Brüssel görüşü: Diplomatiyamızın növbəti uğuru
Siyasət

Brüssel görüşü: Diplomatiyamızın növbəti uğuru

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutdu. Sayca 6-cı toplantıda ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsilə humanitar təminatın həyata keçirilməsi qeyd olundu. Eyni zamanda, "Laçın yolu" ifadəsi işlədildi. Bunlar Brüsselin birmənalı şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir və ona işarə edir ki, Ermənistan ilə Qarabağın erməni əhalisi arasında əlaqə suveren hüquqlar çərçivəsində Laçın yolu vasitəsilə qurulacaq. Siyasi şərhçi Turan Rzayev bildirir ki, bu detallar görüşün hansı atmosferdə keçdiyi və sonrakı proseslər ilə bağlı fikir irəli sürməyə əsas verir.

Budəfəki görüş zamanı daha çox mövzu müzakirə edilib. Dəqiq desək, 7 əsas mövzu tərəflər arasında müzakirənin əsasını təşkil edib. Birincisi, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesidir. Bu məsələ ümumidir və müzakirə edilən digər məsələlər onun detallarıdır.

Yəni Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması və imzalanması danışıqların əsasını və yekununu təşkil edir. Rəsmi Bakı ən qısa zamanda, daha dəqiq desək, 2024-cü ilin sonlarına qədər məsələnin həllində israrlıdır və prosesi sürətləndirmək üçün bütün diplomatik-siyasi rıçaqlardan istifadə edir. Hətta lazım gələrsə, hərbi variantın da gündəlikdə olduğunu bildirir. "Qisas-2" əməliyyatı buna misal ola bilər.

Müzakirə edilən ikinci məsələ Azərbaycanın suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası və növbəti mərhələdə məcburi köçkünlərin qayıdışı ilə bağlıdır. Rəsmi Bakı bunu daxili məsələ hesab etdiyi üçün Brüssel görüşünün gündəliyinə çıxarmaq istəmir. Lakin Ermənistan tərəfin Qarabağı Azərbaycan ərazisi olaraq tanıması, bununla belə, ermənilərin taleyi ilə bağlı "narahatlığına" görə bu məsələnin müzakirə edilməsi mümkündür.

Bütün hallarda rəsmi Bakı reinteqrasiya prosesinin qısa zamanda, özü də uğurla başa çatmasında maraqlıdır. Diqqətçəkən bir məqam isə Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryanın Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia etməsidir. O bildirib ki, rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu "yol xəritəsi" 4 mərhələdən ibarətdir. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması, Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması, Qarabağdakı qanunsuz birləşmələrin tərk-silah edilməsi, ləğv olunması və hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi. Şahnazaryan bildirib ki, bu proqramın həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələ 3 ay ərzində başa çatmalıdır. Bu, rəsmi Bakının prosesi bitirmək istədiyi müddətlə üst-üstə düşür. Bunun baş verib-verməyəcəyi gələcək proseslərdən asılıdır.

Üçüncü müzakirə edilən məsələ Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Prinsip etibarilə 10 noyabr Bəyanatının dördüncü bəndinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli, bununla paralel Rusiya sülhməramlıları regiona gəlməli idi. Lakin bu bəndin icrası bu günə qədər həyata keçirməyib. Hazırda Qarabağda 10 minə yaxın erməni silahlı birləşməsinin olduğu məlumdur. Ermənistan tərəfi Qarabağda onun hərbçilərinin olmadığını iddia etsə də, son insidentlər zamanı ölən şəxslərin Ermənistan vətəndaşı olması müəyyən edildi. Aydın məsələdir ki, rəsmi Bakı Qarabağdakı silahlıların Ermənistanın nəzarətində olmadığını bilir. Əsas məsələ Ermənistanın həmin silahlıları qanunsuz adlandırmasıdır. Rəsmi İrəvan Qarabağdakı silahlıları qanunsuz adlandırsa, bu, Bakının ehtimal antiterror əməliyyatı aparmasına əsas verər.

Laçın sərhəd-keçid məntəqəsində qaçaqmalçılıq cəhdlərinin aşkarlanması məsələləri də müzakirə edilən mövzulardandır. Rəsmi Bakı Laçın sərhəd-keçid məntəqəsində nəzarət imkanlarının artırılmasında əlavə qurğuların qurulması ilə buranın iki dövlət arasında əsas sərhəd-keçid məntəqəsi olmasını istəyir. Digər dövlətlərlə olduğu kimi, Ermənistandan Azərbaycan ərazisinə daxil olan şəxslərin və ya yük maşınlarının beynəlxalq hüquq çərçivəsində tənzimlənməsini tələb edir.

Sərhədlərin delimitasiya, nəqliyyat kommunikasiyaları və dəhlizlərin açılması, xüsusən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi də tərəflər arasında müzakirə edilən mövzulardandır. Hətta demək olar ki, Brüssel görüşünün əsas müzakirə mövzuları məhz bunlardır. Sərhədlərin delimitasiyası məsələsində tərəflərin görüşləri fərqlidir. Düzdür, tərəflər bundan öncəki Brüssel görüşündə sərhədlərin 1991-ci il Almatı Bəyannaməsinə uyğun tanınmasına razı olsalar da, anklav və eksklavlar məsələsində fikir ayrılığının olması müzakirələrin uzanacağını göstərir. Bu məsələnin həlli sülh müqaviləsindən sonraya da qala bilər. Və ya anklav prinsipi, habelə tərəflərdən birinin güzəştə getməsi ilə daha tez müddətə həll edilə bilər. O ki, qaldı Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəhlizin açılması məsələsinə, Ermənistan "dəhliz" ifadəsinə qarşıdır. Ümumiyyətlə bu məsələ dəhlizə dəhliz prinsipi ilə həll edilməlidir. Yəni Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Yox, Ermənistan dəhliz vermək istəmirsə, Laçın dəhlizindən də imtina etməlidir.

Brüssel görüşü zamanı müzakirə edilən məsələlərdən ən maraqlısı bəlkə də Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələsidir. Rəsmi Bakı bu məsələyə xüsusi həssaslıqla yanaşır. Hətta bu məsələnin icrası üçün regionlarda, habelə paytaxtda icmalar vasitəsilə Qərbi azərbaycanlıların siyahıyaalınması prosesinə başlanılıb. Ermənistanla Azərbaycan arasında yekun sülh olacaqsa, Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı gerçəkləşməlidir. Unutmamaq lazımdır ki, münaqişə məhz Qərbi azərbaycanlıların deportasiyası ilə başlamışdır. Ermənistanda Qərbi azərbaycanlıların varlığı gələcəkdə gərginliyin yenidən alovlanmasının qarşısını ala bilər.

Müzakirə edilən sonuncu məsələ isə humanitar yüklərin marşrutunun Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsidir. Əslində, bu məsələ rəsmi Bakının uzun müddətdir gündəliyindədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolu ilə qanunsuz daşımalarının aşkarlanması fonunda isə rəsmi şəkildə tələbə çevrildi. Bakı başda humanitar daşımalar olmaqla, digər daşımaların Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsində israrlıdır. Bu, baş verərsə, Azərbaycan həm humanitar yük adı altında daşınan mallara nəzarət edə, həm də Qarabağ ermənilərinin təminatını özü qarşılayar. Bu isə reinteqrasiya prosesinə müsbət təsir edə bilər.

Jalə QASIMZADƏ,

"Respublika".