Bir obrazın -
Sosial həyat

Bir obrazın - "Kefli İsgəndər"in taleyi

Ədəbi əsərlər yazıldığı dövrün zəmanənin reallığını əks etdirirsə, həmin ədəbi nümunələrin taleyi həmişə uğurlu olur, müxtəlif nəsil oxucular tərəfindən sevə-sevə oxunur, aktuallığını qoruyub saxlayır. Ədəbi mövzu həyatdan qaynaqlananda onun ömrü uzun olur, bütün dövrlərdə oxucunun diqqətini cəlb edir. Qarabağ gözəlliklər diyarı, musiqi beşiyi, həm ədəbi qəhrəmanlar yurdudur. Bir çox bədii əsərlərdə təsvir olunan hadisələr, ədəbi qəhrəmanlar bu qədim diyarla bağlıdır. 114 il bundan əvvəl yazılmış əsər bu gün unudulmur teatrlar dönə-dönə həmin əsərə müraciət edir. Söhbət Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis beş pərdədən ibarət olan "Ölülər" komediyasından gedir.

"Ölülər" əsərində xürafat, cahillik, savadsızlıq, müştəbeh din dəllallarının qara əməlləri, 8-9 yaşlı qız uşaqlarının faciəli taleyi çox ciddi ustalıqla tənqid olunur, cəmiyyəti oyatmaq üçün yazıçı bir çox məsələlərin üzərinə işıq salır. Əsərin baş qəhrəmanı Kefli İsgəndər bir qrup avam adamı aldadan, onların sadəlövhlüyündən sui-istifadə edən, iranlı Şeyx Nəsrullahın "ölü diriltmə" yalanına inanmır, hər yerdə onu ifşa edir. Şeyx Nəsrullah kimi zəmanəsinin fırıldaqçı mollalarının yalanlarına, onların saxta əməllərinə inanan insanlara "ölülər" deyən Kefli İsgəndər, sadəcə bir ədəbi qəhrəman deyil, böyük ədib Cəlil Məmmədquluzadənin real həyatdan götürdüyü obrazdır.

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Cəlil məqalə xatirələrində Kefli İsgəndərin yüzlərlə ziyalının ümumiləşmiş obrazı olduğu haqqında məlumat verib. Ona görə Kefli İsgəndər obrazının real prototipləri barədə müxtəlif versiyalar var. Onlardan biri Kefli İsgəndərin prototipinin Ağcabədi rayonunun Hüsülü kəndində yaşamış İsgəndər Hacı Həsən oğlu olduğu bildirilir. Bu versiya daha inandırıcı realdır. Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə 1907-ci ildə xan nəslindən olan Həmidə xanım Cavanşirlə ailə həyatı qurub ömrünün xeyli hissəsi Qarabağda - Ağcabədi rayonunun Kəhrizli kəndində keçib. Həmidə xanımın xatirələrində bildirilir ki, Mirzə Cəlil "Anamın kitabı" pyesinin müəyyən hissəsini, "Molla Nəsrəddin" jurnalı üçün baş məqalələrin bir çoxunu, həmçinin "Ölülər" pyesini Kəhrizli kəndində yazıb. "Ölülər" pyesinin qəhrəmanı Kefli İsgəndər, eləcə əsərin bir neçə prototipi Ağcabədinin Hüsülü kəndində yaşayan adamları əhatə edir. Həmidə xanım xatirələrində yazıb: - "yazıçı pyesin qəhrəmanına qohumumuz - rəhmətlik atamın yaxın dostu, fars dilini gözəl bilən böyük mərifət sahibi İsgəndər Hacı Həsən oğlunun adını verib. İsgəndər Hüsülü kəndində yaşayıb. Böyük üzüm bağları vardı. Yerli ruhanilərin başqa insanların rəyini vecinə almadan şampan şərabına bənzər əla çaxır çəkirdi. O, içən olduğundan "Kefli İsgəndər" ləqəbi ilə tanınırdı". Yazıçı İsgəndərin dili ilə deyirdi ki, mənim adım kefli İsgəndərdir, bəs sizin adınızı qoyaq? Mən dağları, ulduzları, dünya aləmləri bura şahid çəkirəm bu qızları nişan verirəm, soruşuram ki, bu camaata ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər". bizdən sonra gələnlər illər uzunu sizi yada salıb deyəcəklər, "Ölülər".

Bu gün Ağcabədinin Hüsülü kəndində İsgəndər Hacı Həsən oğlunun qohum-əqrəbası, şəcərəsindən olan adamlar yaşayır. Dövrünün ağıllı cəsarətli ziyalısı olan Hacı İsgəndərin məzarı Hüsülü kənd qəbiristanlığındadır. Hüsülü kənd sakini İlqar Cəfərov söhbət zamanı bildirdi ki, İsgəndər Hacı Həsən oğlu dövrünün ziyalılarından olub, Avropada təhsil alıb, insanları maarifləndirib. O, əslində kefli olmayıb, savadsız insanlara, İrandan gələn mollalara, İsfahan lotularına, cəhalətə qarşı çıxıb. Kəndin digər sakini Məşədi Cavid Rüstəmov "Ölülər" əsərindəki İsgəndərin Fransada təhsil aldığını, dövrünün ziyalılarından olduğunu bildirib: "İsgəndər bəy zəmanəsinin ziyalısı olub. O, Fransada universitetdə təhsil alıb. Həmidə xanım Cavanşirin qohumu olan Bahar xanımla evlənib. Həmidə xanım Cavanşirin həyat yoldaşı Cəlil Məmmədquluzadə ilə birlikdə Hüsülü kəndinə tez-tez gəlmələri bu qohumluq əlaqələri ilə bağlı idi. İsgəndər bəy haqq sözü danışan, camaata düz yol göstərən, ziyalı, maarifpərvər bir insan olub. Kənddə camaatı ayıltdığı üçün bir çox adamın, əsasən dindarların onun sözlərindən xoşları gəlməyib. İsgəndəri gözdən salmaq üçün adını Kefli İsgəndər qoyublar. Necə ki, Bəhlul Danəndəyə divanə adı qoyulub, İsgəndər bəyə "kefli" ləqəbi qoyublar ki, hörmətdən salsınlar. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki prototiplərin bir çoxu Hüsülü kəndindəndir. Onlardan Hacı Həsəni, Kərbəlayi Cəbrayılı, Məşədi Əhmədi göstərmək olar. Yazıçı İsgəndər bəylə bağlı eşitdiklərini, bildiklərini Naxçıvandakı əhvalat tiplərlə ümumiləşdirərək qələmə alıb". İsgəndərin atası Hacı Həsənin dağılıb itməkdə olan məzarları kənddə yaşayan qohumları İlham Novruzov tərəfindən bərpa edilib. İlham deyir ki, İsgəndər Hacı Həsən oğlu mənim babam Fərrux bəyin dayısı oğludur. İsgəndərin atası Hacı Həsənin qəbirləri itmək üzrə idi. Ona görə bərpa etdik. İsgəndərin şəklini Sankt-Peterburq şəhərindəki arxivlərdə axtarsaq da, tapa bilmədik. Bildiyimizə görə, İsgəndərin ailəsi Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Fransaya mühacirət edib. Qızı müəllim olub hazırda nəvələri orada yaşayır. Ancaq heç bir əlaqəmiz yoxdur".

Salman ALIOĞLU,

"Respublika".