Dostluq, qardaşlıq yolu
Sosial həyat

Dostluq, qardaşlıq yolu

2007-ci il noyabrın 21-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli qoyulub

1993-cü ildə Türkiyə Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana dəstəyi çərçivəsində Ermənistanla sərhədi bağladı və bununla da Qars-Gümrü-Tbilisi dəmiryolu da fəaliyyətini dayandırdı. Elə həmin il Azərbaycanla Türkiyə arasında bağlanan bu yola alternativ olaraq Gürcüstan üzərindən dəmiryolu xəttinin çəkilişi məsələsinin müzakirəsinə başlanıldı. Tikintiyə dair razılaşma üç ölkə arasında 2005-ci ilin yanvarında imzalandı, lakin maliyyə çatışmazlığı layihənin gerçəkləşdirilməsinə əngəl yaratdı. O zaman ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə bu layihəyə qarşı çıxdılar və tikintinin maliyyələşdirilməsindən imtina etdilər. Onlar Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi əvəzinə, Qars-Gümrü-Tbilisi dəmir yolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycanla Ermənistan arasında olan münaqişəyə görə bu tələblər rədd edildi və  dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürdü. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verdi.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 2005-ci ilin may ayında keçirilən açılış mərasimində hər üç ölkənin prezidenti yeni dəmir yolu xəttinin tikintisində maraqlı olduqlarını bir daha bildirdilər. 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin təməli qoyuldu. Qeyd edək ki,  dəmir yolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaat servis" şirkəti həyata keçirməli idi və xəttin ümumi  dəyəri 80 milyon dollar təşkil edirdi. Layihənin 2009-cu il oktyabrın 1-nə qədər yekunlaşdırılması nəzərdə tutulurdu. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin  Türkiyə ərazisindəki 76 kilometrlik hissəsinin tikintisi üçün 345 milyon dollar həcmində məbləğ müəyyənləşdirilmişdi. 2008-ci il iyulun 24-də Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.

Ümumiyyətlə, Poti-Tbilisi-Bakı dəmir yolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılmışdı və o vaxtdan Cənubi Qafqazın əsas  dəmir yolu olaraq qalırdı. Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər uzanan qolun (Qars-Gümrü-Tbilisi dəmir yolu) tikintisi 1899-cu ildə  tamamlansa da, Ermənistanla Türkiyə arasında münasibətlərin pisləşməsi səbəbindən bu dəmir yolu bağlı qaldı. 1986-cı ildə Marabdadan Axalkalakiyə dəmir yolu xətti çəkildi. Lakin sonrakı illərdə bu dəmir yolundan istifadə olunmadı.

"Dəmir İpək Yolu" adlandırılan, Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsilə həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsi yenidən bərpa olunmalı idi. Layihəyə əsasən, Qarsdan Gürcüstanın Axalkalaki şəhərinədək olan 105 kilometrlik hissənin çəkilməsinə 450  milyon dollar sərmayə qoyulması nəzərdə tutulurdu.

Proqnozlara görə, Bakı-Tbilsi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq, bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaqdı, bu isə regionda turizmin inkişafına güclü təsir göstərəcəkdi. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Belə ki, bu yol istifadəyə verildikdən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki dəfəyədək azalmalı idi.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdəki çxışında deyib: "Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, əlbəttə, bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icara edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə Orta Dəhliz layihəsinin ən önəmli mərhələsinin başa çatmış olduğunu, beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu bəyan etdi: "Qətiyyətimizin və uzaqgörənliyimizin  əsəri olan  bu layihə hamımızın birgə uğurudur. Azərbaycanlı qardaşlarım "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir" deyirlər. Məhz bu baxımdan, bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmlidir. Ölkəm və xalqım adından layihənin bütün bölgəmiz və bütün xalqlarımız üçün xeyirli olmasını Allahdan arzu edirəm".

Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı qısa film nümayiş olundu. Filmdə layihənin icrasına başlandığı vaxtdan görülən işlər, onun texniki-iqtisadi əhəmiyyəti, region və dünya üçün önəmi haqqında danışılırdı. Sonra dövlət və hökumət başçıları  Bakı-Tbilisi-Qars dəmir yolunun çivlərini vurdular və yol dəyişən qurğunu işə saldılar. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı. Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasına yola düşdülər...

Zümrüd QURBANQIZI,

"Respublika".