Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hüquq- mühafizə orqanları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kapitan Elçin Ağayevin doğum günündə adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib. Ağayev Elçin Zakir oğlu 1993-cü il iyulun 7-də Cəlilabadın Günəşli kəndində anadan olub. 2015 -ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vuraraq, öz istəyi ilə təyinatını cəbhə bölgəsinə almışdı.
Elçin Ağayev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə 2020-ci il oktyabrın 6-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Elçin Zakir oğlu Ağayev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, üç övlad yadigarı var. Kiçik qızı 2021-ci il yanvarın 24-də dünyaya gəlib, ona Şuşa adı verilib.
Vətən müharibəsi şəhidi Elçin Ağayevin vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət olunub. Doğulduğu Günəşli kəndində onun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. İcra başçısı şəhid ailəsinə başsağlığı vermiş, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailəyə səbir diləmişdir. Bulağın açılışında çıxış edən R.Cəlilov 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.
Ərəstun ABDULOV,
“Respublika”.