Mina terroruna dünya niyə susur?
Siyasət

Mina terroruna dünya niyə susur?

Postmüharibə dövrünün ən acı reallıqlarından biri də məhz mina terrorudur. Azərbaycan tərəfinin Ermənistandan real mina xəritələrini tələb etməsinə baxmayaraq, Qərb qonşumuz bəhanələr gətirərək müddəti uzadır.

Lakin mütləq həqiqət dərk edilməlidir ki, mina partlayışının təsirləri dağıdıcıdır və təhlükəsi mövcud olduğu yerdən daha böyük əraziləri əhatə edir. Partlayış nəticəsində insanlar həlak olur, heyvanlarla yanaşı, flora və faunaya, torpağın münbitliyinə, ekosistemə ciddi, dağıdıcı təsir göstərir.

Hazırda Azərbaycan öz gücünə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını uğurla aparır. Cari ilin oktyabrında Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 767 mina, tank əleyhinə 928 mina və 8537 ədəd partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bundan əlavə, ay ərzində 6687,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Azərbaycan tərəfi dəfələrlə xarici nümayəndələrə müraciət edib ki, Ermənistanı mina xəritələrini verməkdə məcbur etsinlər. Təəsssüf ki, bir sıra qüvvələr bu reallığa lal, kar-kor siyasəti yürüdür. Bu məsələdə baş rolda da məhz Cənubi Qafqaz sevdalısı Fransadır. Əslində rəsmi Parisin Ermənistana bu məsələdə təzyiq göstərməməsi gözləniləndir. Çünki Fransa özü də illərdir minalama siyasəti yeridir. Bu iki "dost" ölkəni siyasi maraqlardan daha çox təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməllərin dövlət ideologiyasına çevrilməsi birləşdirib. Məlum məsələdir ki, Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən dövlətlərdən biridir. Rəsmi Parisin ötən əsrin sonlarında törətdiyi cinayət, genosid faktları, neokolonialist siyasəti göz önündədir. 1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada əhalinin 20 faizi məhv edilib. Bu cinayətdən illər sonra Ruandada kütləvi qırğınların qurbanı olan 7 min nəfərin qalıqları tapılıb. Hələ də soyqırımı qurbanlarının basdırıldığı yerlər üzə çıxmaqdadır. Eynilə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər kimi.

Xocalı soyqırımından iki il sonra dünyanın başqa bir yerində belə bir cinayətə imza atan Fransanın Ermənistanla bir mövqedə olması təəccüb doğurmur. Qərb qonşumuz illərdir ki, kütləvi məzarlıqların yerini açıqlamır. Ölkəmiz öz imkanları ilə Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlayıb. Ötən il araşdırmalar nəticəsində Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Məlumata əsasən, məzarlarda 1990-cı illərdə Ermənistan qoşunları tərəfindən öldürüldüyü iddia edilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilib. Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə edam edilmiş 12 hərbçinin qalıqları tapılıb. Onların kəllə sümüklərindəki izlər güllələndiklərinin təsdiqi olub. Əsgərlərə və mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılıb. Cari il iyunun 3-də isə Şuşa həbsxanasının ərazisində 4, avqustun 15-də isə 17 şəxsə aid ehtimal edilən insan qalıqları tapılıb.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusunun qalıqları qarşı tərəfə təqdim olunub. Lakin erməni tərəfi bunun tam əksinə edir. Nə mina, nə də kütləvi məzarlıqların yerini hələ də dəqiq açıqlamır. Şübhəsiz ki, Ermənistanın havadarının da burada rolu var.

"Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər ikisinin mina terroru ilə məşğul olmaq təcrübəsidir". Prezident İlham Əliyev belə qeyd edib.

Fransa və Ermənistanın birgə yürütdüyü bu siyasətə beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Qərbin insan hüquqları ilə bağlı yüzlərlə təşkilatı var. Lakin məlum məsələdir ki, hazırda siyasi arenada öz sözünü deyə bilən qurumların əksəriyyətinin baş qərargahı məhz Fransada yerləşir. Bütün bu faktlara baxmayaraq, ölkəmizin haqq səsini dünyaya çatdırmağa çalışan qüvvələr də mövcuddur. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda keçirilən ictimai dinləmədə beynəlxalq təşkilatları mina problemi ilə mübarizə məsələsində Azərbaycana dəstək verməyə çağırıb. Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana minatəmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina təmizlənənədək davam edəcək.

Ermənistan və havadarları bu siyasətlərinə görə cavab verməlidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".