Tarixi zəfərin təqdimatı
Tarix

Tarixi zəfərin təqdimatı

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazandı. Məhz həmin zəfər sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. Rəşadətli Azərbaycan Ordusu düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 11-də hərbçilərlə keçirdiyi görüş zamanı düşmənin qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu diqqətə çatdırdı. 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı baş tutdu. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, iradəmizi görəcək: “Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

Hərbi Qənimətlər Parkı 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini talayan təcavüzkar Hayastana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın olunmasını özündə əks etdirir. Bu kompleksdə Ermənistan silahlı qüvvələrinə məxsus 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhə də nümayiş etdirilir. Eyni zamanda 150-dək ağır texnika, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar da sərgilənir. Diqqətçəkən digər eksponatlardan biri də düşməndən hərbi qənimət kimi götürülən, “İskəndər M” tipli raket sisteminin qalıqlarıdır. Vaxtikən Ermənistan siyasi hakimiyyəti sözügedən raketlər barədə böyük “fəxarətlə” danışır, ölkəmizi təhdid edirdi. Hazırda həmin raketlərin qalıqları paytaxtda nümayiş etdirilir. Ümumilikdə, Hərbi Qənimətlər Parkının hər bir elementi ordumuzun İkinci Qarabağ savaşı zamanı qələbə qazanmaq üçün necə rəşadət göstərdiyini özündə ehtiva edir. Əlavə olaraq, Parkın 10 elementdən ibarət mühəndis-maneələr sistemini göstərən ərazisi də maraq doğurur. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor və s. nümayiş olunur. Bu maneələr sistemi Azərbaycan Ordusu bölmələrinin Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində dəf etməli olduğu mühəndis sistemlərindən idi. Düşmənin illər ərzində möhkəmləndiyi mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri var. Bütün bunlar bir daha qələbənin sadəcə yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanılmadığını göstərir. Bu gün İkinci Qarabağ müharibəsinin zəfər simvoluna çevrilməsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin rolu da danılmazdır.

Hərbi Qənimətlər Parkı nəinki Cənubi Qafqazın, hətta dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Kompleks Ermənistanın 30 illik işğalına son qoyulması barədə dünyaya bir mesajdır. Qardaş Türkiyənin, eləcə də digər region ölkələrinin kütləvi informasiya vasitələrinin Park barədə geniş məqalələr yayımlaması da bunu bir daha təsdiqləyir. Bu gün Azərbaycanın qazandığı tarixi qələbə beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi çərçivəsində döyüş meydanında darmadağın edilən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib. Düşmənin döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirməsi, dinc sakinləri qətlə yetirməsi faşizmə xas olan xüsusiyyətlərdən xəbər verir. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun nə qədər güclü və peşəkar olmasının əyani sübutudur. Parkı ziyarətə gələn hər bir şəxs 44 günlük Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar vasitəsilə ölkəmizə Zəfər qazandıran döyüşləri təxəyyülündə canlandırır.

Zəfərimizi həzm edə bilməyən qüvvələr hər zamankı kimi Hərbi Qənimətlər Parkına da siyasi don geyindirməyə çalışdılar. Daha dəqiq desək, bu kompleks Azərbaycan və onun tərəfdaşı olan ölkələr üçün qürur yeri olduğu halda, düşmən üçün göz dağına çevrildi. Hələ müharibə başlamazdan əvvəl “tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyən rəsmi İrəvan Bakıda belə bir parkın yaradılmasını özünə təhqir kimi qəbul etdi. Həmçinin beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliyi” haqqında müraciətlər də ünvanladı. Şübhəsiz, düşmənin bütün bu cəhdləri əbəs idi. Ermənistan tərəfi Qarabağı zorla işğal etməyin acı nəticələri barədə öncədən düşünməli idi. Ölkəmizə qarşı öz qərəzi ilə fərqlənən güclər dərk etmədilər ki, onların qarşısında minlərlə qəhrəmanlıq səhifəsi olan bir xalq, bir dövlət və Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır. Ermənistan İkinci Qarabağ müharibəsində üzləşdiyi ağır məğlubiyyətin səbəbini təhlil etməli və anlamalıdır ki, dünyada haqqı tapdalamaq, başqa xalqın ərazisini, mədəni sərvətini talamaq yolverilməzdir.

Sonda isə onu qeyd edək ki, Hərbi Qənimətlər Parkı yenidən müharibə fikrinə düşənlər, eyni zamanda onlara havadarlıq edənlər üçün göz dağıdır.

Nəzrin ELDARQIZI,

“Respublika”.