Ceyhun Bayramov:
Siyasət

Ceyhun Bayramov: "Qlobal Şimal" ilə "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərimizdəndir

Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Azərbaycanın qardaş Mərkəzi Asiya və KƏŞ ölkələri ilə ortaq tarixi, mədəni irsinin müxtəlif, həmçinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Hazırkı qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.

Bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən Ceyhun Bayramov Qoşulmama Hərəkatına sədrliyimiz dövründəki kimi, "Qlobal Şimal" ilə "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin yenə də əsas prioritetlərimizdən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpaolunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə geniş texnoloji imkanlara malik KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət yarada biləcəyi diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ölkəmizin bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.

Nazir, həmçinin Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.

Ceyhun Bayramov, eyni zamanda, ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riskindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, region dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əhəmiyyəti vurğulanıb.

Sonda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.