Deputat: Qoy onlar Ermənistanın iç üzünü yaxşı görsünlər
Siyasət

Deputat: Qoy onlar Ermənistanın iç üzünü yaxşı görsünlər

Ermənilər daim öz çirkin niyyətlərinə nail olmaq məqsədilə türk xalqına qarşı nifrət ideologiyasını rəhbər tutaraq mərhələli və planlı şəkildə vəhşiliklər törədiblər. Təkcə 20-ci əsrin sonlarında ermənilər tərəfindən törədilmiş soyqırım, deportasiya, müharibə cinayətləri nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirildi, 1 milyondan artıq əhali qaçqın və məcburi köçkünə çevrildi. Onların törətdiyi vəhşiliyə misal olaraq, indiyədək Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb. Eyni zamanda avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.

Bu barədə deputat Azər Badamov "Respublika"ya bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşilklər insanlığa xas deyil və hər dəfə yeni bir məzarlıq aşkar olunda insanlarda bu topluma qarşı nifrət böyüyür:

“Birinci Qarabağ müharibəsindən bu günə qədər  Ermənistanın əsir və girov götürdüyü 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil. Ermənistandan bu insanların basdırıldığı ərazilər haqqında məlumat dəfələrlə  sorğulansa da təəssüf ki, hələ də bir cavabı olmayıb. Amma tikinti - qazıntı işləri aparılanda, belə ərazilər zaman-zaman üzə çıxr.  Torpaqlarımız işğaldan azad olunan 3 ilə yaxın bir dövrdə 500-ə yaxın insanın qətlə  yetirilərək basdırılıdığı ərazilər müəyyən olunub. Şuşa şəhərində aşkarlanmış növbəti belə ərazidə çirkab suların axıdıldığı quyuda tapılan 17 şəxsə məxsus sümüklər aşkarlandı. İlkin müşahidələrdən məlum olub ki, bu şəxslərə qarşı  insanların ağlına gəlməz vəhşilklər törədilib”.

Millət vəkili həmçinin qeyd edib ki, bu, erməni toplumunun cinayətkar mahiyyətini bir daha sübut edir:

“Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə belə kütləvi məzarlıqlar və insanların atıldığı quyular müşahidə olunmaqda davam edəcəkdir. Çünki bu gün taleyi məlum olmayan əsirlikdə və girovluqda hesab olunan 4 min azərbaycanlıya qarşı eyni vəhşiliklər işlədilib. Biz bu faktları video və fotosübutlarla əsaslandırılmış şəkildə  beynəlxalq təşkilatlara, o cümlədən ermənilərə dayaq dayanan Fransa başda olmaqla, digər ölkələrin rəsmilərinə göndərməliyik. Laçın yolunu bağlamaqda Azərbaycanı ittiham edənlərin və  Xaçaturyanın azad olunmasını istəyənlərin gözünə bu faktları soxmalıyıq. Azərbaycanlılar ermənilərə qarşı belə vəhşilklər heç vaxt işlətməyib. Qoy onlar Ermənistanın iç üzünü yaxşı görsünlər və Azərbaycana qarşı qərarlar qəbul edəndə vicdanları  bir az oyanarsa, heç olmasa özləri özlərindən utansınlar.  Bu dəlillər və faktlar informasiya mübarizəmizdə əsas silahımız olmalıdır. Biz bütün dünyaya erməni vəhşilklərini tanıtmalı və bu millət haqqında real fikir formalaşdırmalıyıq”.

Röya RÜSTƏMLİ,

“Respublika”.