Qarabağ və Şərqi Zəngəzur: sənaye parkları məşğulluğu təmin edəcək
Sosial həyat

Qarabağ və Şərqi Zəngəzur: sənaye parkları məşğulluğu təmin edəcək

Erməni işğalının ağır nəticələri Ağdamda çox dəhşətli bir mənzərə yaradıb.  Ermənistan Qarabağın tarixi mərkəzini tamamilə məhv edərək böyük bir şəhəri yer üzündən silib, Ağdamda ekosid törədib.  Düşmənin vəhşiliyi bu qədim şəhəri Qafqazın Xirosimasına çevirib. Ermənistan üzərində tarixi qələbədən sonra Ağdam yenidən tikilir, bu qədim diyarın gözəl günləri başlayıb.  30 ilə yaxın Ermənistanın xunta rejiminin və erməni faşistlərin xarabalığa çevirdikləri Ağdam şəhəri demək olar ki,  bünövrədən yenidən tikilir. Qələbələrimizin memarı,  Qarabağ fatehi, Qalib Ali Baş Komandan İlham Əliyev 2021-ci il mayın 28-də Ağdamda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra şəhərin təməl daşını qoydu. 28 may həm də Ağdam şəhərinin ikinci ad gününə çevrildi. Keçmiş məcburi köçkünlərin ləyaqətli qayıdışı və iş yerlərinin yaradılması istiqamətində nəhəng infrastruktur layihələr icra olunur.

Ağdam Sənaye Parkı dövlətimizin başçısının  28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir. Sənaye parkının təməlqoyma mərasimindən iki ildən artıq vaxt ötür. Bu müddət ərzində görülən işlərin həcmi kifayət qədər böyükdür, bölgənin dirçəldilməsində müstəsna əhəmiyyəti olan sənaye parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda əraziyə 10 kv-luq elektrik xətti çəkilib və transformator məntəqələri quraşdırılıb.  Qeyd edək ki, işğaldan azad olunduqdan sonra ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Yüzlərlə iş yeri olacaq sənaye parkının əsas istiqamət kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı,  eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye parkının ərazisinə dəmiryolu xəttinin  çəkilməsi üçün  hazırlıq işləri görülür. Xatırladaq ki,  indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb.  Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var.  Bu investorlar Parka 176 milyon manatdan çox vəsait qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı nəzərdə tutublar.  Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir. Uğurla həyata keçirilən infrastruktur layihələrin icrası nəticəsində Ağdam qarabağın sənaye mərkəzinə çevriləcək.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğalçılardan  azad etdi, düşmən məhz Cəbrayılda bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu çətin maneələri yarıb keçmək çox böyük qəhrəmanlıq tələb edirdi. Müzəffər Ordumuzun gücü və peşəkarlığı qarşısında düşmən tab gətirə bilmədi, güvəndikləri istehkamlar başlarına uçuruldu, çoxlu sayda canlı qüvvəsini itirən işğalçılar bu torpaqlardan əbədi qovuldular. 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan azad edildi və bu qələbə hərb tariximizdə əbədi qalacaqdır. Yeri gəlmişkən, şanlı ordumuzun 2016-cı ildə ilk qələbəsi də Cəbrayılda baş verib. Həmin vaxt rayonun Cocuq Mərcanlı kəndi erməni əsarətindən azad edilib,  bir neçə strateji yüksəklik silahlı qüvvələrimizin nəzarətinə keçib. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilən torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlayıb.  Dövlət qayğısı sayəsində burada yeni və müasir qəsəbə salınıb, cəbrayıllılar burada rahat və asudə yaşayırlar.  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir və bu nəhəng işlər sürətlə aparılır. Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisinə dəmiryolu xətti çəkilməsi nəzərdə tutulub, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. 200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb.  Parkın 5 rezidenti,  1 qeyri-rezidenti var. İnvestorlar Parka 33 milyon manata yaxın vəsait qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyirlər. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.

Qeyd edək ki, bütün bu işlər çox çətin şəraitdə aparılır. Otuz ilə yaxın işğalda saxladığı əraziləri başdan-başa minalarla çirkləndirən Ermənistan üçtərəfli Bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün möhlət aldığı müddət ərzində də torpaqlarımıza minalar basdırmaqla öz çirkin niyyətindən əl çəkmədi. Xain düşmənin basdırdığı minalar yüzlərlə dinc sakinin və hərbiçinin ölümünə səbəb oldu, onlarla insan isə şikəst qaldı. Ona görə də əhalinin,  infrastruktur və istehsal obyektlərinin,  kənd təsərrüfatı təyinatlı ərazilərin,  həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi üçün minalardan təmizlənmə işləri davam etdirilir. 2020-ci ilin noyabr ayından başlayaraq Qarabağda və Şərqi Zəngəzurda hava limanlarının,  avtomobil və dəmiryollarının tikintisi işlərinə başlanılıb,  bölgədəki müxtəlif yaşayış məntəqələri arasında,  eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılır. İşğaldan azad edilmiş ərazilərdə enerji təsərrüfatının yenidən qurulması və bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi, doğma yurd yerlərinə qayıdan əhaliyə layiqli həyat şəraitinin yaradılması üçün elektrik,  su,  qaz,  istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla,  icra olunur.  Uğurlu işlər ümid verir ki, Qarabağ və Şərqi Zəngəzur ən yaxın zamanlarda əsl cənnətə çevriləcək, insanlar doğma yurd yerlərində asudə və rahat yaşayacaqlar.

Salman ALIOĞLU,

"Respublika".