Siyasət

"Dünya siyasətinin laboratoriyası" -  Münxen Təhlükəsizlik Konfransı

Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildə "Internationale Wehrkunde-Begegnung" adı altında Ewald von Kleist tərəfindən yaradılıb. Sonradan adı Münxen Təhlükəsizlik Konfransı olaraq dəyişdirilib. Toplantılarının məqsədi təhlükəsizlik siyasəti sahəsində səlahiyyətliləri bir araya gətirmək və İkinci Dünya müharibəsi kimi hərbi münaqişələrin qarşısını almaq məqsədilə müzakirə platforması təklif etmək idi.

Almaniyada təşkil olunan bu konfrans hazırda beynəlxalq təhlükəsizlik siyasətində aparıcı rol oynayır. Bu səbəbdən də onu "dünya siyasətinin laboratoriyası" adlandırırlar. Konfranslar ənənəvi olaraq hər ilin fevral ayında keçirilir. Toplantıda dünyanın dörd bir yanından dövlət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri, hökumət rəsmiləri, hərbi liderlər, parlament üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbərləri, akademiklər, ekspertlər bir araya gəlir. Keçirilən görüşlərin əsas məqsədi hazırkı və gələcək təhlükəsizlik məsələləri ilə bağlı intensiv və faydalı debatların keçirilməsidir.

Münxen siyasətçilər və ekspertlər üçün günümüzün və gələcəyin ən aktual təhlükəsizlik problemləri ilə bağlı konstruktiv və açıq müzakirələr aparmaq üçün müstəqil bir məkandır.

Münxen Konfransının yekununda bəyannamə dərc etmək məcburiyyətinin olmaması da açıq müzakirə mühitini dəstəkləyir. Onun əhəmiyyəti yalnız konfransın rəsmi sessiyaları ilə məhdudlaşmır. Konfrans çərçivəsində çoxsaylı ikitərəfli və özəl görüşlər keçirilə bilər. Razılaşa bilməyən ölkələrin rəhbərlərini, hətta döyüşən tərəfləri belə bir araya gətirə biləcək ikinci bir platforma isə yoxdur. Bütün bu amillər Münxen Təhlükəsizlik Konfransının keçirilməsini zəruri edir.

Avratlantik təhlükəsizlik məsələləri üzrə ən böyük forum hesab edilən Münxen Təhlükəsizlik Konfransında həmin dövrün ən vacib problemi ümumi müzakirəyə çıxarılır. Keçirildiyi 60 il ərzində Avropadan Afrikaya qədər bütün qitə ölkələrinin problemləri bu platformada müzakirə olunub. Münaqişələrin bütün tərəfləri konfransa dəvət olunaraq aralarında konsensusa nail olunmaq hədəflənib. Münxendə ən çox müzakirəyə çıxarılan məsələlərdən biri Rusiya-Ukrayna gərginliyidir. 2014-cü ildə Krımın ilhaqı konfransın prioritet mövzusu olub, Rusiyaya bununla bağlı çağırışlar edilib. Ötən il də Ukraynadakı müharibənin başlamasından 6 gün əvvəl, yəni fevralın 18-də fəaliyyətə başlayan Münxen konfransında da məhz bu vəziyyət müzakirə olunub. Sayca 58-ci toplantının diqqətçəkən məqamı Moskvanın iştirakdan imtina etməsi idi. Kremlin siyasi "rəqibi" statusunda çıxış edən qütb isə konfransda daha geniş heyətlə təmsil olunurdu. Konfransın sədri Volfqanq İşinqer Rusiya Prezidenti V.Putini videokonfrans vasitəsilə dünya liderləri ilə danışaraq öz mövqeyini bildirməyə dəvət etsə də, onun bu çağırışı cavabsız qalmışdı. Sözsüz ki, builki konfransın da əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olub.

İranla bağlı məsələ də diqqət mərkəzində olub. Tehranın yüksək səviyyəli rəsmilərinin dəvət olunmadığı tədbirə müxalifət liderləri dəvət olunub. İranın sonuncu şahının oğlu Rza Pəhləvinin beynəlxalq konfransa çağırılması isə molla rejiminin qərb tərəfindən devriləcəyinin mesajı kimi qəbul edilib. Bundan əlavə, İranın uranı zənginləşdirməsi məsələsi də gündəmdə olub. 2015-ci ildə Tehran nüvə ilə bağlı danışıqları dayandırdıqdan sonra da Münxen Konfransı bu məsələyə həsr olunmuşdu, builki iclasda da İranın uranın zənginləşdirməsinin 90 faizə yaxınlaşması ilə bağlı çağırış edilib.

Qarabağ məsələsi, eləcə də Azərbaycan-Ermənistan münasibətləri də Münxen Təhlükəsizlik Konfransında xeyli müzakirə olunan mövzulardan biridir.

2020-ci il fevralın 15-də Münxen Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında strateji debat keçirildi. Bu debat Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazıldı, Münxendə Prezident İlham Əliyevin siyasi təcrübəsi, rəqibi çıxılmaz vəziyyətə salan sərrast cavabları, çevik məntiqi və rasional-effektiv nitqi ilə dünya ictimaiyyəti Azərbaycanın ədalətli, baş nazir Nikol Paşinyanın qeyri-səlis, məntiqsiz, savadsız, təcrübəsiz çıxışı sayəsində Ermənistanın haqsız, təcavüzkar tərəf olduğuna bir daha şahidlik etdi.

"Dağlıq Qarabağ ordusu" anlayışı yoxdur. "Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa o zaman hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin". Bu, Azərbaycan dövlət başçısının Münxen Konfransı formatında erməni yalanlarını ifşa etdiyi, tarixi və müasir həqiqətlərə dair mükəmməl çıxışının cüzi bir hissəsidir.

Münxenə gəldiyinə peşman olan Paşinyan isə Prezident İlham Əliyevin dəmir məntiqi, yüksək intellekti və peşəkar danışıq tərzi qarşısında aciz duruma düşmüş, özünü itirmiş və faktiki olaraq özünü ifşa etmişdi. Beləliklə, Münxen Konfransı ilə Azərbaycanın Qarabağ müharibəsindəki tarixi zəfərinin başlanğıc nöqtəsi qoyuldu. Bir sözlə, Münxendən başlanan siyasi-diplomatik zəfər 2020-ci il noyabrın 10-da Ermənistanın hərbi kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

Builki, yəni 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində də dövlət başçısı İlham Əliyev 30 illik işğal və postmünaqişə dövründə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə bir daha tədbir iştirakçılarına geniş məlumat verdi. Dövlət başçısı diqqətə çatdırdı ki, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində qurulmalıdır. Eyni zamanda, ölkə başçımız Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu da açıqlayıb. Lakin bunun Rusiya vətəndaşı Vardanyanın Azərbaycan ərazisini tərk edəcəyi təqdirdə reallaşacağını deyib.

Bütövlükdə, konfransın gündəliyini və gedişatını təhlil etdikdə bir daha əmin oluruq ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti Zəfəri oldu. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada dövlətimizin nüfuzunun və gücünün artırılması istiqamətində gərgin diplomatik fəaliyyətinin növbəti uğuru Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə bir daha təsdiqləndi.

Jalə QASIMZADƏ,

"Respublika".