Cəzaçəkmə müəssisələrində yaşanan sevinc hissləri
Sosial həyat

Cəzaçəkmə müəssisələrində yaşanan sevinc hissləri

Cənab Prezident İlham Əliyev tərəfindən son illər imzalanan əfv Sərəncamları onu göstərir ki, respublikamızda vətəndaşların hüquq azadlıqlarına böyük önəm verilir. Azərbaycanda ilk dəfə amnistiya institutu 1995-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis edilib Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Yüksək bəşəri meyarlara, insanpərvərlik prinsiplərinə əsaslanan digər bir qərar isə 1998-ci ildə ölüm hökmünün ümummilli lider tərəfindən ləğv edilməsi olmuşdur. Xatırladaq ki, Azərbaycan Şərqdə bu qərarı qəbul edən ilk ölkələrdən biridir.

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının ölkə başçısına müraciətlərinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Prezident İlham Əliyev mayın 8- məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb. Qərar 801 nəfəri əhatə edib. Bu, müstəqillik tariximizin ən böyük əfvetmə Sərəncamı kimi tarixə düşüb. Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər isə azadlıqdan məhrum etməklə bağlı olmayan digər cəzalardan azad edilib. Artıq dövlət başçısının qəbul etdiyi qərarın icrasına başlanılıb.

Əfv sərəncamının şamil edildiyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssəsində məhkum edilmiş bir sıra şəxslər azadlığa buraxıldı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bir sıra cəmiyyət üzvlərinin iştirakı ilə məhkum olunmuş şəxslər azadlığa buraxıldı. Sevinc hissi ilə öz yaxınlarını gözləyənlər cəzaçəkmə müəssisəsinin qarşısında artıq azadlıqda olan yaxınları ilə görüşdülər. İllərdir həsrətində olduqları ailələrini görən zaman xoşbəxtliklərini gizlədə bilməyənlər sevinc göz yaşlarına hakim ola bilmədilər. Onlardan biri 1977-ci ildə anadan olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 2 may tarixli hökmü ilə məhkum edilmiş Hüseynov Emin İbadulla oğludur. 5 ildən sonra azadlığa qovuşan Emin Hüseynov ailəsi ilə birlikdə vaxt keçirəcəyi, onların yanında olacağı üçün özünü çox xoşbəxt hiss etdiyini bu humanist addım üçün cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

Məhkumluqdan azad edilənlərdən digəri, Saatov Şaiq Afiq oğludur. 1988-ci ildə anadan olmuş, Afiq Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir. O, sevincini bizimlə bölüşərək dedi: "Sevincimin həddi-hüdudu yoxdur, bu duyğuları ifadə etmək üçün cümlələri seçə bilmirəm".

10 saylı cəzaçəkmə müəssisəsindən azad edilən Rəhimli Kamran Bəybala oğlu isə 1997-ci ildə anadan olmuş, Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 5 may tarixli hökmü ilə məhkum edilmişdi. Azadlıq kimi nemətdən bir daha ayrı düşmək istəməyən Kamran Rəhimlinin yaxınları bu xoşbəxtliyi onlara bəxş edən ölkə başçısına minnətdar olduqlarını bildirdilər. Ağahəsənov Aqil azadlığa buraxılanlar arasındadır. 1981-ci ildə anadan olmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 1 oktyabr tarixli hökmü ilə azadlıqdan məhrum edilmişdi. Həyatda ən önəmli duyğunun övladlarının qollarının arasında olduğunu deyən Aqil bizimlə həmsöhbət olarkən göz yaşlarına hakim ola bilmədi. Cəzaçəkmə müəssisəsinin qarşısında öz doğmasını gözləyən Mahur Məmmədov məhbusluq həyatı yaşayan bütün insanların ailələrinə bu sevinci yaşamasını diləyərək, ölkə başçımıza attığı bu humanist addıma görə, minnətdar olduğunu bildirdi.

Nurlan ABDALOV,

Musa BAĞIRLI,

"Respublika".