Dövlət qayğısı fermerləri razı salır
Region

Dövlət qayğısı fermerləri razı salır

Respublikamızda son 20 ildə taxılçılıq diqqət mərkəzində saxlanılır və bu sahənin inkişafı üçün qəbul olunan Dövlət proqramları uğurla həyata keçirilir, yüksək nəticələr qazanılır. Ölkədə taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə artaraq 3 milyon tonu keçib. Bununla yanaşı, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb. Dövlət tərəfindən aqrar sahənin inkişafına göstərilən bu diqqəti və qayğını yüksək dəyərləndirən fermerlər məhsul istehsalını ilbəil artırmaqla təsərrüfatlarını genişləndirməyə çalışırlar.

Ağsu rayonunun Qaravəlli kənd sakini fermer Niyaməddin Dəmirov bildirdi ki, dövlətin aqrar siyasətini dəstəkləməklə ona əməli işimizlə cavab verməyə çalışırıq. Xeyli müddətdir ki, 8 qardaş pay torpaqlarımızı birləşdirərək bir təsərrüfatda çalışırıq. Böyük qardaşımızın rəhbərliyi sayəsində məhsuldarlığı artırmaqla təsərrüfatımızı genişləndirir, əkinçilik və heyvandarlıqla məşğul oluruq.

Şamaxıda fermerlərlə keçirilən görüşdə iştirak etdik və kreditlə bağlı məsələ qaldırdıq. Problemimiz qısa vaxt ərzində həll olundu, 5 faizlik güzəştlə bizə 50 min manat pul ayırdılar. Yemçəkən avadanlıq və traktor aldıqdan sonra işlərimiz qaydasına düşüb. Belə ki, müvafiq lazımi texnikaları almaq üçün nəzərdə tutulan nağd pul olmadığından dövlətin dəstəyindən yararlandıq. Kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizini dövlət qarşılayır, 20 faizini verməklə qalan 40 faizi 5 ilə ödəyəcəyik. Hazırda ayda 80 manat ödəyirik. 3 ildən sonra isə aldığımız pulu hissə-hissə ödəməyə başlayacağıq. Fermer olaraq bu bizə sərf edir. Dövlətin qayğısından tam razıyıq.

Heyvandarlığa 30 iribuynuzlu mal-qara ilə başladıq və indi onun sayını xeyli artırmışıq. Kökəldib 160-170 kq olandan sonra satırıq. Bu, əziyyətli iş olsa da, çox sərfəlidir. Baytar həkimlər mal-qaraya lazımi vaksinləri vurur və müalicə edirlər. Özü də hamısı pulsuz həyata keçirilir. Bütün heyvanlar qeydiyyata alınaraq nəzarətdə saxlanılır.

Ağsulu fermer heyvanları özü sərbəst şəkildə alır və bildirdi ki, xaricdən gətirilən heyvanlar əksər hallarda yerli iqlimə uyğunlaşmır. Çünki rayonumuzda havalar çox isti olur. Bu səbəbdən də Şamaxıdan, Bərdədən və digər rayonlardan heyvan alırıq.

Fermer N.Dəmirov 43 hektar sahədə əkinçiliklə də məşğul olur. Qeyd etdi ki, əkinçiliklə maldarlıq zəncirvari olduğundan işlərimizi tam rahatlıqla qaydasına sala bilirik. Bizdə ərzaqlıq və yem üçün də buğda olur. Əsasən isə arpa əkirik. Mal-qara üçün qarışıq yem hazırlayırıq və bu da öz faydasını verir.

Hazırda işlərinin qaydasında getdiyinə toxunan fermer bildirdi ki, suvarmada heç bir problemimiz yoxdu. Əvvəlki illərlə müqayisədə son 2 ildə görürəm ki, işlər qaydasına düşüb. Sığorta da öz təkanını verir. 8 hektar sahəni icarəyə götürmüşük. Süd istehsalı ilə də məşğul oluruq və məhsulu əsasən rayon camaatına satırıq. Fermer süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat subsidiya verildiyini deyərək təkliflərini də açıqladı. Bildirdi ki, güzəştli kreditlərin genişləndirilməsi və sadələşdirilməsi yaxşı olar və bununla da fermerlərin sayı artar.

Bu gün aqrar sahədə çalışanlara dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Hər hektara 220 manat subsidiya ödənilir. İki dəfə əkin oldusa, ona da subsidiya nəzərdə tutulur. V.Dəmirov qeyd etdi ki, biz bu il taxılı biçəndən sonra 8 hektar sahədə qarğıdalı əkməyi nəzərdə tutmuşuq. Ona da əlavə olaraq 100-120 manat subsidiya veriləcək. Hətta bəzi hallarda aqrar mərkəzin əməkdaşları təkrar əkini özləri təklif edərək lazımi məsləhətlərini də verirlər.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika" .