Əbədiyaşar şəxsiyyət
Sosial həyat

Əbədiyaşar şəxsiyyət

Ağdam rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa təşkil edilib. İdarə, müəssisə, təşkilatların nümayəndələri və rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək bildirib ki, görkəmli siyasi xadim Heydər Əliyev birinci və ikinci hakimiyyəti illərində tez-tez respublikanın bölgələrinə səfərlər edər, əmək adamları ilə görüşərdi. Dahi şəxsiyyət Ağdam rayonuna həmişə daha çox diqqət və qayğı göstərib. Bu, heç də səbəbsiz deyildi. Ağdam ermənilərin sıx məskunlaşdığı keçmiş Dağlıq Qarabağla qonşu idi. Yaşlı nəsil xatırlayır ki, ulu öndərin qayğısı sayəsində ötən əsrin 70-80-ci illərində Ağdam rayonunun inkişafı çox sürətlə baş verib.

Qeyd olunub ki, Azərbaycanı dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qovuşan dövlətə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan respublikaya çevirən ulu öndər Heydər Əliyevin adı gələcək nəsillərin də qürur mənbəyi olcaq. Tədbirdə ulu öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasına üzv olan fəallara vəsiqələr təqdim olunub.

Salman ALIOĞLU,

"Respublika".