Ermənistan rəqabət meydanına çevrilib
Siyasət

Ermənistan rəqabət meydanına çevrilib

Ötən illər ərzində Cənubi Qafqaz regionunda strateji balans formalaşdırılmışdır. Gürcüstan daim Avropa İttifaqı və NATO üzvlüyünə can atıb və proses hələ də davam etməkdədir. Ermənistan öz növbəsində KTMT-yə üzv ölkədir. Azərbaycana gəldikdə isə dövlətimiz heç bir hərbi alyansa meyil etmədi və nəticədə Qoşulmama Hərəkatına üzv oldu. Rəsmi Bakı hər zaman ikitərəfli əlaqələri üstün tutub.

Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmadan üzv olduğu hərbi-siyasi blokdan çıxmaq və Rusiya ilə münasibətlərinə müəyyən məhdudiyyətlər qoymaq istəyir. Lakin bu, daha çox bəyanat şəklində özünü büruzə verir, nəinki real addımlarda. Çünki Ermənistan hələ də həmin qurumun üzvüdür. Qərb qonşumuz digər tərəfdən də öz ərazisinə Rusiya ilə rəqabətdə olan qüvvələri cəmləşdirir. Ona görə də Ermənistanda kəsişən qüvvələr çoxdur. Həm Qərb, həm Rusiya, həm də İran burada maraqlarını təmin etməyə çalışırlar. İrəvan bu hər üç qüvvədən Azərbaycana qarşı istifadə etmək istəyir. Nəzərə alaq ki, ötən 25 ildə bu amil onlara kömək edib, işğalçılıq siyasətini davam etdiriblər. Son 3 il ərzində də məhz bu qüvvələr Azərbaycana qarşı əməkdaşlıq etmək niyyətində olub.

Amma 2020-ci ildən etibarən vəziyyət dəyişib. Bundan sonra artıq Ermənistan rəqabət meydanına çevrilib. Hər üç qüvvə - Rusiya, İran və Qərb işğalçı ölkəyə tarixin müəyyən dövrlərində köməklik göstərdiyindən, indi də onlardan gözləntiləri var. Nəticədə həmin güclərin arasında kəskin ziddiyyətlər mövcud olduğundan İrəvan öz ərazisini mübarizə meydanına çevirib.

Fərhad MƏMMƏDOV,

politoloq.