Baş Prokurorluq Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb
Digər xəbərlər

Baş Prokurorluq Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bəyanatda deyilir: "Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda, qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.

Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni hədəf alması 1988-ci ildən bu günədək davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsidir.

Belə ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 2020-ci il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə saatlarında hədəfə alınıb.

Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır.

 İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!".

AZƏRTAC