Burdan keçən min atlıdan biri
Sosial həyat

Burdan keçən min atlıdan biri

Hidayətin "Burdan min atlı keçdi" kitabı barədə düşüncələr

Neçə müddətdir ki, bu kitab stolumun üstündədir. Bu, Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, istedadlı şair-publisist, uzun illər Ermənistanda yüksək vəzifələr tutmuş, orada mühüm bir sahəyə - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etmiş, müxtəlif vaxtlarda erməni "böyükləri" ilə üz-üzə gəlib hətta ən yüksək ranqlarda baş tutan görüşlərdə, debatlarda, mübahisələrdə özünün türkçülük-millətçilik mövqeyini siyasi uzaqgörənliklə qoruyub saxlamış, ədəbi cameədə Hidayət kimi tanıdığımız Hidayət Orucovun qələmindən çıxan "Burdan min atlı keçdi" kitabıdır.

Hər dəfə kitabı əlimə alanda xəyal məni uzaqlara, düz altmış il bundan əvvələ, 1963-cü ilə aparır. Azərbaycan Dövlət Universitetinə həmin ilin yayında qəbul olunmuşduq. Yataqxanada yenicə yerləşmişdik ki, universtitetdə o dövr üçün qeyri-adi hadisə sayılacaq xəbər yayıldı. Ali məktəbin hüquq fakültəsindən sonra ən hörmətli fakültə hesab edilən şərqşünaslıq fakültəsinin iki tələbəsi bu fakültədən imtina edib ərizələrində filologiya fakültəsinə keçmək istədiklərini bildirirdilər. Əslində Qəbul Komissiyasının rəhbərliyi qəbul imtahanlarında yüksək qiymətlər alan həmin iki tələbəyə indiki dillə desək, "jest" edib onların daha yaxşı, hətta əlçatmaz hesab edilən şərqşünaslıq fakültəsində oxumalarını məsləhət görmüşdülər. Bir qədər sonra bu fakültədə təhsil alanlarla tanış olduqda gördük ki, şərqşünaslıq hər "yetim-yesirin" yeri deyil. Mərkəzi Komitənin katibi Xasay Vəzirovun oğlu, Xalq şairi Rəsul Rzanın qızı, dilçi-alim Mübariz Əlizadənin oğlu və başqalarının yerləşdiyi şübhəsiz ki, sıradan bir yer hesab oluna bilməzdi. Lakin Qərbi Azərbaycanın Meğri rayonundakı Maralzəmi, Yardımlı rayonunun Hamarkənd kəndindən gəlib artıq tələbə adı qazanmış Hidayət Orucovla Sabir Rüstəmxanlı israrlı idilər. Qapılar açıb, etiraz səsi ucaldıb "filfakda" qaldılar və beləliklə, bizim son dərəcə maraqlı tələbəlik həyatımız başladı. Hansı fakültədə oxumalarından asılı olmayaraq hələlik heç yerdə tanınmayan gənc tələbə şairlər bir-birinə tez isinişdilər. Universitet yataqxanasında keçirilən şeir gecələri əsl bayram əhvali-ruhiyyəsi yaradırdı. Bu gecələrə görkəmli şairlərdən Süleyman Rüstəm, Əliağa Kürçaylı, Xəlil Rza və qeyriləri də arabir təşrif buyurur,  məmnuniyyətlə, gənc şairlərə qulaq asırdılar. Belə görüşlərdə artıq tələbələr arasında qeyri-rəsmi "qəhrəman" statusu qazanmış Hidayətlə Sabir xüsusilə fərqlənirdilər. Yadımdadır ki, həmin görüşlərin birində Hidayətin oxuduğu "Alman dostuma məktub" şeiri hərarətlə  qarşılandı. Hidayətin hörməti ikiqat artdı. Və belə vaxtların birində onun əyani şöbədən qiyabiyə keçib doğma kəndi Maralzəmiyə getməsi bizdə təəccüb doğurdu. Çoxusu bunu ailə vəziyyəti ilə əlaqələndirdi. Əslində əsgərliyə yollanmalı olan əlaçı tələbənin təhsildən geri qalmaması üçün dekanlıq bu yolu məsləhət görüb Hidayətin təhsilini davam etdirməsinə şərait yaratmışdı. Əvvəlcə Maralzəmi kəndində əsgərliyə gedən qardaşının direktor olduğu ibtidai məktəbə direktor təyin olundu, sonra kənd müəlliminin qələmini, istedadını nəzərə alıb "Sovet Ermənistanı" qəzetinə dəvət etdilər. Bir az sonra idarəetmədə bacarığını, adamlarla ünsiyyət qurmaq qabiliyyətini görüb bərbad vəziyyətə düşüb dağılmaqda olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor göndərdilər. Hidayət yenə də bizimlə əlaqəsini üzmədi. Yay-qış sessiyalarında qonağımız oldu, təzə şeirlərini oxudu, işindən-gücündən danışdı.

Bu xatirələri burada saxlayıb "Burdan min atlı keçdi" kitabını vərəqləyirəm. Qərbi Azərbaycanın əbədi-əzəli məkanı olan Meğri rayonu və onun kəndləri, qonşu Ordubad, Zəngilan digər yerlərin gözəllikləri, adət-ənənəsi, adamların mehribanlığı, işgüzarlığı, yurda bağlılığı, millətsevərliyi son dərəcə gözəl publisistik qələmlə təsvir olunur. Ermənilərin mənfur deportasiyası ərəfəsində boşalmaqda olan doğma yurd yerlərinin mənzərələri dərin təəssüf hissi ilə qələmə alınır. Kitab əsl tarixi bilgilər mənbəyidir. Azərbaycan-Ermənistan, keçmiş  Dağlıq Qarabağ münaqişəsinin başladığı illərdə Ermənistanda gedən ictimai-siyasi proseslər, bu proseslərdə Moskvanın ermənilərə tərəf saxlaması mükəmməl tarixi faktlarla göstərilir. Belə vaxtlarda ermənilər arasında rəhbər vəzifə tutan Azərbaycan ziyalısının, artıq bu dövlətin ödüllərini almış, təkcə İrəvanda deyil, Ermənistanın əksər yerlərində kifayət qədər yüksək ad-san qazanmış ictimai xadimin erməni vəzifəlilərinin, şair və yazıçılarının məkrli siyasətinə, Azərbaycan haqqında deyilən yaramaz fikirlərinə etirazı, yeri gəldikcə, öz dərin savadı, məntiqi ilə onları yerində oturtması kitabı oxuyan hər kəsdə dərin fərəh, rəğbət, iftixar hissi yaradır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə ermənilərin qısqanclığı, paxıllığı, xainliyi, Moskvaya arxalanıb dahi siyasətçini hər vəchlə gözdən salmaq niyyətləri ustalıqla ifşa olunur. Kitabdan götürülüb "Respublika" qəzetində ardıcıllıqla dərc olunan "İrəvana yeddi məktub" sərlövhəli yazılar təsadüfi deyil ki, bu günlərdə əldən-ələ gəzir.

Etiraf edim ki, "Burdan min atlı keçdi" sanballı əsərdir və əsərin ictimai-siyasi, tarixi, bədii dəyərləri barədə söz demək, fikir bildirmək, təhlili yanaşma sərgiləmək imkanım xaricindədir. Məni ən çox maraqlandıran yüksək vəzifəyə - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərliyə təyinat alan 24 yaşlı cavan azərbaycanlı balasının ermənilərin anadangəlmə məkrli elitar təbəqəsində el arasında deyildiyi kimi, "baş çıxara" bilməsidir. İlk öncə onu deyim ki, Hidayət özündən yaşlı, Qərbi Azərbaycanın partiya, sovet, təsərrüfat sahələrində vəzifələr tutan fədakar həmvətənləri barədə qələmə aldığı portret oçerklərdə onların obrazını yaratmışdır. Həmin insanlardan bir çoxu - Yunis Rzayev, Qəşəm Aslanov və başqaları deportasiyadan sonra Azərbaycanda öz fəaliyyətlərini davam etdirmiş və ad-san qazanmışlar. Hidayətə qədər teatrın əlli dörd yaşlı direktoru on yeddi yaşı tamam olmamış aktrisa ilə evlənmiş, teatra bu yeniyetmə qızla birlikdə rəhbərlik etməyə başlamış, bununla da bu sənət ocağının közünü külə çevirmişdi. Qarşıda gərgin təşkilatçılıq axtarışları aparıb, teatrın şöhrətini özünə qaytara bilmək məsuliyyəti dayanırdı. Hidayət son dərəcə çətinliklə işin öhdəsindən gəlir, Ermənistanın bu ranqlı teatrlarına nümunə ola biləcək kollektiv yarada bilir. Teatra əvvəllər gözdən salınmış, lakin rol alıb səhnəyə çıxmaq arzusu ilə yaşayan aktyorlar cəlb olunur, repertuar zənginləşir, qastrollar bir-birini əvəz edir, sənət ocağında intriqadan, dedi-qodudan uzaq əsl yaradıcılıq atmosferi bərpa olunur. Təbii ki, belə bir uğurlu sıçrayış ermənilərin xoşuna gəlmir. Məsələn, belə vaxtların birində İrəvan şəhər partiya komitəsinin birinci katibi artıq yuxarı dairələrdə xüsusi hörmət-rəğbət qazanmış gənc direktoru "yerində otuzdurmaq" fikrinə düşür. Xeyli sərt keçən dialoqda Hidayət ayağa qalxıb birinci katibə məhəl qoymadan "bir də məni çağırmaya bilərsiniz, gəlməyəcəyəm", - deyib qapını çırpır. Başqa bir vaxt İrəvan Pedaqoji İnstitutunda şairlərlə görüş keçirilir. Son mərtəbədə, akt zalına qalxarkən pillələrin başında siyasi büro üzvlərinin və üzvlüyə namizədlərin portretləri sırasında ulu öndər Heydər Əliyevin portretini görmür. Səbəbini soruşanda dekan: "O şəklin çıxardılması qanını qaraltmasın, hansısa axmağın işidir", - deyir. Cavab sərt olur - "Mikoyanın şəkli otuz il başımızın üstündən asıldı, ancaq heç bir azərbaycanlı onu çıxarıb atmadı. Elə bilirsiniz bizim içimizdə - azərbaycanlıların arasında axmaq yoxdur?". Elə həmin görüşdə öyrədilib təlimatlandırılmış tələbə Hidayətə sual verir: - Yoldaş Hidayət, siz necə yanaşırsınız Leninə, Stalinə, Xruşşova, Brejnevə? Hidayət yazır: "Dərhal anladım: "qara qızın dərdi" Brejnevdəydi, hamıya eşitdirmək istəyirdi ki, Heydər Əliyevə isti münasibəti olan, buna görə İrəvanda sevilməyən Brejnev barədə Azəbaycan yazıçısı nə düşünür...".

Yenə təxribata qarşı mükəmməl cavab: "Bilirsiniz, mən teatrda işləyirəm, ona görə də leksikonumda teatr terminləri çoxdur. Lenin mənim fikrimcə, dramatik qəhrəmandır, Stalin - faciəvi qəhrəman, Xruşşov - komik qəhrəman, o ki qaldı Brejnevə, onu sonra deyərəm".

İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etdiyi 16 il ərzində həm teatr, həm də Hidayətin evi Azərbaycandan gələn çoxsaylı qonaqlar üçün istinadgah yeri olur. Hidayət yazır ki, SSRİ Xalq artisti, görkəmli rejissor, professor Mehdi Məmmədov İrəvana, hansısa yubileyə gəlmişdi. Proqramda Eçmiədzinə getmək, məşhur kilsəyə baxmaq da vardı. Mehdi müəllim "mən orda olmuşam" deyib getmək istəmir. Lakin təşkilatçılardan biri əl çəkmir. Mehdi müəllim Hidayətə işarə edib maşına əyləşir. Hər ikisi əlli dəqiqə maşında oturub kilsəyə girməyi artıq iş hesab edirlər.

İrəvanda keçən on altı illik ömür yolunda Hidayət MK-nın birinci katibindən tutmuş sıravi ziyalılara, aktyorlara, şairlərə, digər təbəqədən olan adamlara yaxından bələd olur, hətta onlarla dostluq, yoldaşlıq edir, çox vaxt mübahisələrə, atmacalara, yersiz replikalara, təxribatlara tuş gəlsə də, öz azərbaycanlı mövqeyini bir qətrə də olsun dəyişmir. Erməni yazıçıları ilə olan münasibəti xeyli rəngarəngdir. Millətçi şovinistlər - Zori Balayan, Silva Kaputikyan, Karen Simonyan, Hovhannes Şiraz, Sero Xanzadyanla üz-üzə gələndə salamsız-kalamsız ötüşür, amma Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sayğı ilə yanaşan Ermənistan Yazıçılar İttifaqının sədri Vardges Petrosyana, yazıçı Vardges Babayana isti münasibət göstərir. Yazıçıların növbəti qurultaylarının birində Hidayət Yazıçılar İttifaqının İdarə Heyətinə üzv seçilir, bir az sonra Azərbaycan Ədəbiyyatı Şurasının sədri təsdiq olunur. O, tutduğu mövqeyindən istifadə edib Qərbi Azərbaycanda yaşayan azərbaycanlı şair və yazıçılara kitab, almanax nəşrində, digər işlərdə köməklik göstərir. Erməni yazıçıları arasında "klassik" hesab olunan Hovhannes Şirazın sərxoş halda Hidayətə müraciətlə: "sən bu türklərə de ki"... atmacasına: "Şiraz, əsl türk axtarırsansa, o mənəm, birinci türk mənəm", - deyə verdiyi kəskin cavabla ətrafdakılarda təəccüb yaradır.

Kitabda Vardges Petrosyanla görüşlərə xüsusi yer verilib. Məlum olur ki, bir vaxtlar istedadlı erməni yazıçısı qonşu ölkələr - Türkiyə, Azərbaycanla sülh, mehribanlıq şəraitində yaşamağın tərəfdarı olub. Hidayət yazır: "Kim ki, öz əsərlərində "böyük Ermənistan" ideyasını tərənnüm etmirdi, kim ki, realist idi, dəhşətli hücumlara məruz qalırdı. Azərbaycanda da, Ermənistanda da hamı bilirdi ki, mən Vardges Petrosyanla dost idim. O, tez-tez mənə deyərdi: İldə 365 gün var, bunun 363-ü biz dostuq, iki gün isə sən "Neftçi"yə, mən "Ararat"a azarkeşlik edəcəyik".

Lakin mənfur erməni xisləti bu yazıçı-ziyalını da dəhşətli tənəzzülə uğradır. Vardgesin "Boş kətillər arxasında ad günü" romanı işıq üzü görəndən sonra İrəvan Univesitetinin tələbələri kitabın nümayişkaranə yandırılmasını təşkil edirlər. Ona qarşı kampaniya aparılır və Vardges "sındırılır". Bir qədər sonra yüksək tribunalardan səsləndirdiyi çıxışları Ermənistanın millətçi-şovinist ruhlu ziyalılarının ideyalarından heç nəyi ilə fərqlənmir. 1988-ci ilin iyununda SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasındakı qatı millətçi çıxışı zamanı elə ağ yalanlar deyir ki, hətta Qorbaçov onun "ağzına vurur".

Hidayət yazır: "Ertəsi gün ona teleqram göndərdim: "Bilirsən, indiyəcən uğurlarına sevinmişəm, uğursuzluqlarından kədərlənmişəm. Dünən axşam ilk uğursuzluğun idi ki, sevindim. Allah ağıl versin...".

Bu da belə... Deməli, erməni təfəkkürü nə dünən, nə bu gün, çox yəqin ki, nə də sabah dostluğa yaramır.

Tofiq HÜSEYN,

"Respublika".