Coğrafi adlar niyə erməniləşdirilir?
Tarix

Coğrafi adlar niyə erməniləşdirilir?

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb məhv edilmiş, azərbaycanlılara aid olan coğrafi adlar erməniləşdirilmişdir.

Tarixi mənbələr göstərir ki, ermənilər İrandan və digər ölkələrdən köçürülərək Qərbi Azərbaycanda məskunlaşarkən fürsət düşən kimi Azərbaycan kəndlərinin adlarını mərhələ-mərhələ dəyişdirmiş, milli musiqimizi özlərinin adına çıxarmış, hər vasitə ilə öz çirkin əməllərini reallaşdırmağa çalışmışlar.

Nor Bayazet - Yeni Bayazet deməkdir. 1831-ci ildə Türkiyənin Bayazet vilayətindən gətirilən ermənilərin ilk dəstəsi azərbaycanlı kəndlərinə yerləşdirilməyə başlandı. Bayazetdən gəlmiş ermənilərin şərəfinə buradakı azərbaycanlı kəndlərindən biri Nor Bayazet adlandırıldı. Bu kəndin əzəli adı Kəvər olmuşdur. Kəvər Göyçənin tanınmış kəndlərindən biri olub. Hətta qədim aşıq havalarından biri olan “Sarıtel”in ilk adı da “Kəvəri” olub.

Erməni daşnaklarının xəyanəti sayəsində Göyçə gölünün adı dəyişdirilərək Sevan gölü adlandırılmışdır. Bu isə saxtakarlıqdır. Ayrı-ayrı illərdə hazırlanan xəritələrin çoxunda Göyçə mahalına məxsus göl Göyçə gölü adlandırılmışdır. Göyçə mahalının Kəvər bölgəsində yerləşən “Quyukənd”, “Çənlibel” dağları, Şorcada “Ada təpə” dağı, Basarkeçərin Kəsəmən kəndindəki “Koroğlu təpəsi”, Dərə kəndində “Dəmirçi oğlu”, Ardanışın örüşündə olan “Qalaca” və digər ərazilər azərbaycanlılara məxsus olsa da sonralar ermənilər tərəfindən adları dəyişdirilmişdir.

Bu gün Ermənistanda olan 30-dan artıq inzibati rayonun hamısı vaxtilə Azərbaycan türklərinin yaşayış məskəni olub. Mərhələ-mərhələ həmin ərazilərdəki kəndlərin adları erməniləşdirilib. Azərbaycanlılara məxsus abidələr məhv edilib.

Erməni daşnakları 80-ci illərin sonlarına yaxın Göyçə mahalının Basarkeçər rayonundakı Ağkilsə, Aşağı Şorca, Yuxarı Şorca, Çaxırlı, Qamışlı, Kərkibaş, Böyük Məzrə, Kiçik Məzrə, İnəkdağı, Babacan, Kəsəmən və digər kəndlərin adlarını qeyri-qanuni olaraq dəyişdirmiş, hətta 1969-cu ildə Basarkeçər rayonunun adı erməniləşdirilərək Vardenis adlandırılmışdır. Bunun isə təşkilatçısı Viktor Hambartsumyan olub.

1922-ci ildən etibarən Basarkeçərin böyük kəndlərindən biri olan Nərimanlı görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun adını daşıyırdı. Ayrı-ayrı illərdə İrəvandakı daşnak qüvvələr çalışdı ki, Nərimanlı kəndinin adı dəyişdirilsin. Lakin ötən əsrin 50-ci illərində Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Talıb Musayev Nərimanlı kəndinin adının dəyişdirilməsinə imkan vermədi, hətta kənd sakinləri etiraz edərək bir-birinin ardınca Moskvaya teleqramlar vurdu.

Qərbi Azərbaycanın Ağbaba (Amasiya) rayonu Ermənistanın şimal-qərbində 1930-cu il sentyabrın 9-da inzibati rayon kimi yaradılmışdır.

Amasiya rayonunun ərazisində illər boyu azərbaycanlılar yaşamışdır. Rayonun ərazisinə ermənilər 1918-20-ci illərdə gətirilmiş, ayrı-ayrı dövrlərdə azərbaycanlıların yerləşdikləri yaşayış məntəqələrinin adları dəyişdirilmiş, 1914-18-ci illərdə erməni xəyanəti sayəsində rayondakı azərbaycanlı əhali qaçqın həyatı yaşamağa məcbur olmuş, daşnakların silahlı qüvvələri soydaşlarımızın xeyli hissəsini qırmış və kəndləri yandırmışlar. Bu qırğınlardan Türkiyəyə, İrana və başqa təhlükəsiz yerlərə qaçan əhalinin ancaq bir hissəsi yalnız Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə öz doğma yurdlarına dönmüşlər. Şübhəsiz ki, bu gün Amasiyanın azərbaycanlı kəndlərinin də coğrafi adları erməniləşdirilmişdir.

Ermənilərin qəddarlığı sayəsində müxtəlif illərdə azərbaycanlıların yaşadıqları digər ərazilər: Üçkilsə rayonuna Eçmiədzin, Allahverdi rayonuna Tumanyan, Vorantsovka rayonuna Kalinino, Axta rayonuna Hrazdan, Dərələyəz mahalının Yeğiknadzor rayonuna Mikoyan rayonu, Çəmbərək rayonuna Krasnoselo, Böyük Qarakilsəyə Quqark, Hamamlı rayonuna Spitak, Vedi rayonuna Ararat, Meğri rayonuna Mığrı, Qarakilsə rayonuna Sisyan, Zəngibasar rayonuna Masis adı verilmiş və Qərbi Azərbaycandakı digər azərbaycanlı yaşayış məntəqələrinin də adları dəyişdirilmişdir.

Ermənilər bilməlidilər ki, onların bu işi ancaq cəfəngiyatdır. Gec-tez azərbaycanlıların “dəmir yumruğu” yenidən onların başına enəcək, uzun həsrət və ayrılıqdan sonra hər kənd öz əvvəlki adı ilə çağırılacaq.

Qədir ASLAN,

“Respublika”.