləriniz, məğrur duruşunuz, qorxmazlığınız düşmənləri lərzəyə salır. Ayağınız dəyən torpaqları azad etdiniz, xalqımıza sevinc, başucalığı gətirdiniz, qürur yaşatdınız. Sizin bir dağ kimi yenilməz duruşunuza, ucalığınıza düşmən həsəd aparır.

44 günlük Zəfəri bizlərə bəxş etdin, Azərbaycan əsgəri! Bu şərəfli səhifələri qəhrəmanlıq tariximizə al qanınızla yazdınız. Rəşadətiniz dastan olub dillərdə dolaşdı, kitablara sığmayan qəhrəmanlıq göstərdiniz. Qalibiyyət bayrağımızı bütün ərazilərimizdə ucaltdınız. Diz çökdü qarşınızda pis niyyətlilər. Odur ki, Qalib əsgər adını bu gün də şərəflə daşıyırsan, Azərbaycan əsgəri!

Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş "Qaradağ şahinləri" taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. Natiq Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən "Kür" avarçəkmə bazasında məskunlaşmış, Xocalı şəhər sakini Cəfər Cəfərovun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün digər xocalılılarla birlikdə, o da girov götürüb və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparılıb. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.

Ermənistan hərbçiləri orada Cəfəri Alban kilsəsində mövqe tutmuş Azərbaycan hərbçiləri ilə danışığa göndərmiş, əgər təslim olmasalar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildiriblər.

Cəfər sürünə-sürünə kilsəyə gedir. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Natiq ilə rastlaşır. Natiqin 5 gün ərzində təkbaşına və ac-susuz döyüşərək taqətdən düşdüyünü görür. Natiq Cəfərin: "Axı imkanın var idi nə üçün geri çəkilmədin?" - sualına: "Komandirim mənə mövqeni tərk etməməyi tapşırıb. Bir də ki, yuxarıda dalğalanan Azərbaycan bayrağını burada qoyub necə gedə bilərdim?" - cavabını verir.

Bu, qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığının, vətənpərvərliyinin göstəricisi deyilmi? "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı isə vətənpərvərliyi, Vətən sevgisidi!..

Və yaxud, bir şimşək ömrü yaşayaraq Vətən, torpaq yolunda qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə ucalmış, 10 dekabr 2020-ci ildə keçirilmiş Zəfər Paradında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan şəhidlərinin sərdarı adlandırdığı Mübariz İbrahimovun igidliyi də heç zaman solmayacaq. 2010-cu ilin 18 iyun tarixində ölümə meydan oxuya-oxuya düşmən üzərinə gedir. Mübarizin qəzəbdən, nifrətdən yanan ürəyini ancaq düşmənin məhvi söndürə bilir. Bu qeyrətli, ürəyində sonsuz Vətən, torpaq sevgisi gəzdirən Azərbaycan əsgərinin güllələri boşa getmir. Bir neçə saat təkbaşına, qeyri-bərabər davam edən döyüşdə Mübariz İbrahimov əsl qəhrəman kimi şəhid olur, gözlərini əbədi yumur...

Torpaq, Vətən uğrunda göstərilən qəhrəmanlıqlar heç zaman unudulmur. 44 günlük Vətən müharibəsi göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli, Mübariz cəsarətli minlərlə Vətən övladları var.

Azərbaycan əsgəri, Qələbə sorağınız dünyanı dolaşdı. Ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldiniz, qazi adını şərəflə qazandınız. Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı cəsarətlə yerinə yetirdiniz. Bu böyük qələbəni isə bizlərə qəhrəman Azərbaycan əsgərləri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Zəfər Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir. Odur ki, canınız-qanınız bahasına tarix yazan igidlərimiz, qəlbimizdə daim yaşayacaqsınız. Bu zəfərə gedən yolda isə minlərlə vətən övladlarının dillərə dastan olacaq çoxsaylı qəhrəmanlıq salnaməsi var.

Müşfiq MİRZƏ,

"Respublika".