Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası - FIA Baş Assambleyasının illik yekun iclası keçirilib.
Sosial həyat

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası - FIA Baş Assambleyasının illik yekun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov qonaqları salamlayıb.

Anar Ələkbərov FIA Baş Assambleyasının və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

"Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər təşkil edir, digər layihələr həyata keçirir", - deyən federasiya prezidenti ölkəmizin 2016-cı ildən etibarən Formula 1 yarışlarına ev sahibliyi etdiyini xatırladıb. Bakı şəhərinin gözəl küçələrində Formula 1 yarışının uğurla keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. O cümlədən Bakıda FIA həftəsinin uğurlu və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq ifadə edilib.

FIA həftəsi çərçivəsində paytaxtımızda bir araya gələn dünyanın müxtəlif ölkələrinin avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları, ümumilikdə 128 ölkənin nümayəndəsi, 189 klubun təmsilçisi, həmçinin onlayn şəkildə tədbirə qoşulan iştirakçılar dekabrın 5-dən fərqli formatlarda avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər.

Bakı müzakirələrinin səmərəsindən danışan Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed ben Sulayem bu cür mötəbər tədbirin FIA-nın işinə töhfə verəcəyini bildirib.

Müzakirələr zamanı səsvermələrin nəticəsi olaraq Baş Assambleyanın 2024-cü ilin iyunun 14-də keçiriləcək iclasının Özbəkistanın Səmərqənd şəhərində, gələn il dekabrın 13-dəki iclasının isə Ruandanın Kiqali şəhərində təşkil edilməsi təsdiqlənib.

FIA Baş Assambleyasının yekun iclasının sonunda FIA ailəsi Bakıdakı tədbirləri tarixi yaddaşa köçürəcək xatirə şəkli çəkdirib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed ben Sulayemə üzərində Bakının rəmzləri sayılan İçərişəhər, Heydər Əliyev Mərkəzi və Alov Qüllələrinin təsviri fonunda FIA loqosu olan xalça hədiyyə edilib.

Həmçinin Bakıda AAF tərəfindən məktəblilər arasında təşkil olunan yol hərəkəti təhlükəsizliyi ilə bağlı intellektual yarışın qalibləri mükafatlandırılıb.