Buqələmun xislətli nazir
Siyasət

Buqələmun xislətli nazir

Avqustun 24-də Belçika Krallığının xarici işlər naziri Hadija Labib Azərbaycanda səfərdə oldu. Əslində xanım nazirin gəlişi arzuolunmaz şəxsin gəlişi olsa da, diplomatik baxımdan qəbul olundu. Yəni Azərbaycan bir dövlət kimi hörmət və ehtiram sərgilədi. Ermənipərəst nazirin Azərbaycana gəlişi o qədər də əhəmiyyət kəsb etmirdi. Amma yumşaq dillə desək, nazirə səhv etdiyini də başa salmaq lazım idi. Diplomatik qaydalara əsasən ölkəyə səfərə gələn xarici işlər nazirini dövlət başçısı da qəbul edir. Qəbul zamanı bir sıra məsələlərin müzakirəsi aparılır. Ancaq belçikalı xanım nazir Hadija Labib bu şərəfə nail ola bilmədi. Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul etmədi. Əlbəttə ki,  bu, bir diplomatın karyerasına və siyasi nüfuzuna böyük zərbədir.

Hadija Labibin dövlət başçısı tərəfindən qəbul edilməməsinə səbəb isə avqustun 22-də Ermənistana səfəri zamanı reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verməsi idi. Regiona səfəri çərçivəsində ilk olaraq Ermənistana səfər edib və İrəvanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərək fəxri qonağın xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra isə Nikol Paşinyan və Ararat Mirzoyan ilə görüşən xanım nazir Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib. Torpaqlarını erməni işğalından azad edərək haqq-ədalət mübarizəsi aparan Azərbaycan ona qarşı yönələn xain, məkrli mövqe tutanları heç vaxt bağışlamır. Ancaq o da məlumdur ki, Belçika hər zaman öz ermənipərəst mövqeyi ilə seçilib. Bu mənada xarici işlər nazirindən Azərbaycana qarşı əsassız ittihamlar gözləmək mümkün idi. Ümumiyyətlə isə Hadija Labibin anti-Azərbaycan xarakterli fikirlər səsləndirməsi təbii qarşılanmalıdır. Çünki bu xanım həmişə separatçı hərəkatlara, etnik qiyamlara dəstək verib. Hətta vaxtilə Rusiyanın Krımı ilhaq etməsinə də müsbət yanaşıb.

O ki qaldı, Hadija Labibin diplomatiyada qeyri-peşəkar fəaliyyət sərgiləməsinə, xanım əslində ixtisasca jurnalistdir. Jurnalist kimi çalışdığı dövrlərdə  Əfqanıstan, Pakistan, Hindistan və Yaxın Şərqin bir sıra "qaynar nöqtə"lərindən telereportajlar hazırlayıb və əksər hallarda bölücülərin, separatçıların, üsyançıların mövqeyindən çıxış edib. 53 yaşlı diplomat Hadija Labib, eyni zamanda bir müsəlman qızıdır.  O, əlcəzairli müsəlman ailəsində doğulub. Lakin katolik məktəbində oxuduğuna görə, İslama münasibəti dəyişib və 18 yaşında müsəlmanlıqdan imtina edib. Bundan sonra isə həyatını tamamilə dəyişərək Belçikada yaşayan əlcəzairlilərlə, bütün müsəlmanlarla əlaqələrini kəsib.

Avqustun 24-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizdə səfərdə olan xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadija Labibi və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan-Belçika arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın ərazilərinin işğalına, 9 şəhər və 300-dən yuxarı kəndin dağıdılmasına, etnik təmizləmə siyasətinə diqqət yönəldib. Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında qarşı tərəfə məlumat verilib.

Belçikanın xarici işlər naziri Hadija Labib isə ölkəsinin Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirməklə yanaşı, Avropa İttifaqında Azərbaycanı vacib tərəfdaş hesab etdiklərini söyləyib. Daha sonra nazir deyib: "Biz bilirik ki, Azərbaycan dayanıqlı sülh üçün addımlar atır. Bir neçə gün əvvəl Ermənistan XİN rəhbərinə bildirdim ki, bu, tarixi fürsətdir və dialoqdan yararlanmaq lazımdır". Nazir çıxışı zamanı onu da əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır: "Biz bunu dəstəkləyirik". Onun fikrincə, sülh həm Ermənistan, həm Azərbaycan, həm də bütün dünya üçün vacibdir.

Göründüyü kimi, Hadija Labib bir-birinə zidd fikirlər səsləndirib. Dinini, kimliyini, soykökünü dəyişən adam üçün fikrini dəyişmək elə də çətin məsələ deyil. Buqələmun kimi gündə bir dona girib, rəngini, kimliyini dəyişən birisindən ciddi diplomatiya gözləmək özü qeyri-ciddilikdir.

Ramidə YAQUBQIZI,

"Respublika".