Çində bu il rekord miqdarda taxıl istehsal edilib
Dünya xəbərləri

Çində bu il rekord miqdarda taxıl istehsal edilib

Çində taxıl istehsalı ötən illə müqayisədə 1,3 faiz artaraq 695,41 milyon tona çatıb. Bu, dünyanın ən iri taxıl istehsalçısı olan Çin üçün rekord göstəricidir.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, ÇXR Milli Statistika Bürosunun məlumatına istinadla xəbər verir ki, il ərzində qarğıdalı istehsalı 4,2 faiz artsa da, düyü və buğda yığımı müvafiq olaraq 0,9 və 0,8 faiz azalıb. Ardıcıl 9 ildir ki, Çində taxıl istehsalı 650 milyon tondan çox olur. Hətta ölkənin müxtəlif bölgələrində uzunmüddətli yağışlar, daşqınlar və quraqlıq kimi əlverişsiz hava şəraiti buna mane ola bilməyib. Hökumət fermerləri həvəsləndirmək üçün buğda və düyünün minimum alış qiymətini qaldırıb, qarğıdalı və soya istehsalçıları üçün subsidiya siyasətini təkmilləşdirib.

Qeyd edək ki, dünyada buğda istehsalının təxminən 17 faizini təmin edən Çində taxıl əkilən ərazilərin sahəsi ildən-ilə artırılır. Taxıl əkin sahələri il ərzində ümumilikdə 119 milyon hektara, dənli bitkilərin əkin sahələri 100 milyon hektara çatdırılıb. Bu, dünyadakı əkin sahələrinin 9 faizini təşkil edir. Amma yerli istehsal 1,4 milyard əhalisi olan Çinin tələbatını ödəmədiyi üçün xaricdən ərzaq məhsulları, o cümlədən taxıl idxal olunur və idxal ildən-ilə çoxalır. Məsələn, 2010-cu illə müqayisədə 2020-ci ildə ölkədə ərzaq məhsulları idxalı 4,6 dəfə artıb.

Hökumət taxıl istehsalını illik 650 milyon tondan yuxarı səviyyədə saxlamaq üçün toxum sənayesinin genişləndirilməsi, kənd təsərrüfatı texnikasının çoxaldılması, ölkənin şimal bölgələrində daşqınların yay taxılı əkininə mane olması səbəbindən mərhələli şəkildə daha çox payızlıq taxıl əkilməsi bu addımlardandır.