Bu il sülh müqaviləsi imzalanacaqmı?
Siyasət

Bu il sülh müqaviləsi imzalanacaqmı?

Bu sual indi hər kəsi daha çox düşündürür. Əslində suala nikbin cavab vermək üçün ciddi əsaslar var. Çünki 2023-cü ildə atılan addımlar, xüsusilə də ikitərəfli formatda Ermənistan-Azərbaycan danışıqlarının konkret nəticə verməsi belə bir inama əsas yaradır. Həm də ki, artıq Ermənistan siyasi rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə təsdiqlədiyini bildirib. Düzdür, bu istiqamətdə konkret əməli addım atmasa da, amma hər halda bu mövqeyi ifadə edib. Eyni zamanda altı dəfə tərəflər arasında şərhlər mübadiləsi olub. Azərbaycan da Ermənistandan gələn son şərhlərə öz mövqeyini ifadə edib, qarşı tərəfə göndərib.

Belə inam var ki, nəhayət, 2024-cü ildə iki dövlət arasında sərhədlərin delimitasiyası ilə bağlı konkret addımlar atılacaq, kommunikasiyanın bərpası ilə bağlı işlər intensivləşəcək və öz məntiqi sonluğuna çatacaq. İki dövlət arasında etimad mühitinin formalaşması istiqamətində növbəti uğurlu addımlar atılacaq və bütün bu prosesin məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması reallaşacaq. Buna böyük ümidlər var. Təki bu yolda vasitəçilər prosesə mane olmasınlar. Hesab edirəm ki, vasitəçilərin ən böyük töhfəsi ondan ibarət ola bilər ki, onlar burada iştirak etməsinlər. Mane olmamaq özü ən böyük köməkdir. Reallıq elə bu prosesdə ibarətdir. Hər iki dövlətin milli maraqları və eyni coğrafiyada yaşamaq hüququ nəticə etibarilə sülh müqaviləsinin imzalanmasını labüd edir. Çünki sülh müqaviləsi bu gün Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistan düşdüyü blokada vəziyyətindən çıxmaq üçün sülh müqaviləsi imzalamalıdır. Ölkənin gələcək inkişafı məhz bundan asılıdır. Bu nöqteyi-nəzərdən 2024-cü ilə nikbin baxmaq olar.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.