Cemal Öztürk:  Türkiyə hər zaman azərbaycanlı qardaşlarının yanında olub və bundan sonra da dəstəyini davam etdirəcək
Sosial həyat

Cemal Öztürk:  Türkiyə hər zaman azərbaycanlı qardaşlarının yanında olub və bundan sonra da dəstəyini davam etdirəcək

Türkiyə Böyük Millət Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisində Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk Milli Məclisin sədri Sahibə Qafarovaya 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cemal Öztürk öz adından və QDİƏT PM-də Türkiyə nümayəndə heyətinin üzvləri adından Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Bildirilib ki, Türkiyə Cümhuriyyəti hər zaman bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub və bundan sonra da "Bir millət, iki dövlət" prinsipi ilə birlik və bərabərlik içində dəstəyini davam etdirəcəkdir.

TBMM-in deputatı qəhrəman Azərbaycan Ordusunun qürurlu mübarizəsini və şanlı Zəfərini təbrik edərək bu yolda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

AZƏRTAC