DAYAQ...
Türk dünyası

DAYAQ...

Ağır depremlə əlaqədar

qardaş Türkiyəyə və

onun qüdrətli Prezidenti

sayın Rəcəb Tayyib ƏRDOĞANA Allahdan böyük güc və səbir,

itirilmiş həyatlara rəhmət diləyirəm.

 

Bu acı xəbərdən odlandı canım,

hər kəsin gözündən qanlı sel gəlir,

qardaş, sizlərlədir Azərbaycanım,

gərəksə yardıma bütün el gəlir!

 

Gördük qeyrətini Qarabağımda,

axı, səndən başqa kimə güvənim?

Murov, Savalan da, Ağrı dağım da

sənin də, mənim də qədim Vətənim.

 

O qədər dözülməz dərdlər görmüsən -

dəf olur; buna da yetəcək gücün!

Olmaya torpağın qəzəbi coşur

dağılan dünyanı ayıltmaq üçün?

 

Bəlkə deyəcəksən: "Nə söyləyirsiz?!",

deprem də dağıdan, hərb də dağıdan!"

hamımız birləşsək, yetər gücümüz;

dünya hifz olunar hər cür bəladan.

 

Sırtını qardaşın sırtına vermiş,

əyilməz hökmünə gələn bəlanın,

o dəfə Bakıda Ərdoğan demiş:

"Özgə kimimiz var?, qadanı alım..."

Vahid ƏZİZ,

Xalq şairi.