Beynəlxalq təşkilatlar ölkəmizin
Siyasət

Beynəlxalq təşkilatlar ölkəmizin "yaşıl enerji" siyasətini yüksək dəyərləndirirlər

Prezident İlham Əliyevin neft-qaz, eləcə də "yaşıl enerji" sahəsində müəyyənləşdirdiyi strategiya Avrasiya materikində geosiyasi vəziyyətin yaxşılaşdırılmasına böyük töhfə verir. Bir vaxtlar bəzi qüvvələrin xəyal adlandırdıqları Cənub Qaz Dəhlizi dövlətimizin başçısının qətiyyəti, uzaqgörən və siyasi iradəsi sayəsində reallaşıb. Artıq üç ildən çoxdur ki, Azərbaycanın təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra dövlətlərə ixrac olunur. Ölkəmizdə həyata keçirilən böyük layihələr nəticəsində istehsal olunan "yaşıl enerji"nin də Avropa dövlətlərinə ixracı mümkün olacaq.

Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Azərbaycanın zəngin təbii qaz yataqlarına malik olması, istismarda olanlarla yanaşı, yeni yataqların da yaxın vaxtlarda qaz hasil etməsi istiqamətində görülən işlər, eləcə də respublikamızın Avropanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr haqqında məlumat verib.

Bu gün müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər səviyyədə ölçülür. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazı 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən "Abşeron" yatağında təbii qazın kommersiya hasilatının həcmi 1,5 milyard kubmetrə çatıb, ikinci fazada isə 4-5 milyard kubmetrə çatdırılması gözlənilir. Hasil olunacaq qazın böyük hissəsi beynəlxalq bazarlara nəql olunacaq. Nəhəng xarici şirkətlər, maliyyə institutları Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliklərinin nəhəng enerji şirkəti olan ADNOC Abşeron layihəsinin səhmdarıdır. Bununla yanaşı, növbəti ildə "Azəri-Çıraq-Günəşli" qaz layihəsindən, sonrakı illərdə "Ümid" yatağından qaz hasil ediləcək. Beləliklə, Azərbaycandan Avropaya ixrac olunacaq təbii qazın həcmi artırılacaq, ölkəmizdən mavi yanacaq almaq istəyən xarici dövlətlərin sayı artacaq. Görülən işlər, həyata keçirilən layihələr Azərbaycanda təbii qazın azalmasını iddia edən qüvvələrə, dövlətlərə layiqli cavabdır. Avropada Azərbaycan qazına böyük tələbat var və dövlətimiz kifayət qədər qaz hasil etmək imkanına malikdir.

Ölkə başçımız çıxışında, həmçinin Azərbaycanın zəngin neft-qaz yataqlarına malik olmasına baxmayaraq, "yaşıl enerji" sahəsində də böyük layihələrin icra edildiyini və bu istiqamətdə işlərin aparıldığını da vurğulayıb. Respublikamızda günəş və küləklə işləyən elektrik stansiyaları inşa olunub və belə stansiyaların tikintisi davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri Azərbaycanda bərpaolunan enerji stansiyalarının tikintisində yaxından iştirak edir. Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından böyük potensialı var və bu sahədə xarici şirkətlərlə əməkdaşlıq imkanları getdikcə şaxələnir. Azərbaycanın "yaşıl enerji" sahəsində apardığı siyasəti və həyata keçirdiyi böyük layihələri dünya dövlətləri və beynəlxalq təşkilatlar yüksək dəyərləndirir. Bir çox dünya dövlətləri Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayırlar. Bütün bu amilləri nəzərə alaraq dünya dövlətləri yekdilliklə COP29 kimi nüfuzlu konfransın ölkəmizdə keçirilməsi barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın dünyada böyük nüfuza malik olmasının göstəricisi və ölkəmizin uğurudur.

Prezident cənab İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin bölgədə yerləşən dövlətlərlə yanaşı, bir sıra Avropa ölkələrinin enerjiyə olan tələbatının ödənilməsinə böyük töhfə olduğunu diqqətə çatdırıb.

Məlumdur ki, Azərbaycan qazına olan tələbat hər il artır. Ölkəmizdə hasil edilən təbii qazın həcmi artdıqca digər dövlətlərə də qaz ixracı həyata keçiriləcək. İxrac ediləcək təbii qazın digər ölkələrə çatdırılması üçün bir neçə interkonnektorlar tikilib. Prezident cənab İlham Əliyev müsahibəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutlarının, bir sıra dövlətlərin və böyük şirkətlərin Azərbaycana dəstək olduğunu da vurğulayıb. Bu, Prezident İlham Əliyevə olan inamın, etimadın nümunəsidir. Dünya liderləri ölkə başçımızın sözünün imzası qədər dəyərli olduğunu bildirirlər.

Prezident İlham Əliyev dünyada baş verən iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işlər barədə də məlumat verib. Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində həyata keçirdiyi layihələrlə dünya dövlətləri arasında ön sıradadır. 10 il ərzində ölkəmizdə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə daxili bazarda təbii qaz istehlakını da azaldacaq. Ölkə başçımızın uzaqgörən, müdrik siyasəti sayəsində neft və qazdan gələn gəlir inkişafa, tərəqqiyə, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəlib.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, professor.